Professor Əkbər Ağayev dünya klassiklərinin əsərlərini dilimizə çevirib

Ötən yüzilliyin birinci yarısında ədəbi tənqidin inkişafında və milli kadrların yetişməsində görkəmli ədəbiyyatşünas, tərcüməçi, Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor Əkbər Ağayevin xüsusi xidmətləri olub.

Əkbər Məmməd oğlu Ağayev 21 mart 1915-ci ildə Şuşa şəhərində anadan olub. Erkən çağlardan məktəbə, təhsilə can atıb. Gənclik illəri isə ölkədəki repressiya dalğasına təsadüf edib. Elm, mədəniyyət xadimlərinin sorğu-sualsız həbs edilməsi, görkəmli şair və yazıçıların vətən xaini adı ilə sürgün olunması Əkbər Ağayevə mənəvi əzab və ağır günlər yaşadıb.
O, Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinə qəbul olunur. Təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra Moskvada Ali Diplomatiya Məktəbinə daxil olur və bir müddət Moskvada yaşayır. “İzvestiya” qəzeti və Sovet İttifaqı Teleqraf Agentliyi redaksiyalarında çalışır. Bakıya döndükdən sonra bir sıra mətbuat orqanlarında ədəbi işçi, şöbə müdiri, məsul katib və redaktor işləyir. Eyni zamanda elmi-pedaqoji fəaliyyətlə də məşğul olur. Azərbaycan Pedaqoji, Xarici Dillər institutlarında, indiki Bakı Dövlət Universitetində müəllim, kafedra müdiri və dekan, Nizami adına Ədəbiyyat İnstitutunda şöbə müdiri vəzifələrində çalışır.
Əkbər Ağayev ədəbi fəaliyyətə ötən əsrin 30-cu illərində başlayır. Azərbaycan ədəbiyyatının aktual məsələləri ilə bağlı araşdırmalar aparır. Çox keçmir, respublikada tələbkar bir tənqidçi kimi tanınır. Taleyini əbədi olaraq milli ədəbiyyatın inkişafına bağlayır, dövrün ədəbi proseslərini izləyir. Ədəbiyyat tarixi, onun nəzəri məsələləri, eləcə də Nizami Gəncəvi, Məhəmməd Füzuli, Qasım bəy Zakir, Əbdürrəhim bəy Haqverdiyev və digər Azərbaycan klassiklərinin yaradıcılığına güzgü tutan sanballı əsərlər yazır.
Filologiya elmləri doktoru, professor Cəlal Abdullayev onun fəaliyyətindən bəhs edərək yazır: “Alimin təkcə “Nizami və dünya ədəbiyyatı” (1964) adlı məşhur monoqrafiyası onun fikir və zəka vüsətini lazımi şəkildə dərk etmək üçün tam təsəvvür yaratmağa kifayət edərdi. Bu əsər göstərir ki, müəllif Şərqi də, Qərbi də öz doğma ədəbiyyatı qədər bilir və sevir”.
Əkbər Ağayevin “Nizami və dünya ədəbiyyatı”, “Şeirimizin yeni nəsli”, “Lirikanın qüdrəti”, “Dramaturgiyanın bəzi məsələləri”, “Ədəbiyyat tarixi haqqında qeydlər” və s. kimi xeyli məqaləsi var. Həmçinin dünya ədəbiyyatına dair “Anri Barbüs”, “Höte Nizami haqqında”, “Fransız xalqının böyük oğlu”, “Humanist sənətkar”, “Xalq nəğməkarı”, “Səhər şəfəqləri" kimi əsərləri də var. “M.Y.Lermontov”, “A.İ.Gertsen”, “Sənətkarlıq məsələləri”, “Sənətkara töhfə”, “Sənətin tərənnümü” və s. kitabları işıq üzü görmüşdür.
Tərcüməçiliklə də məşğul olan müəllifin təqdimatında A.Puşkin, M.Lermontov, A.Çexov, L.Tolstoy və başqa rus ədibləri, habelə D.Defonun “Robinzon Kruzo”, F.Lankerin “Uşaqlar və xəncər”, J.Vernin “Arxipelaq alovlanır”, Ç.Dikkensin “Oliver Tvistin macəraları”, N.Karamzinin “Zavallı Liza”, Bualonun “Poeziya sənəti”, V.Belinskinin “Seçilmiş məqalələri” və s. elmi və bədii əsərlər Azərbaycan oxucularına ərməğan olunub.
O həm də hərtərəfli biliyə malik bir pedaqoq olub. Ali məktəblərdə xarici ədəbiyyat tarixi, tənqid tarixi kurslarından mühazirələr oxuyub. Qəzetçilik, tərcüməçilik, tənqidçilik və təşkilatçılıq işlərini həmişə müəllimlik sənəti ilə, pedaqoji işlə ecazkar şəkildə əlaqələndirməyi bacarıb. Ə.Ağayev gənclərlə dostluq etməyi, onlara məsləhət verməyi, hər biri ilə eyni yaş səviyyəsində davranmağı bacarıb. Tələbələri onu həmişə özlərinə ustad, mənəvi ata hesab ediblər. Musiqini, incəsənəti sevən, şeiri, sənəti qiymətləndirən bir şəxsiyyət kimi tanınıb.
Sovet cəmiyyətində yaşayıb-yaradan tənqidçi dövrün ideoloji təsirlərinə məruz qalsa da, milli ədəbiyyatla bağlı araşdırmalarında həqiqətləri əks etdirməyə nail olub. Görkəmli alim 1989-cu il martın 2-də, 64 yaşında Bakıda vəfat edib.

Savalan Fərəcov