Həm sənət, həm həyat - ömür-gün müstəvisində...

O, həyatdadamı - rollarının birində dediyi kimi - “yavaş-yavaş yandı?” Yox, - həmin o “canlı yanğın”ın uğundurduğu hörmətli tamaşaçılar, yox! Haman o şanlı “səhnə-alov”a neçə illər səhnədə, neçə müddətdir də ki, ekranlarda sənət nəşəli qəşş suyu səpən bəşirsevərlər, xeyr!..

...Onun özünə sənət Məcnunu, oynadığı “özgə”lərə səhnə Leylisi kimi baxanlar, bünövrə-binə sarıdan dünyanın daha sivil azlarından gec, peşəkarlıq baxımından çoxlarından güc səhnəmizdə müxtəlif məcnunlar görsələr də, sözügedən bu aşiqi təkrarsız Füzuli Məcnunu bilənlər, elə deyil!..
Xəmiri tamamilə aktyorluq aktlarıyla yoğurulmuş bu sənətkar haqda bu təşbeh-“xəmir” çox su aparar - deyə, mətləbə keçibən deyək ki, bir çox keçmiş və indiki səhnə məcnunlarımız da gözəl, özəl, ali “dəli”, əla sevib-seviləndilər. Amma dərhal əlavə edək ki, onların çoxusu səhnə-sənət Məcnunluğuna Qeyslikdən gəliblərsə, Bəşir Səfəroğlu elə anadangəlmə Məcnun olub. Bəşir Səfəroğlu hər dəfə səhnəyə yalnız qrim-qırım fərqilə çıxıb. Bəşir Səfəroğlu hər dəfə səhnəyə rəngarəng həyati problemlərdən, gündəlik ictimai münasibət havalarından, sosial güzəran davalarından, mər-məişət “ədva”larından bax-bax indicə ayrılıb gəlirmiş kimi yox, bütün günü (ayı, ili) bax-bax bu an, bu saatca yaradacağı obrazın dramaturq qələmindən, rejissor mizan-düzənindən yayınmış xüsusiyyətlərilə “razborka”sını “çürüdüb” qayıdırmış kimi çıxırdı. Bəşir Səfəroğlu müəlliflərin səhnə “anklav”ları üçün qurub-quramaladıqları obraz və situasiyaları öz təkrarsız jestləri, füsunkar yumoristik-dramatik təbəssümləri, ecazkar qaş-göz eyhamları ilə avtoimitasiya, kompleks kompensasiya edib parter, amfiteatr, yarus tufanları yaradırdı.
Və onun son “rolu”nda - dünyadəyişim “avtoportret”ində də Məcnuni duyğulara yönəlik bir nüans vardı ki, bunu yazımın qurtarışına saxlayıram.

Hələ başlanış...

Yəni “Bəşir Səfəroğlu”nun “Bəşir Səfər oğlu Səfərov” dövrü. Bu, bütöv bir həyat dramıdır. Bədii dramaturgiyaya çətin gələsi, yazı-pozuya əl verməyəsi şəxsi dram. Bəşirin məşhurluqdan, xeyli dərəcə xoşbəxtlik qədər-qismətindən başını qaşımağa macal tapmadığı son dövrlərilə məşəqqətləri daşımağa güc tapmayan yeniyetməlik, gənclik dövrünün fərqini müqayisə etmək üçün “yer-göy” ifadələri də bəs etməz.
Hər dövrün rəngsiz, obrazsız sənəd dili ilə yazmalıyıq ki, o, 11 mart 1925-ci ildə Bakıda doğulub. Əlavə etməliyik ki, sonraların bu çəkili-şəkilli sənətkarının sənəd tarixçəsi təbəssümlü, gülüşlü, azad düşüncəli sənət üzünə yox, hirsli-hikkəli, yalan mayalı, rejim qaş-qabaqlı siyasət üzünə doğulub. Bir yandan da ictimai-sosial mənşə “maddə”si: ailə vəziyyətinin ağırlığı onu məktəbin yeddinci sinfindən uzaqlaşdırmalı olub. On dörd yaşında dolanışıq və repressiya mizanlarıyla süslənmiş həyat səhnəsindən sürücülər klubunun dram dərnəyi səhnəsinə qalxıb. On altı yaşında dünyanın faşizm dramına - müharibəyə yollanıb, kontuziya (1942) “təltifat”ı ilə geri qayıdıb.
İçi istedadla dolu bu gənc yeni faciə üfüqləri qarşısında; dil tutulub, qulaqlarsa çox ağır eşidir. Bəs nə etməli? Bir söz deyə və çığırtı-gumbultularından savay heç bir sözünü eşidə bilmədiyi bu dünyanın sənət-səhnə yarına necə qovuşmalı?
Bir müddət keçir, qulaqları, özü demişkən, “pıçıltılara yatmasa da, qıcırtıları antenalaya bilir”. Lakin sənət adlı yarı ilə bağlı dərdini izhar edəsi dil açılmır ki açılmır. Bir müddət yük maşını sürməli olur. Və sən demə, lalın dilini tək elə analar yox, yaxşı insanlar da bilirmiş: onun istedadına yaxşı bələd olan rejissor Niyaz Şərifov məsləhət görür ki, müntəzəm olaraq teatr tamaşalarına gəlsin və bir neçə ay sonra onu truppaya (“kəkələmə rollarına cəlb edilə bilər” ehtimalı ilə) aktyor qəbul edir. Yaradıcılıq ehtirası ilə alışıb-yanan Bəşir bu uğurdan bir qədər də həyəcanlanır, ömür “tamaşa”sının bu iztirablı, gərgin “ssenari”silə gedib-gəlir, yatıb-durur və bir gecə yuxuda necə bir zəlzələvi həyəcan yaşayırsa, oyanıb agah olur ki, dili açılıb! Həmin yuxu “dram”ının həyəcan kulminasiyası sayəsində o günə qədərin bu adi Bəşiri qeyri-adi Bəşir Səfəroğlu erasına başlayır...

Özü də necə!..

Yəni, adicə “başlayır” sözünü çoxlarına, hətta hamıya aid işlətmək mümkün. Bu, onun “yavaş-yavaş yandı” sözlərini söyləməsi sayaq - su içimi kimi bir şey. Amma bəs, bunu söylərkən onun üzündə gördüyümüz yüzdə-mində birə məxsus orijinal aktyorluq elementlərinin, qeyri-adi “surəti-məhvəşləri”n hər oxucuya çatdığına necə əmin olasan? Yəni problem bu korifeyi sağ ikən görməmiş müasir oxucuya çatdırmaq üçün nədən və necə startlamaqda - onun başlamağı ilə ilgili mövzuya necə başlamaqdadır. O bu dünyaya valideynləri üçün bir “oğul-bala”, ölkə tamaşaçılarıçünsə, həmkarlarının təbirincə - “Allahın bəlası” kimi gəlibmiş. Fitri istedad ləbaləb, sənətə sevgi siləbəsilə, aqil-qabilliyi zəki-zəki, istedad ətəyi tökü-tökü və... o dövr vurğunlarından (o vaxtlar “fanat” termini “kəşf” olunmamışdı) birinin dediyi kimi - “üzündə şeytan tükü”... (Görəsən, bu an üç nöqtənin eyham-ehtiva qapsamında onun daxili sənət aləminin “bədənnüma” aynası olan sir-sifətini bütün cizgilərilə xatırlaya bilənlər də oldumu?). Deyim ki, o dövrün “B.S. vurğunları”ndan birinin bu sözünü havayıdan xatırlatmadım; Bəşir Səfəroğluya elə-belə - yəni müəlliflərin (dramaturq və rejissorun) və hətta özünün mizan-düzən, yumor-mumor qatqarı qatmadıqları məqamlarda da baxanda adamın gülməyi gəlirdi. Bu sirrin “iksir”ini tapmaqda aciz olan Allah bəndələri (xalq) isə aldığı hədsiz ləzzəti, qaldığı qədərsiz heyranlığı ömrü uzunu hüzn-hüzrdə “min-əş şeytani-rəcim” deyə lənətlədiyi (bu halda “sevdiyi”) abstrakt varlığın hipnozi tükü ilə bağlayır.
İndi, lənət şeytana, şərti proloqumuz belə alındısa, epiloqumuz necə olacaq? Cəmisi qırx dörd il yaşamış bu “gənc”in yaradıb-yaşatdığı yüzlərlə uzunömürlü rolları - ağızdolusu müzakirəsi neçə-neçə “dəyirmi stol” ətrafına sığışmayası obrazları bu dördkünc qəzet səhifəsi “məclis”inə necə toplayıb, necə bəhs açmalı? Öz saya fikirlərini o obrazların rəngarəng təsir-təlqin dalğalarına nə tövr qatmalı? “Durna”dakı Uzun - Qoşun höcətləşməsinə - “vur-vurum!” kimi muz-“müharibə”lərə baxıb necə qəşş etməməli? Ustadlıqla yaratdığı “həm ciddi, həm şən” - guya eleqant alim, amma cılxa pedant Gülümsərov ikən öldürücü bir sifət alıb dediyi: “Məni bu işə vadar edənlər tarix qarşısında cavab verəcəklər!” - “vəsiyyət”ini necə göyərtməli?..
Yox, deyəsən, səhnəmizin əbədi ulduzlarından olan Bəşir Səfəroğlunu da bir qədər “trafaret-təqdimat” formatında təqdim etmədəyəm. Belədə - heç olmasa bir neçə obrazının adını sadalayım: “Beş manatlıq gəlin”də Möhsün, “Keto və Kote”də Qaradavoy, Çiko, “O olmasın, bu olsun”da Məşədi İbad, Qoçu Əsgər, “Durna”da Uzun, “Ulduz”da Gülümsərov, Qədir, “Gözün aydın”da Səlyanski, Qəhrəman, “Mərdi-xəsis”də Hacı Qara, “Rəisin arvadı”nda Baləmi, “Milyonçunun dilənçi oğlu”nda polis rəisi, “Bizə bircə xal lazımdır”da Səbrəli, “Tacikfilm”in “Xoca Nəsrəddin”ində baş qəhrəman və sair və ilaxır və bu kimiləri... İnanın, əgər belə “modal” əlavə qəlibləri üç yox, yüz üç də olasıydı - hamısını sadalamağa dəyərdi. Çünki onun obrazlarının nə sayı bitəndir, nə sanbalı tükənən.

Və bu da “vəd”im...

Yuxarıda demişdim axı, onun “avtoportret”indəki Füzuli duyğularına, “ey Füzuli!” xitablarına yönəlik bir nüansa da toxunacağam. Özü də çox qısa şəkildə. Belə ki, bu sənət Məcnununun dünyadəyişiminə səbəb olan mərəz nadir azarlardan olduğu kimi, onun bunu qarşılaması da Məcnuni-Füzuliyanə olub. Son günədək səhnədən düşməyib, sürəkli alqışları, salonlardan atılan gül-çiçəkləri, replika-komplimentləri “mən ki bu gün-sabahlığam...” ovqatı ilə yox, “sənət əbədidir!” duyğuları ilə qarşılayıb. Gözü hərdən həkimlərə dikilərkən “Gəl, sanma Füzuli dərdini asan, ey təbib!” - ucalığıyla düşünüb. Duyğusal dostlarının, arif həmkarlarının söyləmələrinə görə, onu sevgi və ağrı dolu baxışlarla süzən doğmalarına baxarkən də özünü elə Füzulinin hikməti-mərdanəliyi üstdə kökləyirmiş: “...Rəhmət sənə ki, öldün, əfqanınla xəlqə əziyyət vermədin!..”

Tahir Abbaslı