Güney Azərbaycanda soydaşlarımızın milli dəyərlərinin - dilinin, mədəniyyətinin, ədəbiyyatının öyrənilməsi və təbliğində tanınmış hüquqşünas, pedaqoq, şair, dilçi və ədəbiyyatşünas, professor Həmid Nitqinin mühüm xidmətləri olub.

Həmid Nitqi 1920-ci ildə Təbrizdə dünyaya göz açıb. İbtidai təhsilini məşhur maarifçi Mirzə Həsən Rüşdiyyənin məktəbində alıb, sonra Firdovsi liseyində təhsilini davam etdirib. Erkən yaşlarından ədəbiyyata böyük maraq göstərən Həmidin istedadını ilk olaraq müəllimi Həbib Sahir hiss edir və onda poeziyaya maraq oyadır. İlk şeirinin “Şahin” qəzetində dərc olunmasına da müəllimi köməklik göstərir.
Tehran Universitetinin hüquq fakültəsinə qəbul olunan H.Nitqi ədəbi yaradıcılığını da davam etdirir. Şeirləri və ictimai-tarixi mövzularda məqalələri dövri mətbuatda müntəzəm olaraq dərc olunur, hekayələr kitabı işıq üzü görür.
Folklorşünas Əli Şamil araşdırmasında yazır ki, 1942-ci ildə İranda milli azadlıq hərəkatı genişlənəndə bu fürsətdən yararlanan ziyalılar “Azərbaycan” adlı cəmiyyət yaradırlar. H.Nitqi cəmiyyətin mətbu orqanı olan “Azərbaycan” qəzetinə baş redaktor təyin olunur.
1943-cü ildə Türkiyəyə oxumağa göndərilən gənclərin arasında H.Nitqi də olub. İstanbul mühiti onun dünyagörüşünə və yaradıcılığına böyük təsir edir. O, hüquqşünaslıq sahəsində biliyini artırmaqla yanaşı, türk dünyasının ədəbi mühiti ilə də yaxından tanış olur. İstanbulda təhsilini başa vurur və dissertasiya müdafiə edərək hüquq doktoru elmi dərəcəsi alır. Sonra İrana qayıdaraq neft şirkətində ictimaiyyətlə əlaqələr bölməsində işləyir. Eyni zamanda şirkətin təsis etdiyi “Günün xəbərləri” qəzetinin baş redaktoru olur.
H.Nitqi elmi araşdırmalar aparmaq məqsədilə İngiltərə və Amerikaya göndərilir. 1962-ci ildə Tehrana qayıdır və neft şirkətində ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin edilir. Eyni zamanda Tehran Universitetində dərs deməyə dəvət alır və 25 ildən artıq burada çalışır. 1994-cü ildə universitet tərəfindən 25 illik səmərəli xidmətlərinə görə ona “Yeni ictimaiyyətlə əlaqələr elminin atası” titulu verilir.
O, uzun müddət doktor Cavad Heyətin rəhbərliyi ilə Tehranda nəşr olunan “Varlıq” dərgisinin baş yazarı olub. Jurnalda türkologiya, ədəbiyyatşünaslıq sahəsində yazıları, şeirlərlə çıxış edib.
Onun məqalələrində Azərbaycan dilinin tarixi, onun türk dilləri sistemində yeri, lüğət tərkibi və s. kimi mühüm məsələlərə toxunulur. “Zəngin yoxsullar” məqaləsində Azərbaycan dilinin işlənməsi, qrammatik qayda-qanunlarını dərindən, hərtərəfli öyrənilməsi məsələsini gündəmə gətirir. Güney Azərbaycanda yazı qaydaları, ədəbi-bədii dil məsələləri üzərində uzun müddət çalışır. “İmla qaydaları” adlı məqaləsini “Varlıq” jurnalının əlavəsi kimi nəşr etdirir. O, imla prinsiplərinə istinad etməklə ərəb əlifbasının özünəməxsusluğu əsasında Azərbaycan dilinin fonetik quruluşuna uyğunlaşdırılmış vahid bir sistem yaratmağa nail olur.
Elmi yaradıcılığını da davam etdirən alim “İdarəetmə və xalqla əlaqələr”, “Dünyanın ən güclü 25 qəzeti”, “Sosial əlaqələr üzərinə”, “İnandırma, təbliğat və reklamçılıq” və s. dərs vəsaitlərini nəşr etdirir.
H.Nitqinin bədii yaradıcılığı janr-üslub özünəməxsusluğu və dərin fəlsəfi məzmunu ilə diqqəti çəkir. “Kitabi-Dədə Qorqud” dastanından gələn sərbəst şeir ənənələri və simvolik üslub onun bir çox əsərlərinin səciyyəvi xüsusiyyətlərini təşkil edir. O, simvolizmdən hakim rejimdən sığortalanmaq üçün deyil, lirik-fəlsəfi çalarları oxucuya çatdırmaq üçün istifadə edir.
1989-cu ildə ilk dəfə Bakıya gələn şair həsrətli könüllərin xəlvəti görüş təəssüratlarını belə qələmə alıb:

Tarixin cövrünə,
Zamanın amansız seyrinə.
Əsrlik əsirlik dövrünə
“Yetər artıq dayan” deyilən meydanından yol aldıq.
Ağaran təzə bir səhərin
Sehrinə tutulduq və qaldıq...


Şairin bu məzmunlu şeirlərində dərin kədər hissi və birliyə, mübarizəyə çağırışlar səslənir. Müəllif “Ana dili - sevgili dil” şeirində qədim və zəngin mədəniyyətə, dövlətçilik ənənələrinə malik olan türk tayfalarının şanlı keçmişinə işıq salır:

Zəncirdə əsirkən, yenə də hürr ola bildik,
Dünyada baş olduqsa da, adil qala bildik.…
Sənətdə, ziraətdə, hünərdə əlimiz var,
Bax hər yana, hər guşədə bizdən neçə iz var.


H.Nitqi bu əsərində əsrlər boyu İranda türklərin ədalətli idarəçiliyini, başqa xalqlara və dillərə, o cümlədən fars dilinə hörmətlə yanaşmasını poetik detallarla xatırladır. Eyni zamanda öz xalqının milli haqlarının, ən başlıcası isə ana dilində yazıb-oxumaq hüququnun müdafiəsinə qalxır.
Onun milli ruhlu əsərləri hakim dairələrdə birmənalı qarşılanmır. Təqib və təzyiqlər üzündən 1989-cu ildə Böyük Britaniyaya üz tutur, Edinburq Universitetində çalışır. Həmid Nitqi 1999-cu ildə uzun sürən xəstəlikdən sonra Böyük Britaniyada vəfat edir. Şairin İranda dəfn olunmasına icazə verilmir və o, İstanbulun “Zəncirli quyu” qəbiristanlığında torpağa tapşırılır.

Savalan Fərəcov