Azərbaycan

15 iyun 1918 - Bəstəkar, Xalq artisti Hacı Dadaş oğlu Xanməmmədov (1918 - 7.4. 2005) Dərbənddə doğulub. “Bir dəqiqə” operettasının, populyar mahnıların (“Getmə, amandı”, “Qurban olduğum” və s.) müəllifidir. Filarmoniyanın direktoru, Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri olub.
15 iyun 1924 - Xalq şairi Hüseyn Arif (Hüseynzadə Hüseyn Camal oğlu, 1924 - 14.9.1992) Qazax rayonunda doğulub. "Azad", "Yolda" pyesləri, “Bahar gələndə”, “Söylə, yadındamı?”, “Qocalan deyiləm”, “Dilqəm” və s. kitabların müəllifidir. Azərbaycan Aşıqlar Birliyinin yaradıcısı və rəhbəri (1984-1992) olub.
15 iyun 1933 - Şair Zülfüqar Qodmanlı (Zülfüqar Mənsur oğlu Əliyev; 1933 - 24.3.1998) Masallı rayonunun Qodman kəndində anadan olub.
15 iyun 1934 - Şair, ədəbiyyatşünas Hüseyn Kürdoğlu (Hüseyn Həsən oğlu Alışanov; 1934-2003) Laçın rayonunun Mollaməhmədli kəndində doğulub.
15 iyun 1945 - Xalq artisti Amaliya Əliş qızı Pənahova Gəncədə doğulub. 1964-cü ildən çalışdığı Milli Dram Teatrında, televiziya tamaşalarında çoxsaylı obrazlar yaradıb. 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb. “Arxadan vurulan zərbə”, “Qərib cinlər diyarında”, “Babək”, “Gözlə məni”, “Cavad xan” və s. filmlərdə çəkilib. Milli Məclisin deputatı (2000-2005) olub. Sənətşünaslıq elmləri doktoru, Mədəniyyət və İncəsənət Universitetinin professorudur.

16 iyun 1864 - Maarif xadimi Həbib bəy Hacı İbrahimxəlil oğlu Mahmudbəyov (1864 - 30.7.1928) anadan olub.
16 iyun 1888 - Xalq artisti Hacıağa Abbasov (1888 - 7.5.1975) Bakının Maştağa kəndində doğulub. 1921-ci ildən özünün yaratdığı Tənqid-Təbliğ Teatrına, daha sonra Akademik Dram Teatrına (1927-1929), Bakı Teatr Texnikumuna (1929-1937) rəhbərlik edib. “Ağa Məhəmməd şah Qacar və Molla Pənah Vaqif”, “Sabirin məhkəməsi” və s. pyeslərin müəllifidir.
16 iyun 1939 - Şair, ədəbiyyatşünas, Əməkdar incəsənət xadimi, professor Rəfiq Zəka Xəndan (1939 - 7.1.1999) anadan olub. "Çağlayan", “Könlümün yadigarı”, “Axıb gedən günlərimiz”, “Azərbaycanın səsi” və s. kitabların müəllifidir.

17 iyun 1926 - Xalq rəssamı Elbəy Rzaquliyev (1926 - 15.9.2007) anadan olub. Əsərləri dünyanın bir sıra ölkələrində sərgilənib. “Qara daşlar”, “Telefonçu qız”, “Arşın mal alan” (1965), “Bakıda küləklər əsir”, “Gün keçdi”, “Arxadan vurulan zərbə” və s. filmlərin rəssamı olub.
17 iyun 1947 - Tanınmış müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti Fidan Əkrəm qızı Qasımova anadan olub. Beynəlxalq müsabiqələr laureatı adına layiq görülmüş (1977, C.Viotti adına müsabiqə) ilk azərbaycanlı qadın müğənnidir. 1974-cü ildən Opera və Balet Teatrında çıxış edib. Bakı Musiqi Akademiyasının professorudur. "Torpaq. Dəniz. Od. Səma" (1967) filmində (Sevda) çəkilib.

Dünya

15 iyun 1843 - Norveç bəstəkarı, dirijor Edvard Qriq (Edvard Hagerup Grieg; 1843-1907) anadan olub. “Per Günt” süitası, 600-dən çox mahnı və romansın müəllifidir.
15 iyun 1920 - İtalyan aktyoru və rejissoru Alberto Sordi (Alberto Sordi; 1920-2003) anadan olub. Filmləri: “İtaliyalı Amerikada”, “Taksi sürücüsü Nyu-Yorkda”, “Mən bilirəm ki, sən bilirsən ki, mən bilirəm” və s.
15 iyun 1946 - Məşhur yunan müğənnisi Demis Russos (Artemios Ventouris Roussos; 1946 - 25.1.2015) Misirin İsgəndəriyyə şəhərində doğulub. Dünya üzrə 60 milyon tirajla musiqi albomu satılıb.

16 iyun 1313 - İntibah dövrünün görkəmli italyan yazıçısı, şair Covanni Bokkaçço (Giovanni Boccaccio; 1313-1375) anadan olub. Povest və hekayələr toplusu olan «Dekameron» əsərinin müəllifidir.
16 iyun 1937 - Amerika yazıçısı, ssenarist və dramaturq Erik Siqal (Erich Wolf Segal; 1937-2010) anadan olub. “Məhəbbət tarixçəsi” povesti 20-dən çox dilə tərcümə olunub, əsər əsasında eyniadlı film çəkilib.
16 iyun 1950 - Hind kinoaktyoru Mithun Çakroborti (Mithun Chakraborty) anadan olub. 1982-ci ildə ekranlara çıxan “Disko rəqqası” filmi ilə şöhrət qazanıb. 200-dən çox filmə çəkilib.

17 iyun Dünya səhralaşma və quraqlıqla mübarizə günüdür (World Day to Combat Desertification and Drought). BMT Baş Assambleyasının 30 yanvar 1995-ci il tarixli qətnaməsi ilə təsis edilib.
17 iyun 1818 - Fransız bəstəkarı, dirijor və pedaqoq Şarl Quno (Charles François Gounod, 1818-1893) anadan olub. “Faust”, “Romeo və Cülyetta” operalarının müəllifidir.
17 iyun 1882 - Rus bəstəkarı, dirijor, pianoçu İqor Stravinski (1882-1971) anadan olub. “Müqəddəs bahar”, “Səməndər quşu”, “Petruşka” baletlərinin, “Bülbül” operasının müəllifidir.
17 iyun 1939 - Tanınmış Polşa kinorejissoru Kşiştof Zanussi (Krzysztof Zanussi) anadan olub. Filmləri: “Ailə həyatı”, “Spiral” və s.

Hazırladı: Vüqar Orxan