Şövkət Sürəyya Aydəmir yaddaşlarda minnətdarlıqla xatırlanır

Ötən yüzillikdə Türkiyədə yazıçı, mütəfəkkir, tarixçi və müəllim kimi tanınan Şövkət Sürəyya Aydəmiri Azərbaycanla bağlayan tellər də olub. Ölkəmizdə təhsilin müasirləşməsinə, savadlı nəsillərin yetişməsinə töhfələr verib. O, fərqli ideologiyaların tərəfdarı olsa da, bütün varlığı ilə Türkiyənin qurtuluşu və inkişafına xidmət edib.

Şövkət Mehmet oğlu Sürəyya 1897-ci ildə Türkiyənin Ədirnə şəhərində anadan olub. Şövkət yazıb-oxumağı anasından öyrənib. Məhəllə məktəbində təhsilini davam etdirib, sonra hərbi məktəbdə təhsil alıb. O, 11 yaşında İttihad və Tərəqqi Cəmiyyətinə üzv olur. Balkan müharibəsində anasını və böyük qardaşını itirir. Ədirnənin işğalı ərəfəsində şəhərin uşaqları ilə bərabər İstanbula gedir. Şəhər işğaldan azad edildikdən sonra o, atası ilə doğma yurda dönür. Hərbi liseydə təhsilini davam etdirir. I Dünya müharibəsi başlamışdı. Şövkət böyük qardaşının Sarıqamışda həlak olduğunu öyrənir, könüllü olaraq orduya yazılır. Qafqaz cəbhəsində gedən döyüşlərdə iştirak edir və ağır yaralanır. Ədirnəyə qayıdır və müəllimlik təhsilini başa vurur...
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaranandan sonra ölkədə təhsilin inkişafı üçün qardaş Türkiyədən müəllimlər dəvət olunur. Azərbaycana gələn Ş.Sürəyya Şəkidə müəllimliyə başlayır. Bu dövrdə Şəkidəki təhsil müəssisələrində də dərslər əsasən rusca aparılırdı. O, burada təhsilin milliləşdirilməsinə töhfələr verir, bir müddət sonra məktəbdə türk dili, ədəbiyyat, tarix, coğrafiya, hətta həndəsə dərslərini də tədris edir.
O, vaxtilə mütaliə etdiyi Müfidə Fəridin Turançılıq ideallarını təbliğ edən “Aydəmir” romanındakı qəhrəmanın adını - Aydəmiri özünə təxəllüs götürür.
1920-ci ilin martında Qarabağda ermənilər milli hökumətə qarşı çıxırlar. Bu vaxt Şəki könüllüləri də erməni məkrinə qarşı səfərbər olunur. Qısa müddətdə Şəki və ətraf kəndlərdən Qarabağın müdafiəsi üçün dörd yüzdən çox könüllü toplanır. Hərb təcrübəsi olan Ş.Sürəyya zabit kimi onlara rəhbərlik edir. Erməni millətçiləri Əsgəran qalasında silahı yerə qoyur və təslim olurlar. Bu savaşda Şəki könüllüləri 15 şəhid verir...
1920-ci ilin 28 aprelində Azərbaycanda sovet hakimiyyəti qurulur. Dövlət quruluşunun dəyişməsinə rəğmən Ş.Sürəyya Azərbaycanda qalaraq müəllimlik fəaliyyətini davam etdirir. 1920-ci ilin sentyabrında Bakıda Şərq xalqlarının I qurultayı keçirilir. Ş.Sürəyya qurultayda Şəkidən nümayəndə kimi iştirak edir.
O, Şəkiyə qayıtdıqdan sonra əslən Cənubi Azərbaycandan olan Sitarə adlı bir qızla ailə qurmaq istəyir, lakin qızı ona vermirlər. Bu hadisədən təsirlənən gənc müəllim Şəkini tərk edir, Tiflisdə və Batumidə yaşayır. Bir müddət sonra Moskvaya gedərək Şərq Zəhmətkeşləri Kommunist Universitetində təhsil alır.
O, 1923-cü ildə Türkiyəyə qayıdır, “Aydınlıq” jurnalında sosializm ideyalarını təbliğ edən məqalələrlə çıxış edir. Buna görə 10 illik həbs cəzasına məhkum olunur. Bir il yarım həbsdə qalır və 1927-ci ildə əfv edilir. Türkiyə üçün ən etibarlı ideyanın kamalizm olması qənaətinə gəlir.
1928-ci ildə Ankarada dövlət qulluğunda işə düzəlir. Mustafa Kamal Atatürkün təklifi ilə Yaqub Qədri Qaraosmanoğlu ilə birlikdə 1932-ci ildə “Kadro” jurnalını nəşr etdirir. Müxtəlif vəzifələrdə çalışan Ş.Sürəyya 1951-cü ildə təqaüdə çıxır, ədəbi yaradıcılığa başlayır. Atatürkün həyatı ilə bağlı “Tək adam”, İsmət İnönü haqqında “İkinci adam”, “Makedoniyadan Orta Asiyaya Ənvər paşa”, “Menderesin dramı”, “İnqilab və kadro”, “Dünya iqtisadiyyatında Türkiyə”, “Xalq üçün iqtisad bilgisi”, “Qırmızı məktublar və son yazılar” və s. əsərlərini yazır. Tarixi gerçəkliklərin əks olunduğu bu əsərlər geniş oxucu kütləsinin rəğbətini qazanıb.
Azərbaycan və Türkiyənin ictimai-mədəni həyatında iz qoyan Şövkət Sürəyyə Aydəmir 25 mart 1976-cı ildə Ankarada vəfat edib, yaşadığı küçəyə onun adı verilib.

Savalan Fərəcov