Səndə ustad Qurban Pirimov nişanələri, tər-təzanələri də var...

Oxu, ey ulu muğam aləmimizin həmişə olu baş qəhrəmanı!..
Sədalan, ey bütün şəxsi-ictimai düzənli tədbirlərimizin, hər cür çal-çağır məclislərimizin, həzin-hüzn halətlərimizin ali aləti...
Mizrablan, ey qoca Şərqin ilk operasında dünyəvi orkestrin əsas səs-səda sarbanı, bu yazı qəhrəmanımızın sinəsində qırx il dil çalıb, Leylini Məcnuna “verə bilməyən” milli könül Elçisi...


Bu yazıma yazıların ən asan faktlarından başlayım; Pirimov Qurban Baxşəli oğlu 1880-ci il oktyabrın 30-da Şuşa qəzasının Gülablı kəndində doğulub, 1965-ci il avqustun 29-da Bakıda vəfat edib.
Bəs bu 85 illik ömürdə nələr edib, böyük sənətdə, doğma və “yad” yaddaşlarda nə kimi izlər qoyub gedib?
Bu sənətkarın ilk ustadı Qarabağın “gözəllik adası” adlanan Abdal-Gülablının təbiəti olub; onun doğum çağlarında hələ o gözəlliklərə insan müdaxiləsi olmayıbmış. Məşhur Qarabağ aşığı (18-ci yüzillik) Valehin istedadlı nəticəsi kimi tanınan, on iki yaşında sinəsinə tar alan, böyük sənətə “Sudan gələn sürməli qız” əlifbası ilə başlayan Qurban müasir Azərbaycan tarının yaradıcısı Sadıqcandan aldığı dərslə daha da tanınır və ustadının xeyir-duası ilə Qarabağ toylarında məşhur xanəndələri müşayiət etməyə başlayır. 1905-ci ildə Cabbar Qaryağdıoğlu, Saşa Oqanezaşvili və Qurban Pirimovdan ibarət məşhur musiqi üçlüyü yaranır və tezliklə bütün Qafqaza səs salır. Toyların birində “məşhuri-cahan xanəndə” İslam Abdullayev Qurbanın ifasına heyran qalır və onu öz dəstəsinə tarzən götürür. Elə həmin il Qurbanın taleyində daha uğurlu bir olay baş verir; Gəncə toylarının birində Cabbar Qaryağdıoğlu onun çalğısını bəyənir və İ.Abdullayevdən razılıq alaraq, Qurbanı Bakıya gətirir.
Həmin illərsə paytaxtımızın tək elə neft mədənləri yox, mədəniyyət sahələri də fontanlayırdı. Mətbuat Üzeyir bəy Hacıbəylinin “operetta” şedevrləri ardınca “opera” möcüzəsi bünövrəsi qoyması haqda məlumatlar verirdi. Nəhayət, milli mədəniyyət tariximizi şərəf-şöhrətləndirən “Leyli və Məcnun” operası 1908-ci ilin yanvarında səhnəyə çıxır və Qurban Pirimov onun ilk tamaşasında orkestrin solisti olur. Bir neçə il sonra (1912) Q.Primovun ifa etdiyi muğamlar Varşavada (“Sport-rekord" firmasında) qrammofon valına yazılır.
O illərin şahidlərinin xatirə-yazılarına görə, bu ustad tarzən müşayiət etdiyi məşhur xanəndələr arasında ən çox Xan Şuşinskiyə bağlanır. Bu haqda ötən yazılarımda geniş bəhs etdiyimdən, indi sözümə belə bir yarımbaşlıqla davam edirəm:

Böyük ustad - xatirələrdə

Səksən beş il insan ömürü, yetmiş il bənzərsiz sənətkarlıq dövranı (özü də audio-video-diktofon yoxluğu, qrammofon-maqnitofon primitivliyi dövründə) yaşamış bir ustadın “xatirələrdə”lik yatırını qədərincə yığıb sərgiləmək mümkünmü? İndilər, onun “əyani” dinləyici-tamaşaçısı olmuşların əksər qismi o dünyada, “qiyabi”lərin bir parası “söz çözüb-fikir yozammayan” qocalıq-qarılıqda, az-parası da “ovaxtlar hardan ağlımıza gələydi ki, belə bir virtuozu dinləyirik?!” kimi ilğımi-idillik nostaljilərdə...
Ancaq, hər halda, tarixin unutqanlıq xəlbirindən keçməyib, “gidi dünya” dəyirmanında üyünməmiş olğu-duyğular da az deyil. Ulu sənətimizi daim uca tutmuş bu sənətkarın qos-qoca dəmlərindən xəbər verən yazılar, sevgi dolu söyləmələr var.
Görkəmli musiqişünas, mərhum Firudin Şuşinski:
“Mən Qurban Primovu son dəfə 1965-ci il avqustun 10-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında çıxış edərkən görmüşəm. Konsertdə gənc ifaçılarla bərabər, 85 yaşlı qocaman tarzən də iştirak edirdi. O, “Rahab” çalırdı. Sənət yollarında saç ağartmış tarzən öz sədəfli tarını sinəsinə, barmaqlarını simlərə gənclik ehtirası ilə toxundurduqca tellərdən qopan xoş, ürək oxşayan sədalar dinləyicilərin ruhunu oxşayırdı. Mən, bir musiqişünas və ustadsevər kimi, çalğının “es”ində saatımı qurdum və “akkord”unda baxdım ki, düz 23 dəqiqə keçib. Sürəkli alqışlarla birlikdə - yarım saat ötdü və tamaşaçılar qocaman tarzəni səhnəyə yenidən dəvət etdilər. Bu dəfə də eyni ustalıq, eyni alqışlar. Ustad öz pərəstişkarlarının çağrısını üçüncü dəfə də qəbul etməyə “məcbur” oldu. Biz əl çalmaqdan yorulduq, xalqımızın “Qurban əmi”si isə, səhnəni cavan oğlan kimi tərk etdi...”
Xalq artisti Canəli Əkbərov da, Azərbaycanın ilk Xalq artistini böyük məhəbbət və fəxarətlə xatırlayır:
“Mən ağlım kəsəndən bu sənətin aşiqi olmuşam, dahi tarzən Qurban Pirimovun ifalarını və onun müşayiətilə dinlədiyim xanəndələri eşidəndən sonra isə əsil Məcnuna çevrilmişəm! Evimizdə bu əsrarəngiz sənətkarın çoxlu qrammofon valları vardı. Hər fürsətdə o valları səsləndirər, eynilə o xanəndələr kimi oxumağa çalışardım. Şahidlərim deyərdi ki, Cabbarın “Heyratı”sını eynilə oxuyuram. Onlar məsləhət etdilər ki, bir yol tapıb, bunu Qurban əmiyə də eşitdirim. Mən bu arzumuza qəribə bir fəndlə nail oldum. İş belə gətirdi ki, dənizkənarı parkın get-gəlsiz bir guşəsində Qurban əmini iki nəfərlə skamyada oturub söhbətləşən gördüm. Mən də bir həmkəndlimlə görünməzliyə çəkilib və özümü “görməməzliyə” qoyub, oxumağa başladım. Və... “iş bilən, hal anlayan” ustad bir xeyli susub dinlədikdən sonra ayağa qalxıb səs gələn səmtə baxındı. Çox zarafatcıl adam olması haqda da az eşitmədiyim ustad “Məşdibad”dakı məşhur “Aç qapını!..” tərzində: “Ey, kimsən orda!” - deyə, bizə tərəf addımladı. Utandığımızı hiss edib, gülümsündü və sədəfli tarını çıxarıb, “Hə, başlayaq, görək nə çıxır” - dedi. Məni, belə demək mümkünsə, “bir ağız” dinlədikdən sonra əlavə etdi: “Sən əməlli-başlı xanəndəsən ki, bala! Belə... Deməli, sən mənim tərəfimdən kəşf olundun, qalır innən belə sənin də tez-tez məni tapıb xüsusi diqqətimə düşməyin...”
Qurban Pirimovla 30 ilə yaxın sənət əlaqəsi olmuş Əməkdar artist Firudin Ələkbərov:
“Tar Qurban əminin sinəsində dil açıb danışırdı. O hər dəfə tarı əlinə alanda sanki həm də müəllimlik edir, ətrafına rəvan bir dərs deyir, ustad təlim-tədrisi aparırdı. Onun çalğılarında qəribə bir balans, muğam cütlüyü və “trio”larının ilahi harmoniyası vardı. O, tar çalanda mizrab qığılcım saçırdı. Onda özünəməxsus çalğı ştrixləri vardı. Bunlar onun tək elə ustad tapıntıları deyil, həm də ürək hərarətləri, qəlb hayqırtıları idi. Onun əlləri möcüz, barmaqları ecaz idi. Həmişə də həmkarlarına belə bir zarafat edərdi: “Yolda-irizdə sizə daş-duş atsalar, yalnız əllərinizi gizlədin...”

Bu möcüzə əllər...

ecaz barmaqlar sahibinin “qızıl səs” sahibləri ilə təmaslarından, çalğılarındakı poeziyadan çox danışıblar, çox yazıblar. Onları bu yazıya qoşub başa çıxmaq müşkül məsələ olduğundan, sözümü, vaxtilə bu poetik çalğılar ustadı ilə o “qızıl səs”liləri əsl poeziya nümunəsində yad etmiş şair Famil Mehdinin iki bəndilə bitirirəm:

Min hava çalınır könül tarımda,
Dünyanın nə çoxu, nə azıyam mən.
Qədim Qobustanın qayalarında
Silinməz, pozulmaz bir yazıyam mən.

Dinlə “Çahargah”ı, eşit “Qatar”ı -
Könül dünyasının sərvəti, varı,
Ələsgərin sazı, Qurbanın tarı,
Seyidin, Cabbarın avazıyam mən...


Tahir Abbaslı