Azərbaycan

19 oktyabr 1898 - Tanınmış ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, akademik Feyzulla Qasımzadə (1898 - 29.3.1976) Mərdəkan kəndində anadan olub.
19 oktyabr 1972 - Opera müğənnisi, Azərbaycanın Xalq artisti, Gürcüstanın Əməkdar artisti Fatma Səttar qızı Muxtarova (26.3.1893 - 1972) vəfat edib. Cənubi Azərbaycanın Urmiya şəhərində doğulub. Uşaq yaşlarında ailəsi Rusiyaya köçüb. 1938-ci ildə Bakıya gəlib. Dövlət Opera və Balet Teatrının solisti olub.

20 oktyabr 1910 - İlk azərbaycanlı qadın teatr rəssamlarından biri İzzət Əli qızı Seyidova (20.10.1910 - 30.11.1973) anadan olub. Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda oxuyub, 1938-ci ildən Opera və Balet Teatrında fəaliyyət göstərib.
20 oktyabr 1913 - Tanınmış şair Əhməd Cəmil (Əhməd Səttar oğlu Cəmilzadə, 1913 - 27.9.1977) İrəvanda doğulub. Bir çox ədəbi nəşrlərə rəhbərlik edib. Rus, Ukrayna, gürcü, belarus, özbək şairlərinin əsərlərini Azərbaycan dilinə tərcümə edib.
20 oktyabr 1917 - Xalq artisti, opera müğənnisi İdris Fərhad oğlu Ağalarov (1917- 4.5.1975) anadan olub.
20 oktyabr 1923 - Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi latın əlifbasının dövlət əlifbası kimi tanınması haqqında dekret qəbul edib. Latın qrafikalı Azərbaycan əlifbası 1929-cu ildən tam tətbiq olunmağa başladı və 1939-cu ilədək qüvvədə oldu.
20 oktyabr 1922 - Xalq artisti, müğənni Şövkət Feyzulla qızı Ələkbərova (1922 - 7.2.1993) anadan olub. Məlahətli səsi ilə Azərbaycan musiqisini dünyanın bir sıra ölkələrində tanıdıb. Bülbül adına Orta ixtisas musiqi məktəbində dərs deyib.
20 oktyabr 1929 - Bakıda Ümumazərbaycan yazıçılarının ikinci qurultayı keçirilib.
20 oktyabr 1940 - İctimai-siyasi xadim, diplomat, tarix elmləri doktoru Həsən Əziz oğlu Həsənov Tiflisdə doğulub. Respublikanın baş naziri (1990-1992), xarici işlər naziri (1993-1998) olub. M.F.Axundzadənin həyatından bəhs edən "Brüsseldən məktublar" pyesinin, N.Nərimanov haqqında monoqrafiyanın, tarixi mövzuda kitabların müəllifidir. 2010-cu ildən Azərbaycanın Polşada səfiridir.

21 oktyabr 1932 - Ustad sənətkar, aşıq Kamandar (Əfəndiyev Kamandar Həmid oğlu, 1932 - 25.10.2000) Borçalı mahalında - Gürcüstanın Marneuli rayonunun Kürüstü Kəpənəkçi kəndində anadan olub.
21 oktyabr 1935 - Ədəbiyyatşünas alim, professor, Prezident təqaüdçüsü Fəridə Ağaəli qızı Vəlixanova anadan olub. Azərbaycanda tərcüməşünaslıq elminin ilk tədqiqatçısıdır.
21 oktyabr 1932 - Xalq şairi, ədəbiyyatşünas, ictimai xadim Xəlil Rza Ulutürk (Xəlil Rza oğlu Xəlilov; 1932 - 22.6.1994) Salyan rayonunun Pirəbbə kəndində anadan olub. 1988-ci ildə başlanan milli-azadlıq hərəkatında iştirak edib, 1990-cı ilin 20 Yanvar qırğınından sonra həbs edilib, 9 ay Moskvada Lefortovo həbsxanasında saxlanılıb. 1995-ci ildə (ölümündən sonra) “İstiqlal” ordeni ilə təltif olunub. Kitabları: “Hara gedir bu dünya”, “Məndən başlanır vətənim”, “Davam edir 37”, “Türkün dünyası” və s.

Dünya

19 oktyabr 1899 - Qvatemala yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1967) laureatı Migel Anxel Asturias (Miguel Angel Asturias, 1899-1974) anadan olub. Əsərləri: “Senyor Prezident”, “Dəfn olunmuşların başçısı” və s.
19 oktyabr 1433 - İtalyan mütəfəkkiri, erkən İntibahın nümayəndəsi Marsilio Fiçino (Marsilius Ficinus - Marsilio Ficino, 1433-1499) anadan olub.
19 oktyabr 1862 - Dünya kinosunun baniləri sayılan fransız Lümyer qardaşlarından Ogüst Mari Nikola Lümyer (Auguste Louis Marie Nicholas Lumiere; 1862-1954) anadan olub.

20 oktyabr - Beynəlxalq Kulinariya Günüdür (İnternational Chefs Day). 2004-cü ildə Dünya Kulinariya Cəmiyyətləri Assosiasiyası tərəfindən təsis olunub.
20 oktyabr 1854 - Fransız şairi, poeziyada simvolizmin banilərindən biri Artur Rembo (Jean Nicolas Arthur Rimbaud, 1854-1891) anadan olub.
20 oktyabr 1905 - Amerikalı yazıçı, detektiv əsərlər müəllifi Frederik Danney (Frederick Dannay - Daniel Nathan, 1905-1982) anadan olub.
20 oktyabr 1919 - Başqırd şairi Mustay (Mustafa) Kərim (1919-2005) anadan olub.

21 oktyabr 1790 - Fransız romantik şairi Alfons de Lamartin (1790-1869) anadan olub.
21 oktyabr 1833 - İsveçli mühəndis, ixtiraçı, Nobel mükafatlarının təsisçisi Alfred Nobel (Alfred Bernhard Nobel, 1833-1896) Stokholmda doğulub.
21 oktyabr 1945 - Rus kinorejissoru və aktyoru Nikita Mixalkov anadan olub. Çəkdiyi filmlər: “Qara gözlər”, “Günəşdən yorulmuşlar” (“Oskar” mükafatı, 1994), “Urqa - məhəbbət ərazisi”, “Sibir bərbəri” və s.

Hazırladı: Vüqar Orxan