Gözəlliklər aşiqi, milli istiqlal yolçusu, azadlıq, müstəqillik mücahidi - Xəlil Rza Ulutürk

Söz, şer-şeiriyyət aləminin ab-havasını bir xeyli dəyişmiş hesab edilən bu sənətkar öz milli çaba-çalışmaları ilə şairlik “peşə”sinin də mahiyyətində inqilab etmiş oldu. Şairliyi, çoxmilyonlu və çoxrəyli oxucu ordusunun bir qismində əsrlərlə yaşayan (və hələ yaşayası) “gül-bülbül aşiqliyi” sinfinə mənsubluq qarasından çıxardı. Bəzilərinin mübarizədə “sıravi əsgər” belə hesab etmədiyi sözü, sənəti generallığa yüksəltdi...

Bütün hərbi-siyasi çinlilərimizin, ictimai-maarifi aydınlarımızın hələ leqal ya qeyri-leqal qımıldandığı dövrlərdə yazdı (və çap etdirə bildi!) ki;

Azadlığı istəmirəm -
Zərrə-zərrə, qram-qram.
Qolumdakı zəncirləri qıram gərək,
Qıram! Qıram!
Azadlığı istəmirəm
Bir həb kimi, dərman kimi.
İstəyirəm səma kimi,
Günəş kimi,
Cahan kimi:
Çəkil, çəkil, ey qəsbkar,
Mən bu yurdun gur səsiyəm:
Gərək deyil sısqa bulaq,
Mən ümmanlar təşnəsiyəm!..


Bu canlı alov, şanlı qələm, Vətəni istiqlala, birləşdirməyə layiq oğulları “öz kişi bətnindən doğmaq” istəkli -

Ər oğlu Ər

21 oktyabr 1932-ci ildə indiki Salyanın Pirəbbə kəndində doğuldu, heç bir qəzet-jurnal yazısına sığmayası Vətən ömrü, məmləkət aşiqliyi, millət mücadiləsi yaşayıb, 1994-cü ilin iyununda Bakıda vəfat etdi...
Bu nəqli informasiyadakı ilk və sonuncu ifadələr, mənə, hər şeydən öncə, O.Balzakın bir fikrini xatırlatdı: “Dahilər ucqarlarda doğulur, Parisdə ölür”...
Belə bir “canlı təlatüm”ün təqdimatı üçün o qədər də vacib olmasa da, deyək ki, bu böyük Ulutürk-şair, həm də ünlü tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru, Əməkdar incəsənət xadimi, “İstiqlal” ordeni, M.F.Axundov mükafatı laureatı, Xalq şairi kimi şərəfli ad və təltifatlar daşıyıcısıdır.
1954-cü ildə ADU-nun (BDU) jurnalistikasını bitirib, əmək fəaliyyətinə “Azərbaycan qadını” jurnalında başlayan X.Rza dövri mətbuatda çap etdirdiyi məqalə və şeirləri, “Bahar gəlir” kitabı ilə ədəbi ictimaiyyətin diqqətini dərhal cəlb edir. 1957-ci ildə AYB onu Moskvaya, M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutuna (Ali ədəbiyyat kurslarına) göndərir. Görkəmli rus sənətkarlarından P.Antokolski, S.Marşak, M.Şoloxov, “dahi mühacir” N.Hikmətlə görüşləri gənc şairin əbədi xatirə işığına çevrilir. Bakıya qayıtdıqdan sonra təhsilini APİ-nin aspiranturasında davam etdirir. “Müharibədən sonrakı Azərbaycan sovet ədəbiyyatında poema janrı” mövzulu dissertasiyanın böyük uğuru rəhbərlikdə bu “millətçi ünsür”ün institutda müəllim saxlanıb-saxlanmaması “dilemma”sında müsbətə işləyir -

Və...

Bir vaxt tələbə auditoriyalarından “ən nadinc” müdavim kimi çıxmış bu adam o ictimai otaqlara müəllim kimi daxil olduğu gündən, nümayəndələri hələ də qalan tələbələri demişkən, “dərs proqramı çərçivələri gedir işinə”. Onun mühazirələrində “Proletariatın dahi rəhbəri”, “Sov.İKP-yə eşq”, “İkinc ana dili” və s. kimi tərkib və “bülbüloqrafiya”lar birdəfəlik eşidilməz olur. Əvəzində - ümumbəşəri kontekstdən başlayan vətənpərvərlik, qədim milli dəyərlərimiz, dilimizin işləkliyi və təmizliyi uğrunda çalış-çarpışmaları, ürək yanğılı mülahizə-mühakimələri və nəhayət, 25 il bundan öncə uğraşdığımız Azadlıq-Müstəqilliyimizə bünövrə daşları hesab edə biləcəyimiz millətçilik düşüncələri...
Bütün bunlar dövlətin hakim dairələrinin nəzər-diqqətindən yayınmır və çox çəkmir ki, onun ictimai-pedaqoji fəaliyyəti məhdudlaşdırılır. “Bilik” cəmiyyəti xəttilə rayonlarımıza gedişləri qadağan olur. Kürsülərə qalxarkən tezcənək durub salonu tərk edənlərin sayı artır. Nəhayət, onu APİ-dən tamamilə uzaqlaşdırırlar. AMEA Nizami adına Ədəbiyyat İnstitutunda Azərbaycan-özbək ədəbi əlaqələri (M.Şeyxzadənin həyat və yaradıcılığı) haqqında monoqrafik əsərlər üzərində çalışsa da, “şübhəli şəxs” damğasından xilas ola bilmir.
Lakin bütün bu ictimai-siyasi soyuqluqlar od-alov canlı şairi sarsıda bilmir. 80-ci illəri axırında başlanan milli azadlıq hərəkatı zamanı ayrıca bir Xəlil Rza səsi gurlayır. Bu hərəkata bütün varlığı və öncüllüyü ilə qoşulan alovlu-tribun şairin sovet məkrini, rus-şovinist siyasətini, Dağlıq Qarabağ torpağına təcavüz edən erməni daşnaklarının strateji görülərini qamçılayan bənzərsiz hayqırtıları ölkəmizin hüdudlarını aşıb, haqq səsimizi bütün dünyaya daşıyırdı:

Biz Türküstan elləriyik,
Qeyrət, qüdrət selləriyik.
Daşnakları qovan bizik,
Dar gözləri ovan bizik.
Yetər meydan suladılar,
Yurdumuzu taladılar.


Lakin dünya da öz “işlərində” idi. Son günlərini yaşayan sovet imperiyası 1990-cı ilin 20 yanvarında Bakıya divan tutdu. Bu qətliama qarşı bağrı yarılanadək hayqıran, bütün qüvvəsilə gecə-gündüz dinclik bilmədən, ürəyini məşələ çevirib xalqı düşmənlərə qarşı mübarizəyə səsləyən, xarici jurnalistlərə verdiyi müsahibələrdə Qanlı Yanvarı, Qorbaçovun və onun əlaltılarının cəlladlığını dünya ictimaiyyətinə çatdıran Xəlil Rza 1990-cı il yanvarın 26-da SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları tərəfindən həbs edilib Moskvaya - Lefortovo həbsxanasına göndərildi. O, zindanda da mübarizəsini davam etdirdi, 8 ay 13 gün adi insanlıq mühitindən belə təcrid olunmuş sənətkar odlu-alovlu qəlbinin işığında məşhur (“Ulutürk” təxəllüsünün bazisi hesab olunası) “Lefortovo gündəliyi”ni, 200-dən çox mübarizə ruhlu şeir, poema və məktublar yazdı. Qadağa illərində “Məhəbbət dastanı”, “Mənim günəşim”, “Qollarını geniş aç”, “Ucalıq”, “Doğmalıq”, “Ömürdən uzun gecələr”, “Hara gedir bu dünya” kimi sərlövhələrdən dərinə gedə bilməyən şair azadlıq ab-havalı və imzalı illərdə “Daşdan çıxan bulaq”, “Məndən başlanır vətənim”, “Davam edir 37”, “Türkün dünyası”, “Bağışla, ey vətən!” və... doğma Qarabağ savaşında şəhid olmuş övladının xatirəsinə “Qəhrəman Təbrizim” başlıqlarına əbədiyyət imzaları qoydu...

Bala da yaddan çıxır, qanad gərəndə ölüm,
Yox, mən qaça bilməzdim... qaça bilməzdim, gülüm!
Mən sonadək Bakımın hayanı olmalıydım,
Hayan ola bilməsəm, qurbanı olmalıydım.
Yoxdur üçüncü bir yol... Bir həyat var, bir ölüm.
Yox, mən qaça bilməzdim... qaça bilməzdim, gülüm!..


...Ruhun şad, yerin behişt, Turanın ulu Ulutürkü! Bu xalqın qədirbilən qismi Səni məndən də yaxşı tanıdığına, çoxunun şeirlərinlə birgə ömür mübarizəni də əzbər bildiyinə görə bu qədər...

Tahir Abbaslı