Azərbaycan

2 iyul 1892 - Yazıçı, maarif və mədəniyyət xadimi Tağı Abbas oğlu Şahbazi (Simürğ; 1892-1937) Bakıda anadan olub. Xarkov Universitetinin tibb şöbəsini bitirib. 1919-cu ildə vətənə qayıdaraq maarif sahəsində çalışıb. 20-30-cu illərdə respublika xalq maarif və səhiyyə komissarlarının müavini, "Maarif və mədəniyyət" jurnalının redaktoru, Mərkəzi İcraiyyə Komitəsinin katibi, Azərbaycan Dövlət Universitetinin rektoru işləyib. «Ağanın kənizi», «Azadlıq üçün cinayət», «Aldanmış ümid», «Əzab qorxusu» və s. kitabların müəllifidir. Repressiya qurbanı olub.
2 iyul 1893 - Tanınmış heykəltəraş, Azərbaycan SSR-in Əməkdar incəsənət xadimi, SSRİ-nin Xalq rəssamı Pinxos Vladimiroviç Sabsay (1893 - 25.7.1980) Odessada doğulub. 1926-cı ildən Bakıda yaşayıb. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində dərs deyib. M.F.Axundzadənin, S.M.Kirovun heykəllərinin, S.Vurğunun ev-muzeyi üçün monumental portretin və s. əsərlərin müəllifidir.
2 iyul 1921 - Azərbaycanda müəllim kadrlar hazırlayan ilk ali məktəb - Kişi Pedaqoji İnstitutu yaradılıb. Sonralar V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu adlanıb, hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetidir.
2 iyul 1922 - Azərbaycan SSR hökuməti (Mərkəzi İcraiyyə Komitəsi) yanında Yeni Türk Əlifbası Komitəsi təşkil olunub. Bir il sonra, 1923-cü il oktyabrın 20-də Azərbaycan MİK "Yeni Azərbaycan əlifbasının dövlət əlifbası kimi tanınması haqqında" dekret qəbul etdi. Latın qrafikalı əlifbaya tam keçid 1929-cu ildə reallaşdı. 1939-cu ildə onu kiril əlifbası əvəzlədi.

3 iyul 1920 - Azərbaycan SSR İnqilab Komitəsi (müvəqqəti hökumət) respublikada kinematoqrafiya müəssisələrinin milliləşdirilməsi haqqında dekret qəbul edib.
3 iyul 1940 - Tanınmış pianoçu, Xalq artisti, professor Zöhrab Əfrasiyab oğlu Adıgözəlzadə (1940 - 24.5.2012) Bakıda doğulub. Bakı Musiqi Akademiyasının professoru olub, Əskişəhər (Türkiyə) Anadolu Universitetinin Dövlət Konservatoriyasında kafedra müdiri işləyib.
3 iyul 1963 - Kinorejissor, ssenarist, Əməkdar incəsənət xadimi Cəmil Elşad oğlu Quliyev Bakıda anadan olub. Filmləri: “Alma almaya bənzər” (aktyor), “Şirbalanın məhəbbəti” (rejissor), “Sahə” (bədii rəhbər) və s. Dövlət Film Fondunun direktoru, “Mədəniyyət” telekanalının baş direktoru işləyib. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorudur.

4 iyul 1928 - Tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi Kamran Nəbi oğlu Rəhimov (1928 - 4.7.2007) Naxçıvan MR Şərur rayonunun Qarabağlar kəndində anadan olub. Respublikanın maarif naziri (1983-1988), Ali Sovetin deputatı (1990-1995) olub.
4 iyul 1956 - Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrının rejissoru işləyib. 2008-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrının direktorudur.

5 iyul 2002 - Prezident Heydər Əliyevin fərmanı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Prezident İlham Əliyevin 19 noyabr 2008-ci il tarixli fərmanına əsasən qurum Diasporla İş üzrə Dövlət Komitəsi adlandırılıb.
5 iyul 1851 - Publisist, alim və ictimai xadim İsasultan Nəcəfqulu oğlu Şahtaxtinski (1851 - 18.10. 1894) İrəvanda anadan olub. "Tiflisski vestnik" qəzetində şöbə müdiri, "Kavkazski almanax"ın təsisçisi, naşiri və redaktoru olub.

Dünya

2 iyul 1877 - Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1946) laureatı Herman Hesse (Hermann Hesse, 1877-1962) anadan olub. Əsərləri: “Təkər altında”, “Çöl canavarı”, “Şərq ölkəsinə ziyarət”, “Muncuq oyunu” və s.
2 iyul 1923 - Polyak şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1996) laureatı Vislava Şimborska (Wislawa Szymborska) anadan olub. “Son və əvvəl”, “Yüz ...” və s. kitabların müəllifidir.
2 iyul 1961 - Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1954) laureatı Ernest Heminquey (Ernest Miller Hemingway; 21.7.1899 - 1961) dünyasını dəyişib. Əsərləri: "Kişisiz qadınlar", "Əlvida, silah", "Əcəl zəngi" (roman), "Qoca və dəniz" (povest) və s.

3 iyul 1883 - Yəhudi əsilli çex-alman yazıçısı, filosof Frans Kafka (Franz Kafka, 1883 - 3.6.1924) Praqada doğulub. Əsərləri: “Bir xanımın xülasəsi”, «İtaətkarla söhbət», «Çevrilmə», «Qəsr», «Kənd həkimi», «Qətl» və s.
3 iyul 1962 - Amerikalı aktyor, rejissor Tom Kruz (Thomas Cruise Mapother) anadan olub. Filmləri: “Riskli biznes”, “Geniş bağlanmış gözlər” və s.

4 iyul 1676 - İspan dramaturqu Xose Kanisares (1676-1750) anadan olub.
4 iyul 1815 - Rus rəssamı Pavel Andreyeviç Fedotov (1815-1852) anadan olub. Əsərləri: “Mayorun elçiliyi”, “Dul qadın”, “Ankor, yenə ankor!” və s.
4 iyul 1918 - Rus filosofu, kulturoloq, «Mədəniyyətlərin dialoqu» konsepsiyasının müəllifi Vladimir Solomonoviç Bibler (1918-2000) anadan olub.

5 iyul 1841 - İngilis səyahətçisi və iş adamı Tomas Kuk (Thomas Cook; 1808-1892) ilk turist agentliyini açıb. Dünyada mütəşəkkil turizmin başlanması bu tarixdən hesablanır. Tomas Kukun yaratdığı firma altında indi də (“Thomas Cook Group”) fəaliyyət göstərir.
5 iyul 1812 - İspan yazıçı-dramaturqu Antonio Qarsia Qutteres (Antonio Garcia Gutierrez; 1812-1884) anadan olub. Dramaturqun “Trubadur” pyesi əsasında italyan bəstəkarı Cüzeppe Verdi eyniadlı opera yazıb.
5 iyul 1889 - Fransız yazıçısı, rəssam, teatr nəzəriyyəçisi Jan Kokto (Jean Maurice Eugene Clement Cocteau; 1889-1963) anadan olub. Dadaizm və sürrealizm üslubunda şeirlər yazıb. "Əllamə Toma", "Ədəbsiz uşaqlar" romanlarının, "Antiqona", "Orfey" pyeslərinin müəllifi, bir neçə filmin rejissorudur.
5 iyul 1901 - SSRİ Xalq artisti, rejissor, aktyor, rəssam, yazıçı Sergey Vladimiroviç Obrazsov (1901-1992) anadan olub. Uzun illər Moskvada Mərkəzi Kukla Teatrına rəhbərlik edib.

Hazırladı: Vüqar Orxan