Ulu sənət, ali ailə-məişət, dönməz millət-vətən-Pərvərlik...

Bu babətdən nə söyləsən, - gözəl şairələr, sadiq vəfalılar, yanar analar içrə daha çox Nigar xanım Rəfibəyliyə yönəlik! Başdan-başa lirik şair, etik-estetik xanım Nigar xanım Rəfibəyliyə. Yaradıcılığı xalq ətirli ədəbiyyat, tərcümeyi-halı milli mədəniyyət sərgiləyən, sağlığında xarakter, hal-xasiyyət aurası, yoxluğunda xatirəsi milli-mental ədviyyat dadıyan Nigar xanım Xudadat bəy qızı Rəfibəyliyə...

Hədsiz əzab-əziyyətlərdən, soveto-psixoloji “ölüm”lərdən sonra sağ qalan, bəylik-bəyzadəlik namını saxlaya-saxlaya yazıb-yaradan bu xanımın tərcümeyi-halında məqamlar var ki, bütöv bir dastanlıq...
1913-cü il iyulun 23-də Gəncədə doğulub. Bəyzadəlik, qənirsiz gözəllik-özəllik qismətləri “azmış” kimi, Tanrı ona özünəməxsus poetik istedad, çox az xanıma xas olan milli-mental kod da bəxş etmişdi.
Paytaxta gəlib, dövrün canlı “seçilmiş əsərləri” içərisində ən seçilmişi ilə - Rəsul Rza ilə rastlaşacağı, Kür-Arazvari birləşib, ən nümunəvi gender bərabərliyilə axıb sənət Xəzərimizə incilər bəxş edəcəyi öz yerində, bu mənzilə çatmaqçün bu xanım ziqzaqlı coğrafi cığırlar, tarixi-repressiv yollar keçməli imiş...
On yeddi yaşında Bakı Pedaqoji Texnikumunu bitirir, 1932-1936-cı illərdə Moskva Pedaqoji İnstitutunda təhsilini davam etdirir. Bakı kinostudiyasının ssenari şöbəsində, habelə fəhlə-kəndli məktəbində çalışır. İstedadını, işgüzarlığını sezənlər, geniş dünyagörüşünü duyanlar onu daha üstün məqam-mərtəbələrə dəvət edirlər. “Azərnəşr”də mükəmməl tərcüməçi adıyla tanınır, “sözü anında, üslubu banında” tutan redaktor fəaliyyətində olur. Daha sonra “Uşaqgəncnəşr”də məsul vəzifələr. Dövrün xüsusi diqqət, maraq və məhəbbətilə qarşılanan şeirləri, kitabları ilə bərabər, ədəbi tənqid və ictimaiyyətin yüksək qiymətləndirdiyi, yenicə savadlanmaqda olan fəhlə-kəndli oxucuların “su kimi içdiyi” tərcümələrilə də məşhurlaşır. Poeziya aləminə 16 yaşındaykən gəlmiş Nigar xanımın ilk kitabı ömrünün iyirmi birinci baharında (1934) işıq üzü görür.
O, qırmızı sovetlərin “ictimai mənşəyi” adlı paraqrafına rəğmən müxtəlif baryerlərlə üzləşib. Çox məşəqqətlər çəkib. Ancaq yaradıcılıq yarına olan sonsuz sevgisi onu daim sənətə - əbədi sabaha səsləyib. Həmin o sonsuz sənət sevgisi ömrün gənclik düşərgəsində elə bir insan-məhəbbətlə də birləşdirib ki, daha ona heç bir qurama qüvvə mane ola bilməyib. Bu məhəbbətin Məcnun tayı “Gözlərinə denən ki, yuxuma girməsinlər!” kimi əfsanəvi poetik namələr nidalayır, Leyli tayı isə “Ala gözlüm, səndən ayrı gecələr - Bir il kimi uzun olur, neyləyim?” suallayırdı. Belə məsələlərdə - poetik qəlb aləmində hər biri tam azad olan bu cütlük böyük milli amal platformasında çəkici eyni zindana vururdu: “Mübarizə bu gün də var, yarın da, Mən də onun ən ön sıralarında!”

Amma bu amal asanmı?..

Ötən əsr Azərbaycan mühacirət mətbuatının Türkiyə nəşrlərindən olan “Yeni Qafqasiya”, “Azəri Türk”, “Odlar Yurdu”, “Bildiriş”, “İstiqlal”, “Qurtuluş” kimi qəzet və jurnallarda sovet Azərbaycanındakı proseslərə ciddi diqqət yetirilirdi və barələrində vaxtaşırı məlumat verilən tanınmış Azərbaycan ədiblərindən biri də Nigar Rəfibəyli...
Məşhur Rəfibəylilər nəslindən olan Nigar xanımın ailəsinin və özünün təqib olunmasından bəhs edən “Bildiriş” qəzeti (1931-ci il, 27-ci sayında) yazırdı ki, bolşevik Ə.Qarayev Bakıda çap olunan “Kommunist” qəzetindəki məqaləsində Milli Hökumət dövründə Gəncə valisi olmuş doktor Xudadat bəy Rəfibəylinin evi axtarılırkən oradan qızı Nigar xanımın 1928-ci ilin iyununda yazdığı “Şimaldan günəşin doğmasını bəkləyənlər” adlı bir nəzm də tapılıb. Həmin şeirdə deyilir: “Başında şimal rüzgarları əsən “şair”, sən İsanın şəklini Leninin şəkili ilə əvəz edib, bizi rus mujiki ruhunda “tərbiyələndirir”, ona baş əyməyə məcbur edirsən. Lakin bunu bil ki, Şərqin qanını içməkdə olan Şimaldan günəş doğmamış və doğmayacaqdır. Sənin al bayrağın Şərqin qanına boyanmışdır. Sən “Qızıl bayraq” altında “İnternasional” bağırırsan. Fəqət mənim daha ali hüquqlarım var. Daha inləməkdə olan Şərqdən zəncir səsləri gəlir. Bu səsi eşidənlər anlayırlar ki, Günəş şimaldan deyil, daima olduğu kimi, Şərqdən doğacaqdır!..”
“Bildiriş” bunu da bildirirdi ki, Ə.Qarayev bu şeirə görə Pedaqoji İnstitutun tələbəsi Nigar Rəfibəylinin bütün işlərdən uzaqlaşdırılmasını tələb edib...
Dövrün “böyük” (zamanınsa “yük”) proletar şairlərindən bir kişi isə belə yazıb:

“Bağlamışsan ümidini
Şərqdən doğan Günəşə,
Fəqət sənin duymadığın
Bir Günəş var, ey Nigar
Biz Günəşiz, Günəş biz,
Bundan başlar mübarizəmiz!”


O zamanlar o “mübariz”lərin çoxu çox şey deyir, kimi ağlına, kimi ağzına gələni yazırmış, -

Bu qoşalar isə...

Bu... sənət, həyat, vəfa-etibar həmkarları uzun yaradıcılıq, füzun sevgi-məhəbbətlik ömürlərində bir-birinə çox şeir həsr ediblər.

Ala gözlüm, səndən ayrı gecələr
Bir il kimi uzun olur, neyləyim?
Bağçamızda qızılgüllər hər səhər
Tezdən açır, vaxtsız solur, neyləyim?

Çiçəklərin çəkir gözü intizar
Ayrılıqdan betər dünyada nə var?
Yaz axşamı səni, bil ki bu Nigar
Həzin-həzin yada salır, neyləyim?..


Bu misraların təsirinə bərk düşənlərə elə gələ bilər ki, bu xanım elə ancaq “ev üçün-ailə üçün” yazıb-yaşayırmış. Yox;

Mən ki çox sevərdim dağ havasını,
Sevən ürəklərin xoş sevdasını,
Bir qərib gəlinin tutub yasını,
Dost üçün doyunca ağlayın, dağlar.
* * *
Əlvida, otağım, mavi dənizim,
Əlvida, qumlarda görünən izim.
Yollara tökülən xəzəl, əlvida,
Soyuq təbiətli gözəl, əlvida.
Görüşə gələndə hər yay, hər payız
Sizi yenə belə xoşhal görəydim.
Dünya sevinc ilə dolaydı yalnız -
Hicran görməyəydim, vüsal görəydim...


Şairlərin özləri də şeirlər kimidir; biri elə, o biri belə, biri başqa, o biri bambaşqa...
Bu xanımın məlum “Neyləyim”ini istər kitabından oxu, istər efirdən eşit, ya bu gün mütaliə elə, ya min ildən sonra, - fərqi yoxdur, gözlərin qarşısında, xəyalın arşınında birvaxtların tərtəmiz bir nişanlısı, gəlini, ev qadını, el anası, can nənəsi canlanacaq!..
Ömrünün sonunadək “Anaların səsi”, “Günəşin cavabı”, “İşıqlı dünyam”, “Bizə bahar yaraşır”, “Həzin bir axşamda düşsən yadıma” və başqa kitablar üzərinə sevimli imzası düşdü, hər bəndi bir ürək havası, hər misrası bir qəlb ritmitək səsləndi bu xanımın. Hələ də çalınmada, hələ də döyünmədə olan havalar, ritmlər...
Şeirlərinin hər birində öz surətindən də nəsə bir detal həkk olunub bu xanımın. Hər misrada sözüylə yanaşı, özü də görünür. O sözlər ki, oxunanda - gəlinqədəmi “Vağzalı”tək səslənir, o özüsə kəlmə-kəlmə süslənir...
...”Səslənir-süslənir”i elə belədən demədim. Xanımlar var ki, istedadından əvvəl “adı” çıxır, özündən-sözündən çox “sözü” yayılır. Xanımlar da var ki, elələrilə daban-dabana, həya-həyaya, ismət-ismətə zidd. Qızlıqları ən yüksək əyarlı qızıl, ağır-batman xatunluqları altun dəyərində. Belələri ancaq yaxşı işlər, gözəl əməllər peşində. Tərəzigöz xalqın “alnıaçıq, üzüağ”, “aydan arı, sudan duru” qiymətində. Əzəl gündən sevib-seçdikləri sənət-peşə, ər kişi sərkeşində. Necə ki, bu əfsanəvi sevgi və sənət cütlüyünün dünyadəyişimində (bir-birindən xəbərsiz və təxminən eyni gün, eyni saatda!) həmkarlarından biri bu folkloranə qoşalığa belə bir qoşma qoşmuşdu:

Zalım dünya öz işində,
Gəlişində, gedişində,
Gəl, ağlayaq yetmişində
Sevgilitək ölənlərə...

Tahir Abbaslı