Aprelin 20-də unudulmaz sənətkar, Xalq artisti Nəsibə Zeynalovanın anadan olmasının 100 ili tamam olur. Teatr və televiziya tamaşalarında, kinofilmlərdə maraqlı, yaddaqalan obrazlarla yaddaşlarda, qəlblərdə yaşayan sevimli aktrisa haqqında çox sözlər deyilib, kitablar yazılıb. Milli teatr sənətimizin banilərindən Cahangir Zeynalovun yeganə yadigarı olan Nəsibə xanım sanki sənət üçün yaranmışdı. Allah ona o qədər enerji, o qədər yaşayıb-yaratmaq həvəsi vermişdi ki, sanki bu alov heç vaxt tükənməyəcəkdi.

Bu böyük sənətkarın həmkarlar ittifaqları ilə də çox yaxın ünsiyyəti var idi. Teatrı həyatı qədər sevən, bütün gücünü, istedadını, qəlbinin hərarətini sənətə həsr edən, özünü səhnəsiz təsəvvür edə bilməyən qocaman aktrisanın ömrünün son on ili həmkarlar ittifaqlarının Xətai adına mədəniyyət sarayında onun adını daşıyan “Cənnət” teatrı ilə bağlı olmuşdu.
Nəsibə Zeynalova ilə keçən günlər artıq xoş xatirələrə çevrilmişdir. Onunla hər bir görüş unudulmaz idi. Heç bir hərəkəti, şux zarafatları yaddan çıxan deyil. Böyük sənətkarın təkcə səhnəyə çıxması ilə bütün tamaşa zalı alqışlardan titrəyər, hamının sifətinə təbəssüm qonardı. Səhnəmizin korifeyi səhhəti ilə əlaqədar səhnəsi ilə nəfəs aldığı teatrdan uzaqlaşmışdı. Lakin onu sevən, onun üçün darıxan tamaşaçılardan uzaqlaşa bilmirdi, tamaşaçılar da onun üçün darıxırdı.
Elə bu hisslər də onu “Cənnət” teatrına möhkəm bağlamışdı. Mədəniyyət sarayının kollektivi tərəfindən hər zaman böyük məhəbbətlə qarşılanan Nəsibə Zeynalova burda keçirilən tədbirlərdə bir məsləhətçi kimi iştirak edir, dəyərli tövsiyələrini onlardan əsirgəmirdi.
...1998-ci ilin aprel ayı idi. Mədəniyyət sarayındakı özfəaliyyət kollektivlərinin iştirakı ilə kiçik tərkibdə konsert qrupu halında Nəsibə xanımın evinə, ad gününü təbrik etməyə getmişdik. O bizi çox səmimi qarşıladı, çay stolu arxasında əyləşib şirin söhbətlərinə qulaq asan balaca istedadlar xoş bir həyəcan hissi keçirirdilər. Sonra onlar Nəsibə xanım üçün şeir söyləyib, mahnı oxuyub, səhnəcik göstərərək onu sevindirdilər. İstedadlı balaca aşıq Tuqay sazını sinəsinə basıb oxuyan yerdə telefon zəng çaldı. Məlum oldu ki, Nəsibə xanımın ad gününü təbrik etmək üçün zəng vuran ölkə Prezidenti Heydər Əliyev idi. Hamımız susub onun danışığına qulaq asırdıq. Ölkə rəhbərinin şəxsən ona zəng etməsi aktrisanı həm təsirləndirdi, həm də çox sevindirdi. Prezident aktrisanı təbrik edərək, ona xoş sözlər söylədi və bir azdan onun adından gözəl bir gül dəstəsini Nəsibə xanıma təqdim etdilər. Bu, ümummilli liderin mədəniyyət xadimlərinə diqqəti, böyük aktrisaya olan hörməti idi.
Aktrisanın yaratdığı unudulmaz qayınana obrazının adını daşıyan “Cənnət” xalq teatrına Nəsibə Zeynalovanın adının verilməsi təklifi ilə Xətai adına mədəniyyət sarayının 2000-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına müraciəti cavabsız qalmadı. AHİK İcraiyyə Komitəsinin qərarı ilə “Cənnət” xalq teatrına Nəsibə Zeynalovanın adı təntənəli mərasimlə təqdim olundu. Mədəəniyyət sarayının konsert zalı bu qədər tamaşaçı görməmişdi. Səhnəyə çıxan qocaman sənətkarı tamaşaçılar ayaq üstə, gurultulu alqışlarla qarşıladılar. AHİK-in və Xətai rayon İH-nin rəhbərliyi, həmkarlar ittifaqı işçiləri, ictimaiyyət, müəssisə və təşkilatların nümayəndələri, mədəniyyət və incəsənət ustaları, onun üçün qəribsəmiş tamaşaçılar - hamı Nəsibə xanımın sənət işığına toplaşmışdı. AHİK-in sədri, millət vəkili Səttar Mehbalıyev sənətkarı təbrik edərək, xalqın məhəbbətini öz zəhməti ilə qazandığını, onu sevən minlərlə ailələrdə sənət işığını yandırdığını vurğuladı və AHİK tərəfindən ona xüsusi təqaüd təyin edildiyini bildirdi. Gecənin aparıcısı, Xalq artisti Ramiz Əzizbəyli bu təqaüdü “Məhəbbət mükafatı” adlandırdı. Həmin gün sevimli aktrisanın siması da, qəlbi də ona bağışlanan al qızıl güllər kimi şəfəq saçırdı və əminik ki, bu unudulmaz görüş onu sevənlərin xatirəsində uzun müddət qalacaqdır.
Nəsibə Zeynalova öz adını daşıdığı “Cənnət” xalq teatrına tez-tez baş çəkir, gənc aktyorlara dəyərli məsləhətlər verərək öz təcrübəsini əsirgəmirdi. Xalq teatrının məşqlərində görkəmli aktrisanın iştirak etməsi, sənət, teatr haqqında etdiyi maraqlı söhbətlər onları daha da ruhlandırırdı. Hətta onun iştirakı ilə “Qaynana”nın bir növ davamı olan “Qayınanalar qayınanası” tamaşası da səhnəyə qoyulmuşdu. Baş rolu - artıq gəlininin gəlinlərinə qayınanalıq edən Cənnəti Nəsibə Zeynalovanın ifa etməsi, Nəsibə xanımla keçirilən məşqlər, onunla tərəf-müqabili olmaq gənc aktyorlar üçün sənət məktəbi, böyük bir bayram idi.
Xalq teatrının aktyorları Nəsibə xanımla olan hər bir görüşü səbirsizliklə gözləyirdilər. O həm də çox maraqlı həmsöhbət idi. Onunla bir dəfə ünsiyyətdə olanlar daim onun əhatəsində olmağa çalışır, aktrisanın duzlu-məzəli söhbətlərini dinləmək istəyirdi. Daxilindəki sənət eşqi o qədər aşıb-daşırdı ki, ətrafdakılar sanki onun sehrinə düşürdülər, söhbətlərinə, zarafatlarına qulaq asmaqdan doymaq olmurdu. Görkəmli səhnə ustası Nəsibə Zeynalova ilə hər bir görüş, ünsiyyət, onunla keçirilən məşqlər həvəskar artistlər üçün həqiqi yaradıcılıq məktəbi, böyük bir bayram idi, incəsənətə fədakarcasına xidmətin nümunəsi idi.

Xoşqədəm Bağırova
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mütəxəssisi