Azərbaycan romantizminin görkəmli nümayəndəsi, mütəfəkkir şair-dramaturq Hüseyn Cavidin (1882-1941) yaradıcılığı ədəbi-mədəni və estetik düşüncəmizdə mühüm rol oynamışdır. Müəllifin şeir, poema və dram əsərlərində onun cəmiyyətə baxışı, o cümlədən sosial mühitin insanlara təsir imkanları yüksək poetik dillə qələmə alınmışdır. İnsanın mənəvi ucalığı, azad gələcək ədibi həmişə düşündürmüş və o, zəngin yaradıcılığında bu problemlərin çözümü üçün yollar aramışdır.

Məktublar - ədəbi xəzinənin “açar”ı

Hüseyn Cavidin publisistika və məktubları da mühitin bir sıra mühüm məsələlərinin ifadəsi baxımından diqqətəlayiq nümunələrdir. Şair-dramaturqun ideyalar aləmini anlamaq üçün onun bədii əsərləri və zəngin publisistikası ilə yanaşı, epistolyar irsinin də böyük əhəmiyyəti var. Ədibin epistolyar irsi də bədii əsərləri kimi dolğun, bitkin təsir bağışlayır.
Böyük düşüncə adamının məktublarının bir çoxu onun professional yazar kimi tanınmamışdan əvvəlki dövrləri - təhsil illərini əhatə edir ki, bu da müəllifin yaradıcılıq təkamülünü, hədəflərini dəqiq müəyyənləşdirməyə imkan verir. Buna görə də Cavidin zəngin ədəbi xəzinəsinin “açar”ını tapmaq üçün epistolyar irsi də tədqiq olunmalı, sənətkar düşüncəsinin ifadəsi bütövləşməlidir.
Hüseyn Cavid mütaliəyə sonsuz maraq göstərib. Onun oxumaq həvəsini Urmiyada olduğu müddətdə sevimli müəllimi, görkəmli maarifçi və şair Məhəmməd Tağı Sidqiyə (1854-1903) yazdığı məktubundan da aydın görürük. Cavid vaxtlı-vaxtında qəzet ala bilmədiyi üçün İran poçtundan narazılığını məktubda belə ifadə edir: “İndi görürəm taksır ...İran poçtundandır. Çünki mən dəfələrlə poçtdan soruşmuşam ki, Hüseyn Rasizadə Naxçıvanlı adresinə qəzet varmı? Cavab veriblər - yox, Məhəmməd Hüseyn Abdullazadə... adına vardır”. Sonradan öyrənmişdi ki, onun adına gələn qəzetləri yuxarıda adıçəkilən şəxsə vermişlər və o da qəzet oxumağa həvəsli olduğu üçün Cavidə bu barədə heç nə deməmişdir. Bütün bunların müqabilində Cavid təsəlli taparaq qeyd edir ki, “Eybi yoxdur, biz buna sevinərik ki, ...İranda qəzet oxumağa həvəskar tapılsın, qoy bizə çatmasın”.

“Bizə yalnız məktəb lazımdır...”

Əslində bu elə bir dövr idi ki, hələ nə “türk-müsəlman dünyasının birinci satira jurnalı” olan “Molla Nəsrəddin”, nə də mətbu və ədəbi aləmdə öz sözünü deyən, məktəb yaradan “Füyuzat” dərgisi meydana çıxmışdı. Əhatəli maarif işi aparan milli məktəblər də çox deyildi. Ancaq Cavid də daxil olmaqla, romantik məfkurə tərəfdarları insan zəkasının üstünlüyü, elmin böyük gücü ilə mövhumata qalib gəlməyi mümkün hesab edirdilər. Görkəmli ədəbiyyatşünas, akademik Məmməd Cəfər yazırdı: “O, (H.Cavid - F.Y.) ümumiyyətlə, inkişaf üçün sadəcə maariflənməyi, mədəniləşməyi yeganə yol hesab etmişdir...” Cavidin fikrincə, bütün ziyalılar tam gücü ilə çalışmalıdır ki, xalqımızın həyata, cəmiyyətə baxışları müsbət yöndə dəyişilsin. Bu cür yanaşma cəmiyyətin inkişafında ziyalıların üzərinə böyük məsuliyyət düşdüyünü bir daha göstərirdi.
Mühitdəki cəhalətin kökləri o qədər dərinliklərə getmişdi ki, birdən-birə ciddi dönüş yaratmaq asan deyildi. Sadə xalq hüquq və azadlıqlarının nədən ibarət olduğunu yaxşı bilmir, hakim-istismarçı təbəqə isə bu hüquqların savadsız insanlara başa salınmasında maraqlı deyildi. 1906-cı ildə maarifçi ziyalı, publisist Qurbanəli Şərifzadəyə (1854-1917) ünvanladığı məktubda Cavid əfəndi yazırdı: “Mədəniyyətə həsr edilmiş bu əsrdə ki hamı elm əldə etməyə rəğbət və hər kim mərifət qazanmağa qeyrət göstərir, heç insaf ki, biz bəsir gözümüzü yumaq qəflətə, cəhalətə cumaq?” Şair maarifçi müasirləri kimi mədəni tərəqqini ancaq məktəbdə görürdü: “Bizə yalnız məktəb lazımdır, bütün inqilabi-mədəniyyə həp məktəb məhsuludur...”
Cavid dünya elminə, mədəniyyətinə inteqrasiya üçün, estetik düşüncənin zənginləşməsi naminə xarici dil öyrənməyin vacibliyini vurğulayır, Q.Şərifzadəyə məktubunda buna ciddi ehtiyacının olduğunu bildirirdi: “Hətta qüvveyi-maliyyəyə malik olsam belə, yenə İstanbula vida etməyi məsləhət görürəm. İndi mükəmməlcə bir əcnəbi lisanına ehtiyacım var ki, iki-üç sənə uğraşmaq lazım, ona da para yok. Ən məsləhəti bu ki, ruscayı öyrənməyə çalışalım. Əgərçi, ingiliscə, almanca, fransızca lisanlardan birini layiqincə öyrənmək vacibdir”.
Hər bir sənətkar yaşadığı mühitə dövrün sosioloji-estetik meyarları prizmasından yanaşır. Maraqlıdır ki, “Sənət sənət üçündür” nəzəriyyəsi ilə tənqid edilən Cavid millətin ümumi inkişafında sosial vəziyyətindən və cinsindən asılı olmayaraq, hər bir vətən övladının savad almasının əhəmiyyətini önə çəkirdi. Buna görə də böyük ədib hətta öz ailəsində xidmət edən Həlimə adlı qızın da təhsil almasını tövsiyə edir, Kislovodskdan Mişkinaz xanıma yazırdı ki, “Ərtoğrol Həlimənin də dərslərinə baxsın...”
Əvvəllər romantizm ədəbi cəbhəsində hakim olan tendensiya - “yer üzünün əşrəfi olan insan bir-birinin qanını tökməz, öldürməz” və bu kimi digər ideyalar sonralar özünü doğrultmadı. İlk olaraq I Dünya müharibəsi (1914-1918) bu yanaşmanın boş, mənasız olduğunu göstərdi. Cavid də bu fikirdə idi ki, nə qədər qanunlar təkmilləşdirilmir, ictimai fikir məhdudiyyətlərdən yaxa qurtarmayıb, hələ milli istiqlaldan danışmaq tezdir. O, çox gözəl bilirdi ki, xalqların milli özünüdərki konkret tarixi şəraitin imkanları xaricindədir.
Cavid 1909-cu ildə Q.Şərifzadəyə yazırdı: “Tərbiyeyi-mədəniyyəyə gəlincə ki, əsas odur - əlhəmdulillah, o, külliyən məfquddur (yoxdur). Bu səbəbə bəndəniz iranlıların və Qafqazın hənuz mədəniyyətə yaxlaşmamış tərəflərinin atisini iyirmi-otuz sənəyə qədər çox zəhmətli və qaranlıq görür. Neçin? - deyəcəksiniz... Çünki əsas yoxdur, əfəndim, əsas!? Əsası, kökü bərkitmək üçün yalnız “evolyusion-qanuni təkamülə” ehtiyac vardır. Cüzi və səthi bir idman və mümarisə (təkrar məşq, təlim) istər, yoxsa işdə əsas olmaz isə, inqilab heç bir fayda verməz. Fəqət məmafih (bununla yanaşı) mən Qafqazın istiqbalını İrana nisbətlə daha ziyadə parlaq görürəm”.
1905-ci ildən etibarən çar Rusiyası, eləcə də Asiya və Şərqi Avropada geniş vüsət alan milli azadlıq hərəkatları Azərbaycana da təsirsiz qalmamışdı. Bakıda və digər mədəni mərkəzlərdə kütləvi tətillərin arealı get-gedə genişlənirdi. Həqiqətən də, Cavid dünyagörüşündə yanılmamışdı. Az keçmədi xalqımızın milli mübarizəyə atılan mərd oğulları, nəhayət əsarət köhləninin dizini qırdı və 1918-ci ildə müsəlman Şərqində ilk demokratik, dünyəvi və sivil dəyərlərə malik Azərbaycan Xalq Cümhuriyyətini qurmağa nail oldular. Cavidin də düşüncəsində əbədi kök salan hürriyyət sevdası qısa (23 ay) da olsa, xalqımızı bağrına basdı. Cavid əfəndinin ruhu yəqin ki, duymuş olar: bu gün artıq müstəqil Azərbaycan Respublikası 25 illiyini qeyd edir...

“Əsir olduğum... həqiqət və məhəbbətdir”

Özünü “Hüsnü-xuda” şairi adlandıran Cavid yaradıcılığının birinci mərhələsində ortaya qoyduğu “Mənim Tanrım gözəllikdir, sevgidir” tendensiyasına məktublarında da sadiq qalmışdır. 1908-ci ildə Q.Şərifzadəyə məktubunda oxuyuruq: “... Mənim təbiətim, yaradılmışım bütün-bütün bu illətdən (burada dilənçilik nəzərdə tutulur - F.Y.) qaçar, bu zillətdən qorxar. Mən hamballığı, xidmətkarlığı çox ziyadə sevərəm. Fəqət belə bir dövri-hürriyyətə və zəmani-səadətə mənliyimi satmaq, əsir olmaq istəməm. Əsir olduğum bir şey varsa, o da həqiqət və məhəbbətdir”.
Məzlumların halına yanan Cavid öz həyat təcrübəsində “yoxsulluq eyib deyil” qənaətinə gəlmiş, həmişə namuslu və şərəfli həyat sürmüşdür. Sidqiyə yazdığı məktublarının birində “Toxun acdan xəbəri olmaz” atalar sözünü poetik misralarla belə ifadə etmişdir:

Könlünü könlüm kimi əgər etsən,
Məndəki möhnəti sən dərk edərsən.
Tox çörək qayğısını bilməz belə,
Ac yavan çörək yeyər çox həvəslə.


Valideyn müqəddəsliyi

Qadının, xüsusilə də ananın yüksək qiymətləndirilməsi əslində Cavidin bütün insanlığa olan humanist münasibətindən qaynaqlanırdı. “Qadın gülərsə, bu ıssız mühitimiz güləcək, Sürüklənən bəşəriyyət qadınla yüksələcək!” - deməklə şair şəriət adı ilə pərdələnərək qadınlığın uca məqamına kölgə salmağa çalışanlara dərs verirdi. Qardaşı Əlirzanın təlim-tərbiyəsi ilə əlaqədar Q.Şərifzadəyə ünvanladığı məktubunda da Cavidin anaya, bu müqəddəs varlığa necə həssas yanaşdığının şahidi oluruq: “...Onun (Əlirzanın - F.Y.) nə İstanbula getməsini, nə də başqa yerə getməsini mən qısqanmıram. Lakin siz bildiyiniz kimi, əgər o da mənimtək oxumaq üçün qürbət vilayətə gedərsə, anam ikimizin ayrılığına tab gətirməyəcək, “Həyat” qəzeti kimi diri-diri vəfat edəcəkdir”.
Cavidin Q.Şərifzadənin oğlu, tanınmış ədəbiyyatşünas alim, professor Əziz Şərifə (1895-1988) yazdığı bir məktubda ataya da sonsuz ehtiramı olduğunu görürük. Məktubda qeyd olunur ki, “Atanı təqdis edirsən (müqəddəsləşdirirsən - F.Y.) - “böyük ruhlu qoca...” - deyə, ən səmimi hissiyyat ilə ona qarşı hörmət bəslədiyini söyləyirsən. Haqsız deyilsən, əzizim, çünki o, düşündüyündən daha böyük, daha alicənabdır. Hətta yalnız sən deyil, mən və mənim kimi Naxçıvan mühitində yetişmiş gənclər həp ona qarşı mənəviyyatca mədyuni-şükran olmalıdır...”
Hüseyn Cavidin epistolyar irsi ilə yaxından tanış olduqda onun dünyagörüşü və estetik idealları baxımından milli köklərə möhkəm bağlılığının şahidi oluruq. İnsanları xoşbəxt görmək istədiyini, bu istiqamətdə çalışdığını sübut edən zəngin irsi onun humanizminin əsas məziyyətidir. Cavid üzərində zəhməti olan M.T.Sidqiyə, Q.Şərifzadə və başqalarına ömrü boyu sədaqət göstərmiş, onları minnətdarlıqla yada salmışdır.
Vaxtilə tanınmış maarif və mətbuat xadimi Məmmədəli Sidqiyə (1888-1956) məktubunda yazırdı: “Məni rus qəzetlərində tərif edirmişsən, çox nahaq. Bir şey ki, səni məhcub edə bilər, neçin yapırsan?” Şair 30-cu illərdə, ona qarşı təzyiqlərin artdığı bir dövrdə, haqqında ədalətli yazanların “başağrısı” çəkməsini istəmirdi. Bu da onu göstərir ki, hər cür maneəyə rəğmən Cavid estetik idealına ömrü boyu sadiq qalmış, məktublarında belə qətiyyət və humanizminin xilafına getməmişdir.

Fariz Yunisli