Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar kompleksi respublikamızın müxtəlif yerlərindən insanlar ziyarət edib

31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar minlərlə soydaşımız Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət edib.
Martın 31-i səhər saatlarından başlayaraq Quba və ətraf rayonların ictimaiyyət nümayəndələri, Bakı şəhərindən və ölkəmizin ayrı-ayrı bölgələrindən gələn, müxtəlif təşkilatları təmsil edən həmvətənlərimiz soyqırımı qurbanlarının xatirəsini ehtiramla anıblar. Ziyarətçilər arasında gənc nəslin nümayəndələri daha çoxdur.
Memorial kompleksə və ərazidəki kütləvi məzarlığa gələn ziyarətçilər ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılırlar.
Qeyd edək ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalığı aşkar olunub. Burada azərbaycanlılarla bərabər, Qubada yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb.
Prezident İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli sərəncamı ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılmasına başlanılıb. Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan kompleksin açılışı 2013-cü il sentyabrın 18-də keçirilib.