Aleksandr İyessen Mil düzü və Qarabağda dəyərli arxeoloji tədqiqatlar aparıb

Ölkəmizin tarix və mədəniyyəti zaman-zaman müxtəlif xalqların tədqiqatçılarının maraq dairəsində olub, kitab, monoqrafiya və məqalələrin mövzusuna çevrilib. Azərbaycanda arxeologiya elminə töhfə verənlərdən biri də tanınmış rusiyalı alim Aleksandr İyessendir.

Aleksandr Aleksandroviç İyessen 1896-cı ildə Rusiyanın Sankt-Peterburq şəhərində anadan olub. Sankt-Peterburq Universitetinin tarix fakültəsində təhsil alıb. Sonra arxeologiya üzrə aspiranturada oxuyub. Gənc arxeoloq ilk elmi əsərini Azərbaycan arxeologiyasına həsr edib. Hələ aspirant olarkən Qəbələ rayonu ərazisində aşkara çıxarılan Yaloylutəpə mədəniyyətinə aid məqaləsi işıq üzü görür. Ötən əsrin 30-cu illərində artıq A.İyessen Qafqaz və Şərqi Avropanın arxeologiyasını tədqiq edən alim kimi tanınıb.
1953-cü ildə ölkəmizin Mil-Qarabağ bölgəsinin, Kür və Araz çayları arasındakı ərazilərin tarixi-arxeoloji abidələrinin tədqiqi ilə bağlı Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutu və SSRİ Elmlər Akademiyasının Arxeologiya İnstitutunun birgə arxeoloji ekspedisiyası yaradılır. Ekspedisiyaya A.İyessen rəhbərlik edir. Mil düzündə orta əsr Örənqala şəhər yerində, eləcə də Kür və Araz çayları arasında müxtəlif dövr abidələrində arxeoloji qazıntıların aparılmasına başlanılır.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini Nəcəf Müseyibli araşdırmasında yazır ki, ekspedisiyanın Mil-Qarabağ bölgəsində, eyni zamanda Naxçıvandakı I Kültəpə qədim yaşayış məskənində apardığı fundamental tədqiqatlar nəinki Azərbaycanın, o cümlədən bütövlükdə Cənubi Qafqazın minilliklər öncəki qədim tarixinin öyrənilməsinə, bu regionun qədim mədəniyyətinin Yaxın Şərq sivilizasiyaları ilə bağlılığı məsələlərinə böyük töhfələr verib. Bu ekspedisiyanın araşdırmalarının nəticələri bu gün də Qafqaz arxeologiyasında öz aktuallığını saxlamaqdadır.
Ekspedisiya Mil düzündə və Qarabağın dağlıq ərazilərində 50-dən artıq arxeoloji abidəni qeydiyyata alır. Aşkar olunan maddi mədəniyyət nümunələri bölgənin erkən istehsal mədəniyyətinin ümumi mənzərəsini yaradır. Tədqiqatçı Tunc dövrünü əks etdirən abidələri şərh edərkən Üçtəpə kurqanından geniş söz açır. Bildirir ki, bu nəhəng kurqanlar Qarqarçay vadisində düzən ərazidə yüksəlir. Bu yerlər məhz bu əzəmətli kurqanların ərazinin landşaftını müəyyən etməsinə görə “Üçtəpə” adlandırılıb.
A.İyessen Üçtəpə kurqanlarından 3 nömrəli kurqanın qazıntıları haqqında məqaləsində geniş məlumat verir. Kurqanın mahiyyəti, tarixi-mədəni yeri barədə apardığı təhlillər Qafqaz arxeologiyasında ən yaddaqalan məqamlardan olur. Kurqanda eramızın VII əsrinə aid qəbirdən zəngin maddi mədəniyyət nümunələri, eyni zamanda qızıl məmulatından ibarət tapıntılar aşkar edilir. O, kurqanda VII əsrdə Albaniyaya yürüş edən Xəzərlərin hərbi rəhbərlərindən birinin dəfn edildiyini bildirir. Sonralar görkəmli Azərbaycan arxeoloqu İ.Nərimanov həmin məzarda alban hökmdarı Cavanşirin dəfn edildiyi ehtimalını irəli sürür.
Qarabağın Orta və Son Tunc - İlk Dəmir dövrünü (e.ə. III minilliyin sonları - I minilliyin əvvəlləri) əhatə edən mərhələlərə aid abidələrdə A.İyessenin ekspedisiyasının apardığı araşdırmalar Azərbaycanın qədim tarixinə dair yeni faktların aşkara çıxarılması ilə nəticələnir. Belə ki, Ağdam yaxınlığındakı Orta Tunc dövrünə aid Üzərliktəpə yaşayış yerindəki arxeoloji qazıntılar buranın hələ 4 min il əvvəl müdafiə sədləri ilə əhatələnmiş erkən şəhər tipli yaşayış yeri olduğunu, əhalinin oturaq həyat sürdüyünü və müxtəlif sənətkarlıq sahələrini inkişaf etdirdiyini sübut edib.
Görkəmli alim daha sonra Mil düzü və Xocalı ətrafında Son Tunc - Erkən Dəmir dövrünə aid abidələrdə də tədqiqatlar aparır. Arxeoloqun üç min il əvvəl Qarabağın dağlıq və aran ərazilərinin vahid mədəniyyətdə birləşdiyi haqda “Mil-Qarabağ düzünün tarixi keçmişindən” adlı məşhur məqaləsi işıq üzü görür. O, bu ərazilərdəki abidələri təhlil edərkən həmişə onları Azərbaycan abidələri, qədim sakinlərin isə Azərbaycan əhalisi olduğunu bildirib.
Arxeoloq alim 1964-cü ildə, 68 yaşında vəfat edib. Onun elmi əsərlərinin 20-si Azərbaycanın, xüsusilə də Mil düzü və Qarabağın qədim abidələrinə həsr olunub.

Savalan Fərəcov