Gürcü aktyoru Zaza Papuaşvili təkcə vətəni Grücüstanda deyil, əcnəbi ölkələrdə də kifayət qədər tanınıb sevilir. Ötən həftə Gürcüstan Mədəniyyəti Günləri çərçivəsində Bakıda nümayiş olunan "Biderman və təhrikçilər" tamaşasında əsas rolu oynayan aktyorla görüşüb söhbət etmək imkanı əldə etdik. Zaza Papuaşvili tamaşa və Bakıya səfərlə bağlı təəssüratını eksklüziv olaraq "Mədəniyyət" qəzetilə bölüşdü.
   
   - Bakıya ilk gəlişiniz iki il öncəyə təsadüf edir. Həmin səfər zamanı üç tamaşa təqdim etmişdiniz: "Hamlet", "İnsandırmı o?" və "Darispanın iztirabları". İndi də şəhərimizə "Biderman və təhrikçilər" tamaşası ilə gəlmisiniz. Tamaşaçı münasibətində dəyişiklik hiss etdinizmi?
   - Mənə uşaqlıqdan danışırdılar ki, vaxtilə Bakıda çoxlu gürcü ziyalıları yaşayıb. Azərbaycanlılar və gürcülər arasında həmişə xoş münasibət olub. Odur ki, dostluğumuzun tarixi kökləri var. Bu baxımdan azərbaycanlı tamaşaçıları özümə doğma sayıram. Ümumiyyətlə, səhnədə olduğun zaman qarşındakı tamaşaçını adi baxışından, kiçik bir reaksiyasından tanımaq olur. Bunlar xüsusi teatr nüanslarıdır. Fərqə gəlincə, əgər insan yaxşıdırsa, pozitiv düşüncə sahibidirsə, o heç vaxt dəyişmir. Azərbaycan tamaşaçısının həddən artıq tələbkar olduğunu demək olmaz. Bir tamaşadan hansısa fərqi hiss etmək, təbii ki, çətindir. Ancaq hər halda intuitiv olaraq hiss edirəm ki, fikri çatdırmaq, anlatmaq üçün hansı məqamda hansı mimikanı, hansı jestikulyasiyanı vermək lazımdır. Mən bir çox tamaşalarda oynamışam. Kor sükutda, reaksiyasız tamaşaçılar görmüşəm. Əlbəttə, şərt deyil ki, tamaşaçı mütləq şaqqanaq çəkib gülsün. Önəmli olan kiçik gülüşdə xeyirxah və məhəbbət dolu nəzərlərdir. Mən məhz həmin nəzərlərlə bizə baxan tamaşaçı üçün oynayıram. Bu tamaşada da eyni halı yaşadım. Bizə bəxş etdikləri məhəbbət üçün kollektivimiz adından hər kəsə minnətdaram.
   - "Biderman və təhrikçilər" tamaşasında sözaltı mənalar həddən artıq çox idi. Sizcə, tamaşaçılar sizi tam mənada anlaya bildilərmi?
   - Hansısa bir fikri teatr dililə çatdırmaq olduqca çətindir. Kimisi bunu "oxuya" bilir, kimisi də "oxuya" bilmir. Və bu təbiidir. Düşünmürəm ki, hətta Tiflisdə belə bizi yüz faiz anlayırlar. Qavrama prosesi təfəkkürlə bağlıdır, fikir dərhal da anlaşıla bilər, tamaşa bitdikdən uzun zaman sonra da. Ancaq seyrçidə diqqəti, hissiyatı və paralel olaraq düşünmələrini görmək məni çox sevindirir. Bu çox önəmli faktordur. Gördüyünüz bu tamaşanın tempi bir qədər sürətli idi. Ancaq ideyanın, fikrin daha asan qavranılması üçün məşqlər zamanı tempi bir qədər azaltmağı qərara aldıq.
   - Robert Sturua kimi rejissorla işləmək çətin deyil ki?
   - Robert Sturua ilk növbədə gözəl müəllim və filosofdur. Həm yaradıcı şəxsiyyət, həm də bir insan kimi onu çox yüksək dəyərləndirirəm. O, həyatı düzgün anlayan və anlada bilən nadir rejissorlardandır. Onun həyata fərqli baxışı, özünün fərqli dünya modeli var. Məşq zamanı "bu yaxşıdır", "bu pisdir" kəlmələri ona yaddır. Özümüzün bir nəticəyə varmağımızı istəyir. Onunla işləmək mənə həm maraqlı, həm də asandır. Belə bir insanla yaradıcılığımı paylaşdığım üçün özümü çox şanslı hesab edirəm.
   - "Biderman və təhrikçilər" fars elementli klounada janrında idi. Klassikadan fərqli olaraq bu janrda oynamaq asan olmaz yəqin...
   - Biderman bu janrda ilk rolum deyil. Daha əvvəl Karlo Qotsinin əsəri əsasında hazırlanmış "Qadın-ilan" tamaşasında oynamışam. O da farsa yaxın klounada, buffonada janrlı bir tamaşa idi. Ümumiyyətlə, mən həmişə layiqli, peşəkar klounlara təəccüb və rəğbətlə baxmışam. Təbii ki, boş-boş lağ edən, mənasız gülüş xatirinə işləyən klounları nəzərdə tutmuram. Kloun hansısa bir fikrin məntiqi çalarını düşündürücü gülüşlə, həssaslıqla çatdıra bilirsə, bu artıq peşəkarlıq əlamətidir. Belə klounlara mən həmişə pərəstiş etmişəm. Ancaq digər tərəfdən onların da bir insan olduğuna və bir gün dünyadan köcəcəklərini düşündüyümdə çox heyifsilənmişəm. Digər tərəfdən, zənnimcə, şər qüvvələrə ancaq kəskin gülüşlə qalib gəlmək olar. Bu baxımdan Bidermana kloun maskası geyindirməyim də təsadüfi deyil.
   - Xaricdə qastrol səfərlərində tez-tez olursunuz. Başqa ölkələrin səhnələrində çalışmaq dəvəi almısınızmı?
   - Litva teatrında «Otello» tamaşasında oynamaq təklfi almışam. Ancaq bir problem var. Mən Otellonu litva dilində oynamalıyam. Hələ ki bu layihə gerçəkləşməyib. Bundan əlavə, tanınmış rus aktyoru Aleksey Petrenko ilə eyni tamaşada oynamaq ideyası vardı. Ancaq bu ideya da Rusiya ilə Gürcüstan arasında baş vermiş münaqişə nəticəsində donduruldu. Çox təəssüf ki, mənim dil baryerim bir çox dəvətlərdən imtina etməyimə səbəb olur. Mən nə rus dilini, nə də bir başqa dili səhnədə tamaşa oynayacaq səviyyədə bilmirəm. Gürcü aksenti istər-istəməz özünü büruzə verir.
   - Azərbaycanın teatr həyatına nə dərəcədə yaxından bələdsiniz?
   - Təəssüf ki, kifayət qədər bələd deyiləm. Bizim Bakıya səfərimiz çox qısamüddətli olur. Gələndə də vaxtın çoxu məşqlərdə keçdiyi üçün tamaşalara baxmağa zaman qalmır. Ancaq Heydər Əliyev adına Tbilisi Azərbaycan Dram Teatrının bir neçə tamaşasına baxmışam.
   - Azərbaycan rejissorlarından rol təklifi almamısınız ki?
   - Xeyr, almamışam. Azərbaycan tamaşasında oynamaq şübhəsiz ki, çox maraqlı olardı. Ancaq təklifin hansı rejissor tərəfindən gəlməsi və hansı əsər olacağı da az əhəmiyyət daşımır.
   
   Sevda Babayeva