Azərbaycan

25 iyun 1907 - Xalq artisti Sona Salman qızı Hacıyeva (1907 - 24.12.1979) Şəkidə doğulub. Səhnə fəaliyyətinə 1920-ci ildə Bakıda Əli Bayramov klubunun nəzdindəki dram dərnəyində başlayıb, 1923-cü ildən ömrünün sonunadək Akademik Dram Teatrının aktrisası olub. «Bəxtiyar», “O olmasın, bu olsun”, “Qızmar günəş altında”, "Səhər" filmlərində çəkilib.
25 iyun 1940 - Əməkdar artist, müğənni Yaşar Abutalıb oğlu Səfərov (1940-2007) anadan olub. Uzun illər Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Şirkətinin solisti olub.
25 iyun 1946 - Əməkdar memar Faiq Hüseyn oğlu Yüzbaşov anadan olub.
25 iyun 2002 - "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib.

26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür. 1918-ci il iyunun 26-da Xalq Cümhuriyyətinin hökuməti ilk əlahiddə diviziyanın yaradılması barədə qərar qəbul edib. Diviziya Nuru paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun tərkibinə daxil edilib. Cümhuriyyətin Hərbi Nazirliyi rəsmən 1918-ci ilin dekabrında fəaliyyətə başlayıb. Prezident Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edilib.
26 iyun 1915 - Rejissor Əliheydər Əbdüləli oğlu Ələkbərov (1915 - 14.3.1974) anadan olub. Akademik Milli Dram Teatrında çalışıb.
26 iyun 1929 - Həkim-yazıçı, Əməkdar elm xadimi Nurəddin Məmmədbağır oğlu Rzayev (1929 - 17.10.2011) Gədəbəy rayonunda doğulub. Təbabətlə yanaşı, türkologiya, tarix, ədəbiyyat, musiqi və s. mövzularda elmi-publisistik məqalələrin müəllifidir.
26 iyun 1985 - Əməkdar artist, aktrisa Süsən Hacı Aslan qızı Məcidova (1916-1985) vəfat edib. Gənc Tamaşaçılar Teatrında çalışıb. Filmləri: “Bir cənub şəhərində”, “Bizim Cəbiş müəllim”, “Həyat bizi sınayır”.
26 iyun 1949 - Rejissor, Xalq artisti Mərahim Fərzəli oğlu Fərzəlibəyov Bakıda doğulub. Leninqradda (Sankt-Peterburq) Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib. Qroznı şəhərində (Çeçenistan) M.Lermontov adına Dövlət Rus Dram Teatrında çalışıb, Sumqayıt Dram Teatrının baş rejissoru olub. 1981-ci ildən Akademik Milli Dram Teatrında çalışır.

27 iyun 1918 - Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti «Dövlət dili haqqında» qərar qəbul edib. Azərbaycan (türk) dili ölkə ərazisində dövlət dili elan olunub.
27 iyun 1924 - Xalq artisti, görkəmli aktyor Məlik Yusif oğlu Dadaşov (1924 - 3.12. 1996) Bakıda anadan olub. 1950-ci ildən Akademik Dram Teatrında çalışıb. Teatr və televiziya tamaşalarında yaddaqalan rollar oynayıb. Rus Dram Teatrında direktor və bədii rəhbər (1989-1991) işləyib. “Dəli Kür”, “İyirmialtılar”, “Birisi gün gecə yarısı”, “Axırıncı aşırım”, “O dünyadan salam”, “Fəryad” və s. filmlərdə zəngin obrazlar qalereyası yaradıb.

28 iyun 1842 - Görkəmli maarifçi, alim, publisist və pedaqoq Həsən bəy Zərdabi (1842-1907) anadan olub. 1875-ci ildə «Əkinçi» qəzeti ilə Azərbaycanda milli mətbuatın əsasını qoyub. Zərdabi Moskva Universitetini namizədlik diplomu ilə bitirən ilk müsəlman, Bakı gimnaziyasının ilk müsəlman müəllimi, Azərbaycanda müsəlman xeyriyyəçilik hərəkatının banisi ("Cəmiyyəti-Xeyriyyə", 1872), Azərbaycan müəllimlərinin birinci qurultayının (1906) sədri olub.
28 iyun 1914 - Xalq artisti, məşhur teatr və kino aktrisası Barat Həbib qızı Şəkinskaya (1914 - 14.1.1999) Şuşada doğulub. 1935-ci ildən Akademik Dram Teatrında çalışıb. “Görüş”, “O olmasın, bu olsun”, “Qızmar günəş altında”, “Onun bəlalı sevgisi” və s. filmlərdə maraqlı obrazlar yaradıb.
28 iyun 1935 - Teatr rejissoru, Xalq artisti, professor Ağakişi Şəmməd oğlu Kazımov Ağcabədi rayonunda doğulub. Sumqayıt Dram Teatrında direktor, Musiqili Komediya, Opera və Balet, Gənc Tamaşaçılar, Milli Dram teatrlarında rejissor işləyib. Mədəniyyət və İncəsənət Universitetində dərs deyib. “Yük” bədii filmində (Hacı Zeynalabdin Tağıyev) çəkilib.
28 iyun 1925 - Xalq artisti, müğənni Gülağa Allahverdi oğlu Məmmədov (1925 - 7.6.1994) anadan olub. 40 ildən çox Azərbaycan Televiziya və Radiosu Səid Rüstəmov adına xalq çalğı alətləri ansamblının solisti olub. “Dəli Kür”, “Sən niyə susursan?” və s. filmlərdə, teatr tamaşalarında musiqi nömrələrini ifa edib.

Dünya

25 iyun 1709 - İtaliya bəstəkarı Françesko Arayya (Francesco Domenico Araia; 1709-1770) anadan olub. “Semiramida”, “Aleksandra Hindistanda” və s. operaların müəllifidir.
25 iyun 1903 - İngilis yazıçısı Corc Oruell (George Orwell - Eric Arthur Blair, 1903-1950) anadan olub. Rusiyadakı 1917-ci il inqilabına alleqoriya olan “Heyvan tövləsi” povestinin, “1984” antiutopiya-romanın müəllifidir.
25 iyun 1963 - Yunan əsilli məşhur ingilis müğənnisi və bəstəkarı Corc Maykl (George Michael - əsl adı Georgios Kyriakos Panayiotou) anadan olub.
25 iyun 2009 - Dünya şöhrətli müğənni, pop musiqisinin ulduzu Maykl Cekson (Michael Jackson; 29.8.1958 - 2009) vəfat edib. 15 dəfə “Qremmi” mükafatına layiq görülüb. Sağlığında dünyada satılan albomların tirajına (750 milyon) görə “Ginnesin rekordlar kitabı”na düşüb.

26 iyun Beynəlxalq Narkomaniya və Narkobiznesə qarşı Mübarizə Günüdür (International Day against Drug Abuse and Illicit Trafficking). BMT Baş Assambleyasının 7 dekabr 1987-ci il tarixli qətnaməsi ilə təsis olunub.
26 iyun Beynəlxalq İşgəncə Qurbanlarının Müdafiəsi Günüdür (International Day in Support of Victims of Torture). BMT Baş Assambleyasının 12 dekabr 1997-c il tarixli qətnaməsi ilə təsis olunub.
26 iyun 1892 - Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1938) laureatı Perl Bak (Pearl Sydenstricker Buck; 1892-1973) anadan olub. Əsərləri: “Şərq küləyi, qərb küləyi”, “Dağılan ev”, “Böyük dalğa” və s.
26 iyun 1927 - Tanınmış kinorejissor, Rusiyanın Xalq artisti Vladimir Motıl (1927-2010) anadan olub. “Səhranın bəyaz günəşi”, “Sayrışan xoşbəxtlik ulduzu” və s. filmləri çəkib.

27 iyun 1940 - Aktyor, müğənni, Rusiyanın Xalq artisti Boris Xmelniski (1940-2008) anadan olub. “Robin Qudun oxları” (Robin Qud), “Qırmızı çadır”, “İgid cəngavər Ayvenqo” və s. filmlərdə çəkilib.
27 iyun 1941 - Polşa kinorejissoru Kşiştof Keslovski (1941-1996) anadan olub. “Həyatın rəngləri”, “Dekaloq” və s. filmlərin müəllifidir.
27 iyun 1955 - Fransız aktrisası İzabel Adjani (Isabelle Yasmine Adjani) anadan olub. Filmləri: “Bronte bacıları”, “Kraliça Marqo” və s.

28 iyun 1577 - Niderland (flamand) rəssamı Piter Paul Rubens (Peter Paul Rubens, 1577-1640) anadan olub. Mifoloji və dini mövzuda bir çox əsərlərin müəllifidir. Portret və peyzaj ustası kimi də tanınıb.
28 iyun 1712 - Fransız yazıçısı və mütəfəkkiri, musiqişünas, maarifçi Jan-Jak Russo (Jean-Jacques Rousseau; 1712-1778) anadan olub. “Yeni Eloiza”, “Emil” romanları, “İctimai müqavilə”, “Düşüncələr” və s. fəlsəfi əsərlərin müəllifidir.
28 iyun 1867 - İtalyan yazıçı-dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1934) laureatı Luici Pirandello (Luigi Pirandello, 1867-1936) anadan olub. Əsərləri: “Mərhum Mattia Paskal”, “Qocalar və cavanlar” (roman), “Liola”, “Hər kəs özünə görə”, “IV Henrix” (pyes) və s.

Hazırladı: Vüqar Orxan