Azərbaycan

2 noyabr 1934 - Tanınmış şair, Əməkdar müəllim Oqtay Rza (Oqtay Məhərrəm oğlu Rzalı) Salyan rayonunun Qalalı kəndində doğulub. 20-dən çox kitabın müəllifidir. Dünya xalqları ədəbiyyatından tərcümələr edib.
2 noyabr 1937 - Görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğlu (Mahmudov; 1937 - 18.11.2000) anadan olub. «Hicran», «Nəğməli könül», «Bildirçinin bəyliyi», «Bankir adaxlı» musiqili komediyalarının, populyar mahnıların müəllifidir. Teatr və televiziya tamaşalarına (“Evləri köndələn yar”, “Səni axtarıram”), 40-a yaxın filmə (“Bizim Cəbiş müəllim”, “Gün keçdi”, “Dədə Qorqud”, “Onun bəlalı sevgisi”, “Ad günü”, “İstintaq”, “Həm ziyarət, həm ticarət”, “Ölsəm... bağışla” və s.) musiqi bəstələyib.
2 noyabr 1997 - Azərbaycanın ilk sənədli film rejissorlarından olan Niyazi Bədəlov (1909-1997) vəfat edib. Ümumittifaq Kinematoqrafiya İnstitutunun ilk azərbaycanlı məzunlarından biri olub.
2 noyabr 1988 - Azərbaycanın və SSRİ-nin Xalq artisti Hökumə Abbasəli qızı Qurbanova (11.6.1913 - 1988) vəfat edib. 1938-ci ildən Milli Dram Teatrında çalışıb, dramatik və faciə rollarının əvəzsiz ifaçısı olub. "Onu bağışlamaq olarmı?" (Kəmalə xanım), "İnsan məskən salır" (Ana) filmlərində çəkilib.

3 noyabr 1983 - Görkəmli aktyor, Xalq artisti Əliağa İsmayıl oğlu Ağayev (22. 3. 1913 - 1983) vəfat edib. Gənc Tamaşaçılar, Akademik Dram teatrlarında çalışıb. “O olmasın, bu olsun” (Məşədi İbad), "Sehrli xalat" (Xan), "Görüş" (Şıxəli), "Əhməd haradadır?" (Kassir), "Qanun naminə" (Məmmədxan), “Bizim Cəbiş müəllim” (Əbülfəz) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

Dünya

2 noyabr 1906 - İtalyan kino və teatr rejissoru Lukino Viskonti (Luchino Visconti di Modrone; 1906 - 17.3.1976) anadan olub. Filmləri: “Ən gözəl”, “Rokko və onun qardaşları”, “İnteryerdə ailə portreti”, “Leopard” və s.
2 noyabr 1965 - Hind aktyoru Şahrux Xan (Shahrukh Khan) anadan olub. Əslən puştu, dini etiqadına görə müsəlmandır. Filmləri: “Dəlisov məhəbbət”, “Ölümlə oyun”, “Qaçırılmamış gəlin” və s.

3 noyabr 1797 - Rus yazıçısı Aleksandr Bestujev-Marlinski (1797-1837) anadan olub. Dekabristlər üsyanında (1925) iştirakına görə Qafqaza sürgün olunub. Azərbaycan dilini öyrənib, M.F.Axundzadə ilə dostluq edib, onun Puşkinin ölümünə həsr etdiyi “Şərq poeması”nı ruscaya tərcümə edib. Azərbaycan xalq qəhrəmanının həyatından bəhs edən “Molla Nur” povestini yazıb.
3 noyabr 1801 - İtalyan bəstəkarı Vinçenso Bellini (Vincenzo Salvatore Carmelo Francesco Bellini, 1801-1835) anadan olub. Operaları: “Norma”, “Somnambula” və s.
3 noyabr 1869 - Rus şərqşünası, akademik Vasili Bartold (1869-1930) anadan olub. İslam dini tarixinə dair əsərlərin müəllifidir. “Kitabi-Dədə Qorqud”un bəzi boylarını rus dilinə tərcümə edib. 1924-cü ildə Azərbaycan Dövlət Universitetində “Türk-tatar xalqları tarixi” kursundan mühazirələr oxuyub.
3 noyabr 1901 - Fransız yazıçısı, kulturoloq Andre Malro (Andre Malraux; 1901-1976) anadan olub. “Kral yolu”, “Nifrət illəri”, “Qara üçbucaq” romanlarının müəllifidir. Fransanın mədəniyyət naziri işləyib.

Hazırladı: Vüqar Orxan