Azərbaycan

6 aprel 1717 - Böyük şair Molla Pənah Vaqif (1717-1797) Qazax mahalının Qıraq Salahlı kəndində doğulub. Yaradıcılığı Azərbaycan poeziyasının mühüm mərhələsini təşkil edir. Qarabağ xanlığında İbrahimxəlil xanın vəziri olub.
6 aprel 1939 - Kinorejissor, Xalq artisti Tofiq Hüseyn oğlu İsmayılov (1939 - 25.3.2016) anadan olub. Filmləri: “Gilas ağacı”, “Mən mahnı qoşuram”, “Musiqi müəllimi”, “Vulkana doğru”, “Oxuyur Müslüm Maqomayev” və s. Azərbaycan Dövlət İncəsənət İnstitutunun, Türkiyənin Memar Sinan adına Gözəl Sənətlər Universitetinin professoru olub.

7 aprel 1906 - Azərbaycanın ilk satirik nəşri olan "Molla Nəsrəddin" jurnalının birinci sayı çapdan çıxıb. Böyük ədib Cəlil Məmmədquluzadənin redaktoru olduğu jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib. "Molla Nəsrəddin" Azərbaycan xalqının mütərəqqi qüvvələrini öz ətrafında toplamışdı. Jurnalda Ö.F.Nemanzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Nəzmi, M.S.Ordubadi, Ə.Əzimzadə və başqaları fəaliyyət göstərirdilər.
7 aprel 1930 - Tanınmış jurnalist Azad Şərif (1930 - 24.12.2009) anadan olub. “Azərinform”a (indiki AzərTAc) rəhbərlik edib, “Molodyoj Azerbaydjana” qəzetinin redaktoru olub.
7 aprel 1959 - Xalq yazıçısı Çingiz Akif oğlu Abdullayev anadan olub. 1988-ci ildə işıq üzü görən “Mavi mələklər” romanı yazıçıya şöhrət gətirib. Sonralar detektiv janrında digər əsərləri ilə dünya miqyasında tanınıb. Ümumilikdə 160-dək roman və povestin, 50-dək ssenarinin, hekayələrin müəllifidir. Əsərləri 30-dək dilə tərcümə olunub.

8 aprel 2000 - Bakıda böyük türk (oğuz) eposu "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyi türkdilli ölkələrin dövlət başçılarının iştirakı ilə qeyd olunub.

Dünya

6 aprel 1812 - Rus yazıçısı, filosof Aleksandr İvanoviç Gertsen (1812-1870) anadan olub. 1847-ci ildən Avropada mühacirətdə yaşayıb. Əsərləri: “Olmuşlar və düşüncələr”, “Oğru sağsağan”, “Kimdir günahkar?”, “Doktor Krupov”.
6 aprel 1826 - Fransız rəssamı, simvolizmin nümayəndəsi Qustav Moro (Gustave Moreau, 1826-1898) anadan olub. Əsərləri: “Edip və Sfinks”, “Yupiter” və s.
6 aprel 1942 - Amerika rejissoru və ssenaristi Barri (Barry) Levinson anadan olub. Filmləri: “Yağış adamı” (“Oskar” mükafatı, 1989), “İfşa”, “Quldurlar” və s.

7 aprel 1883 - İtaliya rəssamı və heykəltəraşı, futurizm cərəyanının banilərindən biri Cino Severini (1883-1966) anadan olub.
7 aprel 1889 - Çili şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1945) laureatı Qabriela Mistral (Gabriela Mistral - əsl adı Lucila Godoy Alcayaga; 1889-1957) anadan olub.
7 aprel 1939 - Amerika kinorejissoru, ssenarist Frensis Ford Koppola (Francis Ford Coppola) anadan olub. "Xaç atası", "Xaç atası-2" flimləri “Oskar” mükafatına layiq görülüb.
7 aprel 1954 - Amerika və Çin (Honqkonq) aktyoru, rejissor, prodüser Ceki Çan (Jackie Chan - əsl adı Çan Kon San) anadan olub. Filmləri: “Bronksda haqq-hesab”, ”Şanxayda günorta”, “Qadağan olunmuş krallıq”.
7 aprel 1964 - Məşhur Hollivud aktyoru Rassel Krou (Russell Crowe) Yeni Zelandiyada anadan olub. Filmləri: “Qladiator” (Maksimus, “Oskar”, 2001), “Dənizlərin sahibi”, “Robin Qud” və s.

8 aprel 1692 - İtaliya bəstəkarı, skripkaçı Cüzeppe Tartini (1692-1770) anadan olub. “Şeytan sonatası” (“Sonate du diable”) ilə məşhurluq qazanıb.
8 aprel 1859 - Alman filosofu, fenomenologiyanın banisi Edmund Husserl (1859-1938) anadan olub. Əsərləri: “Avropa elmlərinin böhranı və transendental fenomenologiya”, “Məntiqi tədqiqatlar”.
8 aprel 1973 - Dünya şöhrətli ispan rəssamı, heykəltəraş Pablo Pikasso (Pablo Ruiz Picasso; 25.10.1881 - 1973) vəfat edib. Kubizm cərəyanının banilərindən biridir. Məşhur əsərləri: "Avinyonlu qızlar", "Şar üzərində qızcığaz", "Gernika".

Hazırladı: Vüqar Orxan