Hekayə

   Qulağında anlamadığı cümlələr səslənir, gözləri gah yerə zillənir, gah da soyuq daşların üzərində üşüyürdü. Baxışlarında özünə agah olmayan yorğunluq, sanki nəyəsə təslim olunmuş bir ifadə var idi. Bunun necə olduğunu hiss etmədi; qarnının üzərində düyünlənmiş əlləri bir-birindən ayrıldı, üzü qızardı. Qalın paltarının altında tumarlanmış tükləri biz-biz oldu, bədənindən xəfif bir gizilti hiss etdi. Heyrətlənmə səhnəsini məharətlə oynamağa çalışdı. Üzünü qızardacaq ifadələr gəzdi, bütün cəhdi ilə həyəcanını təsirli bir şəkildə göstərmyə çalışdı. Yerindən tərpənə biləcəyini anladı, ancaq özünü elə göstərdi ki, guya kimsə onu yarım metr yerə basdırıb. Ətrafındakı onlarca adam bir anda yoxa çıxmışdı, ancaq bilirdi ki, hər kəs öz yerindədi. Gözləri montaj olunmuş film kimi lazımsız səhnələri kəsib çıxarmağa başladı. Yerə basdırılmış ayaqlarını, necə oldusa, unutmadığı illərdə, küçələrdə gəzdiyini hiss etdi.
   Beləcə birinci səhnənin mahir ifaçısı öz işini yerinə yetirdi. Daha doğrusu, qonşusunun onun çiyninə “gedirik” deyib toxunduğu an ona elə gəldi ki, rejissor birinci səhnəyə “stop” dedi. Gəldikləri maşına minib daş-kəsəkli yolla enişi aşağı enəndə özünü hələ də bayaq durduğu yerdə gördü. O, bura qayıdacaqdı...
    - Bu başqası ola bilməz, mən onu görən kimi tanıdım - O, otaqda var-gəl edərək dostunu görcək dilləndi - İllər keçib, amma heç dəyişməyib...
   Dostunun “Əminsən, odu?” - sözünü eşidən kimi - O, mənə baxırdı, bu baxışları lap uzaqdan da tanıyaram. Onu gördüyümə sevinməkdən çox, onunçün necə darıxdığımı hiss etdim. Əlimin əsdiyini, döyüntüsünün azlığından həkimə şikayət etdiyim ürəyimin həyəcanlı dup-dup səsini eşitdim. - Yox, bu başqası ola bilməzdi. Onu gördüyümə sevinməkdən çox, intizarın, ayrılığın necə can ağrıdan bir şey olduğunu hiss etdim. Çarəsizliyimə, gücsüzlüyümə, özümə yazığım gəldi. O isə bunları hiss edirmiş kimi sakitcə mənə baxırdı - uşaqlıqda baxdığı kimi... Günəşin qarşısını kəsən qara bulud kimi, bir neçə qara paltarlı adam onun ətrafında gəzişirdi, ancaq küləyin qovduğu buludların arxasından onun gözlərini aradabir görürdüm. O, mənim keçmişim idi, üzü solğun və...
   Mərmər gözlərinin içində bir anlıq uşaqlığımızı gördüm. Elə bil heç vaxt yatmayan gözlərində uşaqlığımızı gizlətmişdi. Həyətdə palçıqla, torpaqla oynadığımız uşaqlıq... Bilirsən, mən bunca illərdən sonra onu necə sevdiyimi hiss etdim. Ömür boyu içimdə qalan kəmliyin səbəbini gördüm. Uzun illərdən sonra dünən, onu gördüyüm gün başa düşəcəkdim ki, o, məni torpağı sevdiyim qədər sevirmiş. Sevmədiyi torpağı. Mən isə bu sevgini, bu fədakarlığı görməyəcək qədər uşaq idim. O isə uşaq olsa da, mənə yaxın olmaq üçün hər şeyi nəzərə alacaq qədər böyük imiş. Dostu çənəsini büzərək, aramsız etirafların içində uşaqlıq illərini xatırladı: Yavaş-yavaş uzanan boyunu, yavaş-yavaş yekələn sinəsini, bədənini. Bədəni ilə yanaşı, enlənən üzü, qaşı, güllü paltarlarını, güllü corablarının belə böyüməsi, ciddiləşməsi... Mən bütün bunların o zamankı mənasını dünən anladım.
   Onu, 8 yaşında öyrəndiyi sevgi hissini, mən çox sonralar öyrənəcəkdim. Onların bizim məhəllədən köçüb getdiyi gün hiss edəcəkdim. Həmin gün mənə zillənən gözləri bir daha unutmadım. Bədənimdəki gizilti, həyəcan həmin günün xatırəsi olaraq qaldı içimdə. O baxışları ilk dəfə orda görmüşdüm, soyuq və lal...
   - Bəlkə, ora gedəsən - Dostu ehtiyatla onu, sözünü kəsdi.
   - Yox, hələ tezdi.
   Axşam dostuna “tezdi” dediyi yerə getmək üçün artıq “gec” olduğunu anladı. Ancaq yenə də getdi.
   Gecə idi, yoxuşu yuxarı qalxdıqca ayağını əzən daşlara fikir vermirdi. Tələsirdi, ancaq bilirdi ki, o baxışlar heç bir yerə tərpənə bilməyəcək. Daşa həkk olunmuş üzü sığalladı, qəribə bir istilik hiss etdi- heç vaxt sığallamadığı, istiliyini və yumşaqlığını hiss etmədiyi üzü. Sanki qız yad kişinin ona sığal çəkməsindən utandı, yanaqları pörtdü. Sinəsindən aşağı bədənini görmədi ki, qucaqlasın, amma yenə də başdaşını qucaqladı. Bilmədi ki, qızın öldüyünə ağlasın, yoxsa onu necə sevdiyini heç vaxt ona deyə bilməyəcəyinə. Ancaq ağladı...
   
   Nahid