Türk xalqlarının dünya elminə, mədəniyyətinə bəxş etdiyi məşhur alimlərdən biri də özbək astronomu və riyaziyyatçısı Əli Quşçu olub.
Əli ibn Məhəmməd əl-Quşçu 1403-cü ildə qədim Türküstanın Səmərqənd şəhərində (Özbəkistan) dünyaya göz açıb. Atası Əmir Teymur və onun nəvəsi Uluqbəyin quş bəsləyəni olduğundan sonradan bu, onların soyadına çevrilir.
Taxt-tacdan daha çox elmlə maraqlanan Uluqbəy rəsədxana quraraq vaxtını orada keçirərdi. Məhəmməd də hərdən şahzadə ilə bərabər rəsədxanaya girir və səmanı seyr edirdi. Gördüklərini evdə danışdığı üçün balaca Əlidə də bu sahəyə maraq oyadır. Oğlunun bu sahəyə həvəsi olduğundan onu dövrünün tanınmış elm adamlarından Bursalı Qadızadə Rumi, Qiyasəddin Cəmşid (Qiyas əl-Kaşi) və Muinuddin Kaşidən riyaziyyat və astronomiya elmlərini öyrənir. Mənbələrə görə, Q.Cəmşid onun haqqında deyib: “Bu uşaq göyləri yerə endirəcək, ulduzları gah yerlərdə, gah da göylərdə öyrənəcək və sonda böyük alim olacaq. Onun göy cismlərinə olan marağına heyran qalmamaq mümkün deyil. İmkanı olsaydı, quş kimi göylərə uçar, ulduzlara qonaq gedərdi”.
Əlinin istedadının sorağı Uluqbəyə də çatır. Şahzadə onu öz himayəsinə götürür. Bir gün Uluqbəy məşhur elm adamlarının toplaşdığı yığıncaqda deyir: “Məndən sonra bu rəsədxana yalnız Əliyə əmanət edilə bilər. Özümdən sonra rəsədxananı idarə etməyi Əliyə tapşırdım. O məndən çox-çox uzaqlara gedəcək, yeni dünyalar tapacaq”.
Əli təhsilini artırmaq üçün Kirmana gedir və orada “Şərhi-təcrid” əsərini yazır. Təhsilini başa vurduqdan sonra Səmərqəndə dönür, 1436-1439-cu illərdə Uluqbəyin rəsədxanasının müdiri olur.
Uluqbəy saraydan, taxt-tacdan nə qədər qaçsa da, taleyin hökmündən qaça bilmir. O da hökmdar taxtında oturur. Lakin onun hökmranlığı uzun sürmür. Oğlu Əbdüllətif ona qarşı çıxır. Ata övladı ilə mübarizə aparmaqdan imtina edir. 1449-cu ildə təslim olur və aman istəyir. Şeyxlər elə həmin gün məhkəmə qurur, onu zalımlıqda, ədalətsizlikdə günahlandırırlar. O, məhkəmədən yalnız bircə şey, Səmərqənddə qalmağa və elmlə məşğul olmağa icazə istəyir. Məhkəmə isə qərar çıxarır ki, xan günahlarını yumaq üçün mütləq Məkkəyə getsin. Lakin şeyxlər elə həmin gecə başqa bir qərarla onu ölüm cəzasına məhkum edirlər. Üç gündən sonra Uluqbəy Məkkəyə yola düşür. Lakin Səmərqəndə yaxın kəndlərin birində görkəmli alim-hömkdar qətlə yetirilir.
Onun ölüm xəbəri Əli Quşçuya çatır. O, bilirdi ki, Uluqbəyin qətli şagirdlərinin və əsərlərinin məhvi deməkdir. Ona görə də tez rəsədxanaya gəlir, kağızla dolu kisəni götürüb oradan uzaqlaşır... Əvvəl Çində və Heratda olur. Sonra İstanbula gedən alim orada Uluqbəyin “Ulduz cədvəli” kitabını çap etdirir və əsər tezliklə Dəməşqdə və Qahirədə yenidən nəşr olunur.
Əli Quşçu Təbrizdə Ağqoyunlu hökmdarı Uzun Həsənlə görüşür. Uzun Həsən onu böyük ehtiramla qarşılayır. Həmin dövrdə Ağqoyunlularla Osmanlılar arasında gərginlik var idi. Bu problemi aradan qaldırmaq Əli Quşçuya tapşırılır. O, Osmanlı sultanı Mehmet Fatehin yanına sülh danışıqlarına gedir. Diplomatik səylərdən sonra iki hökmdar arasında düşmənçilik tədricən aradan qaldırılır. Əli Quşçunun elminə, qabiliyyətinə heyran olan Fateh bir müddət sonra onu İstanbula dəvət edir və o, Ayasofya mədrəsəsinə müəllim təyin olunur. Burada adları hörmətlə xatırlanan Xoca Sinan Paşa, Molla Lütfi, Takiyüddin kimi alimlər nəsli yetişdirir.
Əli Quşçunun astronomiya və riyaziyyata aid əsərləri uzun əsrlər Avropa və Şərqin tanınmış elm ocaqlarında dərslik kimi istifadə edilib. Görkəmli alim 1474-cü ildə İstanbulda vəfat edib, Eyyub Sultan qəbiristanlığında dəfn olunub.

Savalan Fərəcov