Kaş, uca Tanrı hər kəsə elə uzun və mənalı ömür bəxş edəydi ki, heç bir xatirə yazısına “ömür vəfa etsəydi, yaşasaydı” deyibən başlamayaydıq...
...Təəssüf ki, budəfəki yazını belə başlamalı olduq: əgər yaşasaydı, sabah tanınmış aktyor Şahin Cəbrayılovun 65 yaşı tamam olacaqdı...
...Əgər sağlamlığa balta vuran xəstəliklər onu aktyor ömrünün ən qaynar çağında haqlamasaydı, yubileyini iş başında, sənət dostlarının yanında, səhnədə, ailəsinin yanında qarşılayardı, görmədiyi nəvələrinin təbrikini qəbul edərdi...

Şahin Cəbrayılov. İti baxışları, enli alnı, qalın məxməri səsi, xəsis təbəssümü ilə yaddaqalan aktyor. Mənim üçün o, daha çox "Kökdən düşmüş piano" televiziya tamaşasındakı vicdanlı (mənim arzuladığım kimi) və pişiyini çox sevən (eynilə mənim kimi) jurnalist Nəriman idi. Bu tamaşanın premyerası mənim artıq jurnalist olmaq məqsədimi dəqiqləşdirdiyim zamana təsadüf edirdi deyə, Nəriman ədəbi qəhrəman da olsa, ona təcrübəli və örnək olası həmkarım kimi baxırdım. Ürəyimdə nə vaxtsa Şahin Cəbrayılov ilə görüşmək, ondan müsahibə almaq həvəsi də yaranırdı, bir televiziya tamaşasından yaranan münasibəti onun özünə danışmaq istəyi də ürəyimdən keçirdi. Amma qismət...
O qismət deyilən nəsnənin hökmü ilə bir zamanlar Şahin Cəbrayılovun sənət məbədi kimi baxdığı, canını, əsəblərini qoyduğu, özünü başqa heç bir səhnədə görmədiyindən bütün qəlbilə bağlı olduğu Akademik Milli Dram Teatrının foyesində əyləşib, oğlu - Əməkdar artist Elşən Cəbrayılovla mərhum aktyoru yada salırıq.
- Atam mənim həkim olmağımı istəyirdi. Amma özü də görürdü ki, bütün fikrim-məqsədim sənətlə, teatrla bağlıdır. Məni İncəsənət Universitetinə özü hazırlaşdırsa da, son günədək dedi ki, bəlkə fikrini dəyişəsən, başqa sahəyə gedəsən. Mən isə özümü başqa sahədə görmürdüm... Həm də bir niyyətim var idi: atamın səhhəti üzündən sənətdə edə bilmədiklərini etmək, onun qazana bilmədiyi nailiyyətləri əldə etmək.
* * *
Şahin Cəbrayılovu yaxşı tanıyanlar bilirlər ki, çox əsəbi, həssas, həm teatra, həm də özünə qarşı tələbkar adam olub. Elə bu həssaslıq, bu əsəbilik onun ürəyini yavaş-yavaş didib. Hər dəfə atasından söz düşəndə uşaq kimi kövrələn Elşən özünə toxtaqlıq verib sözünə davam edir:
- Anam atama deyərdi ki, Şahin, hər şeyi ürəyinə salma, cavansan, balaların körpədi, bizi düşün. Amma o, xarakterinin əksinə gedə bilmirdi. 38 yaşında ilk dəfə infarkt keçirdi, bununla da sağlamlığına zərbə dəydi... Sonra yenə iki infarkt, insult, iflic... Beləcə, yataq xəstəsinə çevrildi...
- Sizin ailənizi tanıyanlardan dəfələrlə eşitmişəm ki, Elşən çox yaxşı oğul olub. Əgər o olmasaydı, Şahin heç 57 yaşınadək də yaşamazdı...
- Atam xəstələnənədək bizi çox yaxşı saxlayıb, qazancı evində olub, anamı, məni, bacılarımı çox yaxşı dolandırıb. Teatrda çox böyük rolları olmasa da, tamaşalarda məşğul idi, günü teatrda keçərdi, həm də dərs deyirdi, filmlərə, televiziya tamaşalarına çəkilirdi. Yadımdadır, o zaman "Azdarama"nın üçaylıq repertuar kitabçası çap olunardı. Biz axşam yatmaq istəməyib atamızı gözləyəndə anam həmin kitabçanı vərəqləyər, deyərdi ki, baxın, bu gün atanın tamaşası var, gec gələcək, yatın. Atam ilk dəfə infarkt keçirəndə 13 yaşım vardı... Mən həmin gün böyüdüm. Düzdür, birinci infarktdan sonra atam ayağa qalxdı, teatra qayıtdı, hətta truppa müdiri də işlədi, aktyor kimi səhnəyə də çıxdı. "Hökmdar və qızı" tamaşasındakı İrəvan xanı Məhəmməd xan onun son rolu oldu.
O ki qaldı atamın əziyyətini çəkməyimə, bu, mənim övladlıq borcum idi. 16 yaşımdan işləyirəm. Vaxt olub ki, iki teatrda işləmişəm - Akademik Milli Dram Teatrında aktyor, Musiqili Teatrda da balet artisti, rəqqas kimi çalışmışam. Çox ağır günlərimiz olub. Vaxt olub ki, atama dərman almağa pulumuz olmayıb. O, qürurlu adam idi. Kimsədən minnət götürməzdi. Amma mən bir neçə dəfə Mədəniyyət və Turizm Nazirliyinə, Nazirlər Kabinetinə, şəxsən Elçin Əfəndiyevə müraciət etmişdim. Sağ olsunlar, ağız açdığım hər kəs köməyini əsirgəməmişdi. Bununla belə, mən də təkrar-təkrar eyni qapını döyməyə utanırdım. Dövlət tədbirlərində, müxtəlif məclislərdə aparıcılıq edirdim ki, evə pul gətirim. Mən bütün kişilərə anam kimi həyat yoldaşı arzulayıram!.. Anam gözəlliyini, cavanlığını atamın xəstəliyinə qurban verdi, özü şəkər xəstəliyi tapdı... Atamın məclisində bizə gələn hər kəs anamın əlindən öpürdü ki, sağ olsun Esmira xanım, Şahinə çox yaxşı həyat yoldaşı oldu.
* * *
Bəlkə də teatra, aktyorluq sənətinə XXI əsrdə maraq göstərməyə başlayanlar aktyor Şahin Cəbrayılovu yaxşı tanımasınlar. Amma ötən əsrin 70-80-ci illərində Akademik Milli Dram Teatrının tamaşalarını izləyənlər bu xarakterik rollar ustasını yaxşı xatırlayırlar. Geniş tamaşaçı kütləsi üçün isə o, müxtəlif illərdə lentə alınmış "Alman klinikasına şəxsi səfər", "Bayquş gələndə", "Qızıl uçurum", "Ömürdən uzun gecə", "Yol əhvalatı" filmlərində, "Göz həkimi", "Günahsız Abdulla", "Kişilər", "Qatarda", "Topal Teymur", "Kökdən düşmüş piano" kimi televiziya tamaşalarındakı maraqlı obrazların ifaçısı, qəfil səhnədən, ekrandan uzaq düşən aktyordur.
Söz yenə aktyor Elşən Cəbrayılovundur:
- Mən əminəm ki, əgər atam ağır xəstəliklər üzündən yatağa düşməsəydi, sənət dostlarının qazandığı uğurlar, təltiflər onun da payına düşəcəkdi. Amma həyatda qismət deyilən bir ömür payı da var. Hərdən mənə elə gəlir ki, atamın həyatda bəxti əvvəldən gətirməyib. Atası cavan rəhmətə gedib, onlar ayaq üstə müstəqil durmağa macal tapmamış anası dünyasını dəyişib. Uşaqlığı, gəncliyi çətinliklə keçib. Heç yadımdan çıxmaz, ölümünə bir həftə qalmışdı. Mən axşam tədbirdən gəlib yemək yeyirdim. Hiss etdim ki, diqqətlə mənə baxır. Başımı qaldırdım. Dedi ki, mənim üçün çox əziyyət çəkdin, mənim üzümdən uşaqlığın, gəncliyin olmadı, halal elə! Demə, hiss edibmiş ki, ömrü tükənib...
Təəssüf ki, atam nə mənim, nə də sonbeşiyi Günelin toyunu, bizim övladlarımızı görmədi. Oğluma atamın adını qoymuşam. Çox xoşbəxtəm ki, aktyor Şahin Cəbrayılovun oğluyam. Çalışıram ki, onun adını yaşadım. Hərdən "Şahin Cəbrayılovun oğludur, özü də aktyordur" kəlmələrini eşidəndə çox sevinirəm. Atam maddi baxımdan zəngin deyildi. Ondan mənə böyük kitabxana, bir də iki həyat gündəliyi miras qalıb. Həmin gündəliklərdə teatr, həyat, başına gələnlər barədə yazıb. Mən gündəlikləri oxuduğumdan bilirəm ki, kimdən hansı hərəkəti gözləmək olar. Ondan aldığım atalıq sevgisi, kişilik məktəbi, mənliyi qorumaq və qüruru sındırmamaq dərslərinin bəhrəsini görürəm.
* * *
..."Kökdən düşmüş piano". Bilmirəm, görəsən, bu əsəri təkrar səhnələşdirmək hansısa rejissorun ürəyindən keçibmi? Keçibsə də, yəqin buna cəsarət etməyib. Axı, ruhu şad olmuşlar Yaşar Nurinin, Şahin Cəbrayılovun, uzun ömür arzuladığımız Səidə Quliyevanın, Zərnigar Atakişiyevanın adi məişət münasibəti üstündə böyük obraz yaratdığı tamaşanı kölgədə qoymaq mümkünsüz... Amma tamaşanın adı "Kökdən düşmüş piano". Tamaşanın sonunda Usta jurnalist Nərimanın evində pianonu kökləyir. Tamaşaçı isə köklənmiş alətdə ev sahiblərinin hansı musiqini çaldığını eşitmir. Məncə, o əsər janrına görə sərbəst formalı, epik xarakterli rapsodiya ola bilərdi... Elə insan, sənətkar həyatı da rapsodiyaya oxşamırmı? Bəzən isə... rapsodiya yarımçıq qalır... Nəriman obrazının ifaçısının vaxtsız qırılan ömrü kimi...

Gülcahan Mirməmməd