Azərbaycan

12 mart 1906 - Xalq şairi, dramaturq, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rüstəm (Süleyman Əliabbas oğlu Rüstəmzadə, 1906 - 10.6.1989) Bakıda anadan olub. Böyük Vətən müharibəsi, Cənubi Azərbaycan mövzusunda əsərləri xüsusilə məşhurluq qazanıb. Kitabları: “Ələmdən nəşəyə”, “Gün o gün olsun ki...”, “İki sahil”, “Durna” (komediyalar), “Təbrizim”, “Azərbaycana gəlsin” və s. Azərbaycan SSR Ali Sovetinin sədri, Akademik Dram Teatrın direktoru, «Ədəbiyyat qəzeti»nin baş redaktoru olub.
12 mart 1933 - Xalq şairi Cabir Novruz (Cabir Mirzəbəy oğlu Novruzov, 1933 -12.12.2002) Xızı rayonunun Upa kəndində doğulub. Əsərlərində yüksək lirika ilə bərabər vətəndaş mövqeyi aparıcı xətt təşkil edir. Bir çox şeirlərinə populyar mahnılar (“Cavanlığım”, «Ey həyat, sən nə qəribəsən», “Tələbəlik illəri”, “Tələsin, insanlar” və s.) bəstələnib. Milli Məclisin deputatı (1995-2000) olub.

13 mart 1899 - Xalq artisti, aktyor Məmmədəli Hacı Heydər oğlu Vəlixanlı (Heydərzadə; 1899 - 12.4.1969) Bakının Fatmayı kəndində doğulub. “Görüş” filmində (Çayçı) çəkilib.
13 mart 1927 - Görkəmli aktyor, Xalq artisti Nodar Şaşıqoğlu (Nodar İzzətoviç Şaşıqoğlu; 1927 - 12.4.2013) Batumi şəhərində anadan olub. Moskva və Sankt-Peterburq teatrlarında çalışıb. «Azərbaycanfilm», «Mosfilm» və s. kinostudiyalarda işləyib. “Uzaq sahillərdə” (1958) filmində Mixaylo rolu ilə şöhrət qazanıb. “Əsl dost” (1959), “Bizim küçə” (1961), “Telefonçu qız” (1962) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. Azərbaycan Dövlət Rus Dram Teatrında çalışıb.
13 mart 1938 - SSRİ hökuməti bütün müttəfiq respublikaların məktəblərində rus dilinin icbari tədris olunması barədə qərar verib. Milli dilin məhdudlaşdırılması və ruslaşdırma siyasəti repressiyalarla müşayiət olunurdu.
13 mart 1928 - Tanınmış skripkaçı, Əməkdar artist Azad Həmzə oğlu Əliyev (1928 - 17.8.1994) anadan olub.
13 mart 1994 - Görkəmli aktyor və rejissor Həsən Abbasqulu oğlu Əbluc (22.4.1942, Təbriz - 1994) vəfat edib. Teatr, televiziya tamaşalarında, kinoda (“Dantenin yubileyi”, “Qanlı zəmi”, “Tənha narın nağılı”, “Ölsəm... bağışla”, “Pəncərə” (aktyor və rejissor) maraqlı obrazlar yaradıb.

14 mart 1919 - Satirik şair Əliqulu Qəmküsar (Əliqulu Məşədi Ələkbər oğlu Nəcəfov, 1880, Naxçıvan - 1919) Tiflisdə qətlə yetirilib. “Molla Nəsrəddin” jurnalının tanınmış müəlliflərindən olub.
14 mart 1938 - Xalq yazıçısı, dramaturq, ssenarist Anar (Anar Rəsul oğlu Rzayev) anadan olub. Roman ("Beşmərtəbəli evin altıncı mərtəbəsi") və povestlərin ("Ağ liman", "Əlaqə"), hekayə ("Keçən ilin son gecəsi") və pyeslərin (“Şəhərin yay günləri", "Adamın adamı"), 10-dan çox filmin ssenarisinin (“Gün keçdi”, “Dədə Qorqud”, “Təhminə”, “Otel otağı”, “Cavid ömrü” və s.), şeir, tərcümə, publisistik məqalələrin müəllifidir. Bir neçə filmə ("Dantenin yubileyi", “Uzun ömrün akkordları”, “Qəm pəncərəsi”) quruluş verib. 1991-ci ildən Azərbaycan Yazıçılar Birliyinin sədridir, 1995-2005-ci illərdə Milli Məclisin deputatı olub. “İstiqlal” ordeni, Heydər Əliyev Mükafatı ilə təltif olunub.
14 mart 1938 - Tanınmış ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Samət Qüdrət oğlu Əlizadə (1938 - 31.2.2002) Xızı qəsəbəsində anadan olub.
14 mart 1992 - Məşhur şair, tərcüməçi Teymur Elçin (Teymur Süleyman oğlu Əliyev, 28.3.1924 - 1992) vəfat edib. Uşaqlar üçün çoxsaylı əsərlərin müəllifidir, rus dilindən uşaq ədəbiyyatı nümunələrini tərcümə edib. Respublika Televiziya və Radio Verilişləri Komitəsinin sədri, mədəniyyət nazirinin müavini işləyib.

Dünya

12 mart 1672 - İrland əsilli ingilis yazıçısı, maarifçi ədəbiyyatın banilərindən biri Riçard Stil (Richard Steele, 1672-1729) anadan olub.
12 mart 1685 - İngilis filosofu, subyektiv idealizmin tanınmış simalarından biri Corc Berkli (George Berkeley, 1685-1753) anadan olub.
12 mart 1728 - Alman rəssamı, klassisizmin tanınmış nümayəndəsi Anton Rafael Menqs (Anton Raphael Mengs, 1728-1779) anadan olub.
12 mart 1737 - Məşhur arxitektor, rus klassisizminin banilərindən biri Vasili İvanoviç Bajenov (1737-1799) anadan olub.
12 mart 1946 - Amerika aktrisası, müğənni, “Oskar” laureatı Layza Minnelli (Liza Minnelli) anadan olub.

13 mart 1838 - İtalyan yazıçısı, tarixi romanlar (“Spartak”) müəllifi Rafaello Covanyoli (Raffaello Giovagnoli, 1838-1915) anadan olub.
13 mart 1900 - Yunan şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1963) laureatı Giorgos Seferis (1900-1971) anadan olub.
13 mart 1906 - Rus rejissoru, ssenarist İsidor Annenski (1906-1977) anadan olub. "Azərbaycanfilm"də çəkilən “Telefonçu qız” filminin (1962) ssenari müəllifidir (Həsən Seyidbəyli ilə müştərək).
13 mart 1913 - Rus şairi Sergey Vladimiroviç Mixalkov (1913-2009) anadan olub. SSRİ-nin və Rusiyanın dövlət himnlərinin sözlərinin müəllifidir.

14 mart 1681 - Alman bəstəkarı, musiqişünas Georq Filip Teleman (Georg-Philipp Telemann, 1681-1767) anadan olub. 40-dək operanın müəllifidir.
14 mart 1804 - Avstriya bəstəkarı, skripkaçı, dirijor, “Vyana” valsının yaradıcısı Yohann Ştraus (Johann Strauss; 1804-1849) anadan olub. Üç oğlu (Yohann, Yozef, Eduard) da məşhur bəstəkar olublar.
14 mart 1823 - Fransız yazıçı və şairi, incəsənət nəzəriyyəçisi Teodor de Banvil (Theodore Faullain de Banville; 1823-1891) anadan olub.
14 mart 1933 - İngilis aktyoru, iki dəfə “Oskar” laureatı Maykl Keyn (Michael Caine - əsl adı Maurice Joseph Micklewhite) anadan olub.
14 mart 1941 - Alman əsilli Amerika kinorejissoru Volfqanq (Wolfgang) Petersen anadan olub. “Prezident təyyarəsi”, “Epidemiya” və s. filmlərin rejissorudur.

Hazırladı: Vüqar Orxan