Qədim dövrün klassik memarlıq abidələri xatırlanarkən yada düşən məşhur nümunələrdən biri də antik dünyanın yeddi möcüzəsindən hesab olunan İsgəndəriyyə mayakıdır. Bu tarixi abidə Ellinizm dövrünün ilk şəhərlərindən sayılan Misirin İsgəndəriyyə şəhəri yaxınlığında, e.ə. 332-ci ildə ucaldılıb.

Mayakın yaradılmasının maraqlı tarixçəsi var. Mənbələrdə qeyd olunur ki, İsgəndəriyyə o zaman dünyanın ən inkişaf etmiş mədəni və ticarət mərkəzlərindən biri idi. İsgəndəriyyə Kitabxanası qədim dünyanın ən böyük kitabxanası hesab edilirdi.
Eramızdan əvvəl IV-I əsrlərdə Misirdə hakim olmuş Ptolemeylər sülaləsindən çar II Ptolemey xüsusi şöhrətpərəstliyi ilə tanınıb. O, İsgəndəriyyə şəhərini daha bir tarixi tikili ilə məşhurlaşdırmaq, eləcə də gəmiçiliyin təhlükəsizliyi üçün şəhər yaxınlığındakı Faros adasında mayak tikdirmək qərarına gəlir. Göstəriş verir və hazırlıqlar başlanır. Ada qitə ilə birləşdirilir. Ptolemey memar Sostrat Knidlini yanına çağırıb planını ona bildirir. Memar bu tikilinin böyük xərc aparacağını desə də, ancaq hökmdar layihənin icrasından vaz keçmir. Beləliklə, beş ilə başa gələn bu ecazkar abidənin tikintisi başlanır.
Mayak 120 metr hündürlükdə olan üçmərtəbəli qüllə şəklində ucaldılır. Özülü kvadrat formasında və hər tərəfi 30 metr təşkil edir. Dairəvi qüllənin sonunda əbədi bir tonqal qalanır. Tonqalın işığı mürəkkəb güzgü sistemi vasitəsilə əks olunur. Tonqal üçün odun spiral pilləkənlə yuxarı qaldırılır. Pilləkən o qədər maili və geniş olub ki, iş heyvanlarının çəkdiyi araba yüz metr yüksəkliyə qalxa bilib.
Bu tikili həm də İsgəndəriyyə şəhərinin ön istehkamı və müşahidə postu rolunu yerinə yetirib. Qüllənin zirvəsindən düşmən donanmasını müşahidə etmək mümkün olub.
Unudulacağından qorxan memar Sostrat Knidli Ptolemeyin verdiyi fərmanın əksinə gedir. Mayakın özülünə belə bir yazı həkk edir: “Knidli Dekistifonun oğlu Sostrat bunu dənizçilərin xatirinə xilaskar allahlara həsr etdi”. O bu yazını suvaq qatının altında qoyur, üstünə də Ptolemeyin adını həkk edir...
Roma imperiyası süquta uğrayandan sonra mayakın işıqları sönür, baxımsızlıq üzündən yuxarı qülləsi uçur. Ancaq aşağı qüllənin divarları uzun müddət zamanın dağıntılarına davam gətirir. XIV əsrdə Misirdə baş verən zəlzələ isə həmin mərtəbənin də dağılması ilə nəticələnir. Bir müddət sonra Osmanlı əsgərləri mayakın dağılmış daşlarından istehkam-qala tikintisində istifadə edirlər...
İsgəndəriyyə mayakının qalıqları 1944-cü ildə arxeoloqlar tərəfindən aşkarlanır. Müasir dövrümüzdə isə tikilinin surəti kompüter modelləşdirməsi vasitəsilə qismən bərpa edilir.

Savalan Fərəcov