Azərbaycan

15 mart 1878 - Maarif xadimi, şair Şeyx Məhəmməd Hacı Abdulla oğlu Rasizadə (1878 - 24.12.1939) Naxçıvanda anadan olub. Hüseyn Cavidin böyük qardaşıdır. Şeir və poemalar yazıb, Firdovsinin “Şahnamə”sindən parçaları dilimizə çevirib.
15 mart 1893 - Azərbaycan saz-söz sənətinin tanınmış nümayəndəsi Aşıq Şəmşir (Şəmşir Qurban oğlu Qocayev, 1893-1980) Kəlbəcər rayonunun Dəmirçidam kəndində anadan olub. Görkəmli el sənətkarı, şair Ağdabanlı Qurbanın oğludur.
15 mart 1893 - Aşıq İslam (İslam Qara oğlu Yusifov; 1893 - 7.12.1968) Göyçə mahalının Basarkeçər bölgəsinin (indiki Ermənistanın Vardenis rayonu) Nərimanlı kəndində doğulub.
15 mart 1897 - Xalq artisti, məşhur aktyor Ağasadıq Ağaəli oğlu Gəraybəyli (1897-1988) Şamaxıda anadan olub. “Bəxtiyar” (Ağabala Hüseynov), “O olmasın, bu olsun” (Rüstəm bəy), “Qızmar günəş altında” (Sərdarov) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
15 mart 1919 - Ədəbiyyatşünas, professor Qulamhüseyn Fətulla xan oğlu Beqdeli (1919-1998) Tehranda doğulub. Cənubi Azərbaycanda milli hərəkatın fəallarından olub. Şimali Azərbaycana mühacirətdən (1946) sonra 7 il Uzaq Şərqdə sürgün həyatı yaşayıb. AMEA-nın Ədəbiyyat İnstitutunda çalışıb. Nizami, Əvhədi, Nəvaidən tərcümələr edib.
15 mart 1923 - Tanınmış rəssam, Əməkdar incəsənət xadimi Nəcəfqulu Əbdülrəhim oğlu İsmayılov (1923-1990) anadan olub.
15 mart 1923 - Xalq artisti, aktyor Əkbər Hacı oğlu Qardaşbəyov (1923-2001) anadan olub. Naxçıvan teatrında çalışıb.
15 mart 1941 - Şair, tərcüməçi, publisist İsa Mustafa oğlu İsmayılzadə (1941 - 14.7.1997) Gürcüstanın Qarayazı (indiki Qardabani) rayonunda anadan olub.
15 mart 1941 - Şair, yazıçı, tərcüməçi Ələkbər Salahzadə (Ələkbər Baba oğlu Məmmədsalahlı; 1941 - 1.9.2013) Quba rayonunun Cimi kəndində anadan olub.

16 mart 1914 - Əməkdar incəsənət xadimi, rejissor Niyaz Səttar oğlu Şərifov (1914 - 15.5.1982) Bakıda doğulub. Dövlət Musiqili Komediya Teatrında çalışıb. “Ulduz” filminin ikinci rejissoru olub.
16 mart 1940 - Məşhur cazmen, pianoçu, bəstəkar, caz-muğamın yaradıcısı Vaqif Əziz oğlu Mustafazadə (1940 - 16.12. 1979) anadan olub. "Qafqaz" caz üçlüyünə, "Leyli" və "Sevil" vokal qızlar ansambllarına, "Muğam" instrumental ansamblına rəhbərlik edib. Beynəlxalq müsabiqə və festivalların (Tallin, Tbilisi, Monte-Karlo) laureatı olub.

17 mart 1905 - Şair, nasir, tərcüməçi Mikayıl Manaf oğlu Rzaquluzadə (1905 - 10.11.1984) anadan olub. Uşaqlar üçün çoxsaylı əsərlərin müəllifidir.
17 mart 1919 - Görkəmli aktyor, rejissor, Hüseyn Məmməd oğlu Ərəblinski (Xələfov; 1881-1919) qətlə yetirilib. Azərbaycanın professional teatr sənətinin banilərindən biridir. “Müsəlman artistləri” cəmiyyəti, "Nicat" teatr cəmiyyətində çalışıb. 1916-cı ildə "Neft və milyonlar səltənətində" filmində Lütfəli bəy rolunu oynayıb.
17 mart 1932 - Fəlsəfə elmləri doktoru Zümrüd Əliqulu qızı Quluzadə anadan olub. Hürufilik, Nizami, Nəsimi, Füzulinin fəlsəfi görüşlərinə dair tədqiqatların müəllifidir.

18 mart 1922 - Dramaturq Qeybulla İbadulla oğlu Rəsulov (1922 - 11.9.1988) Qax rayonunun İlisu kəndində doğulub. Pyesləri: "Günəşlə oyananlar", "Şəhərli oğlan", "Bir "Volqa" məhəbbət" və s.
18 mart 1943 - Xalq yazıçısı Mövlud Süleymanlı (Balakişiyev) Qərbi Azərbaycanda, Ermənistan SSR, Kalinino rayonunun Qızıl Şəfəq kəndində doğulub. “Köç” romanı, povest, pyes və ssenarilərin müəllifidir. Azərbaycan Dövlət Radiosuna rəhbərlik edib.

19 mart 1925 - Dövlət xadimi, yazıçı-publisist, maarifçi Nəriman Kərbəlayi Nəcəf oğlu Nərimanov (14.4.1870 - 1925) vəfat edib. Azərbaycanın Xalq Komissarları Şurasının sədri olub. 1922-ci ildən mərkəzi hökumətdə (SSRİ MİK) işləyib və Moskvada müəmmalı şəkildə vəfat edib. "Nadanlıq", “Şamdan bəy”, "Nadir şah", “Bahadır və Sona” və s. əsərlərin müəllifidir.
19 mart 1994 - Xalq artisti, bəstəkar, cazmen Rafiq Babayev (31.3.1936 - 1994) Bakı metrosunda (“20 Yanvar” stansiyası) terror hadisəsində həlak olub. "Cəngi" folklor-caz kollektivini yaradıb, “Anlamaq istəyirəm”, “Cin mikrorayonda” və s. filmlərə musiqi bəstələyib.

Dünya

15 mart 1830 - Alman yazıçısı, ədəbiyyat üzrə “Nobel” mükafatı (1910) laureatı Paul Heyze (Paul Johann Ludwig von Heyse, 1830-1914) anadan olub. Roman (“Əsrin uşaqları”, “Cənnətdə” və s.), novella, pyes və poetik topluların müəllifidir.
15 mart 1924 - SSRİ Xalq artisti, aktyor Vladimir Yakovleviç Samoylov (1924-1999) anadan olub. “Azərbaycanflim”də “İyirmi altı komissar”, “Ulduzlar sönmür” filmlərində çəkilib.
15 mart 1937 - Rus yazıçısı Valentin Qriqoryeviç Rasputin anadan olub. “Mariya üçün pullar”, “Yaşa və unutma”, “Yanğın” və s. romanların müəllifidir.

16 mart 1839 - Fransız şairi, ədəbiyyat üzrə ilk Nobel mükafatı (1901) laureatı Rene Sülli-Prüdom (Rene François Armand (Sully) Prudhomme, 1839-1907) anadan olub.
16 mart 1935 - Rusiyanın Xalq artisti, aktyor Sergey Yuryeviç Yurski anadan olub. “Azərbaycanfilm”in istehsalı olan “Dərviş Parisi partladır” (müsyö Jordan), “Şir evdən getdi” (ovçu), “Qorxma, mən səninləyəm” (pristav) filmlərində çəkilib.
16 mart 1940 - İtalyan kinorejissoru, dramaturq Bernardo Bertoluççi (Bernardo Bertolucci) anadan olub. Filmləri: “Konformist”, “Parisdə sonuncu tanqo”, “Sonuncu imperator” (1988, “Oskar”) və s.

17 mart 1901 - Amerika kino bəstəkarı, dirijor, aranjimançı Alfred Nyuman (Alfred Newman; 1901-1970) anadan olub. 9 dəfə “Oskar” mükafatı laureatı olub.
17 mart 1926 - Alman yazıçısı Ziqfriq Lens (Siegfried Lenz) anadan olub. “Çörək və tamaşa”, “Alman dili dərsi” və s. əsərlərin müəllifidir.

18 mart 1842 - Məşhur fransız şairi, simvolizmin banilərindən biri Stefan Mallarme (Stephane Mallarme; 1842-1898) anadan olub.
18 mart 1844 - Rus bəstəkarı Nikolay Andreyeviç Rimski-Korsakov (1844-1908) anadan olub. “Sadko”, “Qar qız”, “Motsart və Salyeri”, “Qızıl xoruz” operaları, “Şəhrizad” simfonik süitasının müəllifidir.

19 mart 1949 - Rusiyanın Xalq artisti, məşhur estrada müğənnisi Valeri Leontyev anadan olub. Mənşəcə mansi (azsaylı Sibir xalqı) milliyyətindəndir.
19 mart 1955 - Amerika aktyoru Brüs Uillis (Walter Bruce Willis) anadan olub. Filmləri: “Kriminal qiraət”, “Beşinci element”, “Altıncı hiss” və s.

Hazırladı: Vüqar Orxan