XX əsr Azərbaycan xalqının tarixində, onun milli özünüdərkində dərin cığırlar açmışdır. Xalqımızın iki dəfə müstəqillik qazandığı bu əsrdə milli incəsənətimiz də tarixi inkişaf yolu keçmişdir. Mədəniyyət və incəsənət tariximizə adını həkk etmiş şəxsiyyətlərdən biri də istedadlı rəssam, Azərbaycan realist teatr-dekorasiya sənətinin yaradıcılarından olan Rüstəm Mustafayevdir.
Rüstəm Məmməd oğlu Mustafayev 1910-cu il fevralın 25-də Bakıda dünyaya göz açıb. Kiçik yaşlarından parlaq istedadının işartılarını büruzə verən balaca Rüstəm 1921-1926-cı illərdə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alır. Bir müddət Moskvanın yaradıcı mühitində müəyyən təcrübə keçdikdən sonra vətənə qayıdır və Bakı Azad Tənqid-Təbliğ, Azərbaycan Dövlət Akademik Dram və başqa teatrlarda quruluşçu rəssam işləyir. O, sadəcə tamaşalara illüstrasiya və bədii tərtibatlar çəkməklə kifayətlənmir, səhnələrin qurulmasında fəal iştirak etməklə rejissor və müəlliflərə yaxından kömək olurdu. Rüstəm Mustafayev Azərbaycanın mədəniyyət tarixinə realist teatr-dekorasiya sənətinin yaradıcılarından biri kimi daxil olub.
Qısa, amma mənalı və dəyərli yaradıcılıq ömrü yaşayan Rüstəm Mustafayevin sənətdə yüksəlişi ötən əsrin 30-cu illərinə, Azərbaycan teatr sənətinin inkişafı dövrünə təsadüf edir. O, həmin illərdə səhnəyə qoyulan “1905-ci ildə”, “Od gəlini” (Cəfər Cabbarlı), “Ölülər” (Cəlil Məmmədquluzadə), “Şeyx Sənan” (Hüseyn Cavid) kimi əsərlərə böyük estetik zövq aşılayan bədii tərtibat vermişdir.
Dərin biliyə, orijinal düşüncə tərzinə malik olan rəssamın tamaşalara verdiyi tərtibat sənət aləmində böyük rezonans doğurur. Onu Opera və Balet Teatrında işləməyə dəvət edirlər. “Arşın mal alan”, “Leyli və Məcnun”, “Koroğlu" (Üzeyir Hacıbəyli ), “Aşıq Qərib” (Zülfüqar Hacıbəyov), “Şah İsmayıl” (Müslüm Maqomayev), “Sonalar gölü” (Pyotr Çaykovski) - teatrın səhnəsində qoyulmuş bu tamaşaların dekorasiya və geyimlərində Rüstəm Mustafayevə məxsus əhatəlilik və rəngarənglik öz əksini tapmışdır.
Onun opera tamaşalarındakı işi dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən yüksək qiymətləndirilir. Rüstəm Mustafayevin “Koroğlu” operasına (1937) verdiyi bədii tərtibatı xüsusi qeyd etmək lazımdır. Rəssamın möhtəşəm dekorasiyalarında kənd mənzərəsinin poetik təzahürü və tarixin qabarıq təsviri əksini tapıb. Tamaşanın bədii tərtibatında mərdanə sadəlik və bədii obrazların monumentallığı dahi bəstəkar Üzeyir Hacıbəylinin qəhrəmanlıq operası ilə qırılmaz vəhdət və harmoniya təşkil edib.
Repressiyanın hökm sürdüyü çətin illərdə o, bir çox tamaşalara verdiyi tərtibatlarla Azərbaycan teatr-dekorasiya sənətinin orijinal, qiymətli nümunələrini yaradıb. Rüstəm Mustafayevlə yaxından dostluq etmiş həmkarı Qəzənfər Xalıqov xatirələrində belə yazırdı: “Rüstəmin yaradıcılığı müasirlərindən bir də onunla fərqlənirdi ki, o, teatr tərtibi sənətinin nailiyyətlərini milli ənənələrimizlə zənginləşdirməyə qabil sənətkar idi. O vaxt çox gənc olmasına baxmayaraq, indi də yaşayıb-yaradan bəzi rəssamlarımızın yaradıcılığının formalaşmasında danılmaz əməyi olmuşdur. Mən deyərdim ki, onun ölümü nəinki dostları, eyni zamanda, bütün Azərbaycan xalqı, incəsənətimiz üçün əvəzsiz itki idi”.
Rüstəm Mustafayevin yaradıcılığı çoxşaxəli olub. O, eyni zamanda miniatür sənətimizi, milli memarlığımızı öyrənərək müxtəlif sərgilərin tərtibatı ilə məşğul olur, elmi tədqiqatlar aparır, qrafika, plakat rəssamlığı sahəsində də uğurlar qazanırdı. Milli ornamentlərimizin dərin bilicisi və yaradıcılığında da bundan bacarıqla istifadə edən istedadlı sənətkar idi. Rüstəm Mustafayev həm də istedadlı kitab qrafikaçısı olmuşdur. 1939-cu ildə çap edilmiş Azərbaycan aşıqlarının şeirlərindən ibarət “Aşığın səsi” kitabının bədii tərtibatı ona məxsusdur.
Teatr rəssamlığı sənətində parlaq iz qoymuş Rüstəm Mustafayev 1928-ci ildən başlayaraq çoxsaylı rəssamlıq sərgilərində iştirak edib. O dövrdə Moskvada ümumittifaq miqyaslı müxtəlif sərgilər keçirilirdi. Azərbaycan bölməsinin tərtibatçısı da Rüstəm Mustafayev olardı. Onun son işlərindən biri 1940-cı ildə Nizami adına Ədəbiyyat Muzeyinin qurulması ilə bağlı idi. Bu muzeyin bədii tərtibatının müəlliflərindən biri olmuşdur. Rüstəm Mustafayev 1937-ci ildən 1940-cı ilədək Azərbaycan abidələrini mühafizə edən Mərkəzi Dövlət İdarəsinin direktoru vəzifəsində çalışmışdır. Orta əsrlərə aid bir neçə Azərbaycan tarixi memarlıq abidəsinin, o cümlədən Şəki Xan sarayının elmi bərpası sahəsində mühüm xidmətləri olmuşdur. Rəssam qısa ömrü boyu həyata keçirdiyi işlərə görə müxtəlif mükafatlara, fəxri fərmanlara, eləcə də “Şərəf nişanı” ordeninə layiq görülmüşdür.
Rüstəm Mustafayev 1940-cı il iyulun 19-da - otuz yaşında Bakıda dünyasını dəyişib. 1943-cü il iyulun 1-də rəssamın adı Azərbaycan Dövlət İncəsənət Muzeyinə verilərək əbədiləşdirilib.
Fariz Hüseynov