Azərbaycan

12 oktyabr 1813 - Rusiya ilə İran arasında müharibənin (1804-1813) başa çatması ilə bağlı Gülüstan sülh müqaviləsi imzalanıb. Qarabağın şimalında (indiki Goranboy rayonu ərazisində) Gülüstan kəndində imzalanan müqaviləyə əsasən, Azərbaycan torpaqları ikiyə bölünüb. Azərbaycanın Araz çayından şimaldakı torpaqları - Gəncə, Qarabağ, Şəki, Şamaxı, Quba, Bakı və Talış (Lənkəran) xanlıqları Rusiya imperiyasının tərkibinə daxil edilib.
12 oktyabr 1961 - Tarzən, Əməkdar artist Malik Məmməd oğlu Mansurov anadan olub.
12 oktyabr 1990 - Əməkdar mədəniyyət işçisi, aşıq Mikayıl Cabbar oğlu Azaflı (Zeynalov, 21.3.1924 - 1990) vəfat edib. "Mikayıl Azaflı və Narınc xatın" dastanı, "Qoca qartal" şeirlər kitabının müəllifidir.

13 oktyabr 1938 - Əməkdar incəsənət xadimi, kinooperator Şərif Şərifov (1938-26.9.2008) Bakıda anadan olub. Filmləri: “Yol əhvalatı”, “Əzablı yollar”, “Şir evdən getdi”, “Qərib cinlər diyarında” və s.
13 oktyabr 1967 - Aktyor, teatr xadimi İbrahim Hüseyn oğlu İsfahanlı (Hüseynzadə; 1897 - 1967) vəfat edib. Tiflis Azərbaycan Dram Teatrının baş rejissoru olub, Gürcüstanın Xalq artisti adına layiq görülüb. “Böyük dayaq" filmində (1962) Yarməmməd roluna çəkilib.
13 oktyabr 1940 - Bəstəkar, Əməkdar incəsənət xadimi Rəşid Şəfəq (Rəşid Camal oğlu Əliyev) anadan olub. Uşaqlar üçün əsərlərin müəllifidir: "Baş tutmayan hiylə", "Tülkü, tülkü, tünbəki..." (nağıl-komediya) və s.
13 oktyabr 1949 - Rejissor, Əməkdar incəsənət xadimi Cahangir Zeynallı anadan olub. “Əlaqə” bədii, çoxsaylı sənədli filmlərin müəllifidir.
13 oktyabr 1974 - Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndələrindən biri, Xalq rəssamı Səttar Bəhlulzadə (15.12.1909 - 1974) vəfat edib. Dünyanın bir çox ölkələrində fərdi sərgiləri keçirilən rəssamın əsərləri müxtəlif xarici muzeylərin daimi eksponatları sırasındadır.

14 oktyabr 1933 - Xalq şairi Məmməd Araz (Məmməd İnfil oğlu İbrahimov; 1933 - 2.12.2004) Naxçıvan MR Şahbuz rayonunun Nursu kəndində doğulub. Vətənpərvərlik, milli ruha sayğı şairin əsərlərinin aparıcı mövzusudur. Bir sıra rus şairlərinin əsərlərini dilimizə tərcümə edib.
14 oktyabr 1875 - Tanınmış maarif xadimi, nasir Əlisgəndər Hacıbaba oğlu Cəfərzadə (1875-1941) anadan olub.
14 oktyabr 1962 - Xalq artisti, aktyor Əli Mirzə oğlu Qurbanov (20.6.1898 - 1962) vəfat edib. Səhnə fəaliyyətinə Tiflisdə başlayıb, 1925-ci ildən Bakıda Akademik Dram Teatrında çalışıb. "Qızmar günəş altında", "Qara daşlar", "Bir qalanın sirri" və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
14 oktyabr 1912 - Heykəltəraş, Əməkdar incəsənət xadimi Həyat Həmdulla qızı Abdullayeva (1912-2007) Dərbənd şəhərində anadan olub.

Dünya

12 oktyabr 1924 - Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1921) laureatı Anatol Frans (Anatole France, əsl adı François-Anatole Thibault; 16.4.1844 - 1924) vəfat edib. Əsərləri: “Müasir tarix” silsilə romanları, “Mələklərin üsyanı”, “Pinqvinlər adası” və s.
12 oktyabr 1896 - İtalyan şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1975) laureatı Eugenio Montale (Eugenio Montale, 1896-1981) anadan olub.
12 oktyabr 1935 - İtalyan opera müğənnisi Luçano Pavarotti (Luciano Pavarotti, 1935 - 6.9.2007) anadan olub.

13 oktyabr 1921 - Fransız aktyoru və müğənnisi İv Montan (Yves Montand - Ivo Livi, 1921-1991) anadan olub. Çəkildiyi filmlər: “Etiraf”, “Vəhşi”, “Silah seçimi”.
13 oktyabr 1934 - Rus komediya aktyoru Saveli Kramarov (1934-1995) anadan olub. Filmləri: “Uğur centlmenləri”, “Ələkeçməz qisasçılar”, “İvan Vasilyeviç peşəsini dəyişir” və s.

14 oktyabr 1864 - Polyak yazıçısı Stefan Jeromski (Stefan Zeromski, 1864-1925) anadan olub. “Kül”, “Həyatın bəzəyi”, “Dənizdən külək”, “Günahın tarixi” romanları, “Qızılgül” pyesi və s. əsərlərin müəllifidir.
14 oktyabr 1896 - Amerika aktrisası, “Oskar” laureatı Lilian Qiş (Lillian Diana Gish, 1896- 1993) anadan olub. Filmləri: “Toy”, “Komediyaçılar”.
14 oktyabr 1927 - İngilis aktyoru Rocer Mur (Roger George Moore) anadan olub. “Agent 007” silsilə filmlərində Ceyms Bond rolunun ifaçısı kimi məşhurlaşıb: “Qızıl tapançalı adam”, “Səkkizayaq” və s.

Hazırladı: Vüqar Orxan