Müsahibimiz İtaliyanın Ozimo şəhərindəki Opera Sənəti Akademiyasının tələbəsi, Vokalçıların Bülbül adına IV Beynəlxalq Müsabiqəsinin və Vokalçıların Roza Ponsel adına X Beynəlxalq Müsabiqəsinin qalibi, gənc vokalçı Cavid Səmədovdur.

    Dönüş nöqtəsi
   
   - Ailəmizdə musiqiçi olmayıb, mən isə böyüyəndə memar olmaq istəyirdim. Günlərin birində Müslüm Maqomayev televizorda oxuyurdu, qəfildən ağzımı açıb oxumağa başladım: “Ey əziz anam, Azərbaycan!”. Otaqdakıların hamısı mənə qəribə baxışlarla baxdılar. Elə bil dəqiqləşdirmək istəyirdilər ki, bu səs haradan gəlir - televizordan, ya məndən...
   O zaman 16 yaşım vardı. Evdə qərara gəldilər ki, səsimi professionallar qiymətləndirsinlər. Dövlət Uşaq Filarmoniyasında Mobil Əhmədov səsimə qulaq asıb dedi ki, səsin baritondur. Sonra məni Opera və Balet Teatrının solisti Mürsəl Bədirovun yanına göndərdi. Maestro səsimə qulaq asıb dedi ki, səsin var.
   Orta məktəbi bitirən ərəfədə 4 ay hazırlaşdım, notları öyrəndim, nəzəriyyə ilə tanış oldum, sənədlərimi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına verdim. Qəbulda gələcək müəllimim professor Elmira Quliyeva ilə yanaşı, xalq artistləri Fidan və Xuraman Qasımova imtahan götürürdü. İmtahan verən 25 nəfərin arasında yeganə mən oldum ki, üç qabiliyyət imtahanının üçündən də beş aldım. Hələ imtahanların nəticələrini gözləyərkən öz-özümə xəyallar qururdum, gələcəkdə təhsilimi İtaliyada davam etdirmək barədə düşünürdüm.
   Bir neçə ildən sonra onun dedikləri yerini alacaqdı. Ancaq o zamana kimi ömürlük xatirəsinə həkk olunacaq o qədər maraqlı hadisələr baş verəcəkdi ki...
   
   Səhnədən lojaya qədər uzun məsafə
   
   - Musiqi Akademiyasınada birinci kursu bitirdiyim vaxt Rostropoviçin həyat yoldaşı, dünya şöhrətli opera müğənnisi soprano Qalina Vişnevskaya Bakıya gəlmişdi. Moskvada onun Opera İfaçılıq Mərkəzi var. Mərkəzin tələbələri Dövlət Filarmoniyasında konsert verəcəkdilər, mən də konsertə bilet almışdım. Axşam Əməkdar artist Samir Cəfərov zəng etdi. (həmin opera mərkəzində təhsil almışdı). Dedi, elə indi Qalina Vişnevskaya ilə oturub söhbət edirik ki, bizim gənc vokalcılara dəstək lazımdır. Məsləhət bildi ki, sabah filarmoniyaya gələsən, səsinə qulaq asacaqlar.
   Deyilən vaxtda filarmoniyada oldum. Operanın solistləri, tanınmış musiqiçiləri görəndə həyəcanım bir az da artdı.
   Prezident Administrasiyasının şöbə müdiri Fatma xanım Abdullazadə, Qalina Vişnevskaya, Murad Adıgözəlzadə lojada əyləşmişdilər. Oxudum. Qalina Vişnevskaya uca səslə dedi : neçə yaşın var? Dedim, 18 yaşım var. Sual verdi: daha nə oxuya bilərsən? Başqa bir əsər də oxudum. Qalina xanım məni yenə çağırdı. Səhnədən lojaya qədər olan məsafə mənə çox uzun göründü. Düşünürdüm ki, görən mənə nə deyəcək, zalın reaksiyası necə olacaq? Qalina Vişnevskaya məndən soruşdu ki, Moskvada oxumaq istəyirsən? Bir il Musiqi Akademiyasında oxuyandan sonra bu təklifi eşitmək mənə çox məsuliyyətli və çətin göründü. Sözün doğrusu, heç cavab da verə bilmədim. Yerimə başqa adamlar cavab verdilər ki, hə. Qalina Vişnevskaya Fatma xanıma tərəf dönərək soruşdu ki, dövlət kömək edəcək? Yəqin başa düşmüşdü ki, tələbəyəm, o imkanım yoxdur ki, Moskva kimi şəhərdə yaşayıb təhsil alım. Fatma xanım cavab verdi ki, əgər bəyənirsinzsə, dövlət dəstək verəcək.
   
   Bir görüşün tarixçəsi
   
   Dövlət gələcəyinə ümid etdiyi gəncdən köməyini əsirgəmədi. Cavidin yolunun üstünə xeyirxah, qayğıkeş insanlar çıxdı. Bu insanlara və özünə güvənən Cavid Moskvaya yola düşdü. Ən böyük arzusu isə...
   - Çox istəyirdim ki, Müslüm Maqomayevi heç olmasa yaxından görüm. Novruz bayramı ərəfəsində Bakıdan bir hədiyyə aldım, Müslüm Maqomayevin ünvanını öyrənib oraya yollandım. Qapının zəngini basdım, həyəcanlı idim. Qapını Müslüm Maqomayevin həyat yoldaşı, dünya şöhrətli opera müğənnisi Tamara Sinyavskaya açdı. Onu görəndə həyəcanım bir az da artdı. Çox səmimi şəkildə dedi ki, Maqomayev hazırda sizi qəbul edə bilməyəcək. Mən də bircə bunu dedim ki, azərbaycanlıyam, gəlmişəm Müslüm Maqomayevin Novruz bayramını təbrik edim.
   Bu hadisənin üstündən 3-4 ay keçmişdi. Metroda gedirdim, birdən mobil telefonuma zəng gəldi. Səs olduqca tanış idi. Dedi ki, Müslüm Maqomayevdir danışan. Həyəcandan telefonu əlimdə tuta bilmirdim, əlim əsirdi. Dedi sizinlə görüşmək istəyirəm, evimi tanıyırsiz? Dedim tanıyıram. Vaxt təyin etdi, sabah dediyi vaxtda o ünvana getdim. Yenə də qapı açılanda məni həyəcan bürüdü. Qarşımda Müslüm Maqomayev dayanmışdı. Məni içəri dəvət etdi. O qədər səmimi idi ki, hərdən unudurdum ki, Müslüm Maqomayevlə danışıram. Oxumamışdan əvvəl birinci sualım bu oldu ki, siz məni necə tapdınız? Məlum oldu ki, barəmdə bir neçə dəfə Müslüm müəllimə danışıblar, onun üçün maraqlı olub ki, səsimə qulaq assın.
   Özümlə opera CD orkestrovkaları aparmışdım. Çətin bir ariya oxudum. Əvvəl özü dinmədi, Tamara xanım dedi ki, səsin var, amma səslə yox, ürəklə oxumaq lazımdır. Müslüm müəllim xanımına diqqətlə baxdıqdan sonra məndən soruşdu : “Azərbaycan” mahnısını bilirsən? Dedim xətrimə dəyirsiz, hansı azərbaycanlı o mahnını bilmir? Durdu ayağa, royalın arxasına keçdi, başladıq oxumağa, həyat yoldaşı da bunu videoya çəkirdi. Mahnı qurtaranda xanımına dedi ki, bax, gör, musiqi haradan gəlir - Azərbaycandan.
   O zaman Moskva təhsilimi bitirməyimə iki həftə qalmışdı. Həmin iki həftəni hər gün səhər saat 9-dan günorta saat 1-dək Müslüm müəllimgilə gedirdim. Dostlaşmışdıq. Mənə çox şərəf idi ki, elə bir adamın inamını, etibarını qazanmışdım.
   Müslüm Maqomayevlə bağlı Cavidin o qədər xoş xatirələri var ki, bu əziz xatirələri həyatı boyu qoruyub saxlayacaq...
   
   İtaliyada belə bir məsəl var: səslə də irəli getmək olar...
   
   Yollar arzu kimidir, sonu görünmür. Bu dəfə yollar Cavidi Vokalçıların Bülbül adına IV Beynəlxalq Müsabiqəsinə gətirib çıxarır.
   - Birinci-ikinci turdan keçdim, amma üçüncü tura inamım yox idi. Simfonik orkestrlə heç vaxt oxumamışdım. Biləndə ki, Rauf Abdullayev kimi böyük bir musiqiçi ilə səhnəyə çıxacam, çox həyəcanlandım. Qara Qarayev və Cövdət Hacıyevin “Vətən” operasından Mərdanın ariyasını və “Karmen” operasından Eskamilionun ariyasını oxuyurdum. Gənc vokalçı kimi müsabiqədən bir diplom almaq istəyirdim ki, xatirə qalsın. Ancaq müsabiqədə birinci yerə layiq görüldüm.
   
   Dövlətimiz mənə böyük etimad göstərdi
   
   - Musiqi Akademiyasının təmirdən sonra keçirilən açılışında iki vokalçı çıxış edirdi: mən və İtaliyadan dəvət edilmiş tenor. Açılışda cənab Prezident İlham Əliyev və onun xanımı iştirak edirdilər. Heç vaxt prezidentin qarşısında çıxış etməmişdim. Oxudum, hiss etdim ki, ifam bəyənildi. Konsertdən sonra prezident məni təbrik etmək uçun yanına dəvət elədi. Yaxınlaşdım, əlimi sıxdı. Cəmi 21 yaşım vardı. Bu görüşdən sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən Mədəniyyət və Turizm Nazirliyinə tövsiyə olundu ki, təhsilimi xarici ölkələrin birində davam etdirim. Mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayevə təşəkkürümü bildirirəm ki, İtaliyada təhsil almağıma imkan yaratdı. İtaliyada belə bir məsəl var: səslə də irəli getmək olar. Ancaq ondan qabaq nə qədər insanların sənə inamı, etimadı olmalıdır. Dövlətimiz mənə belə bir etimadı göstərdi. Oxumağım üçün vəsait ayırdı, hətta harada oxumağımı seçməyi də öz öhdəmə buraxdılar. Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylinin yanına məsləhətə getdim, o məni beynəlxalq müsabiqələr laureatı, vokalçı və bəstəkar Rizvan Sədirxanovla tanış etdi. Rizvan Sədirxanov indi oxuduğum Ozimo Akademiyasıda təhsil almışdı və məsləhət bildi ki, təhsilimi orada davam etdirim. O ərəfədə Rizvan müəllim İtaliyaya getdi, mənim də bir DVD-mi (J.Bizenin “Karmen” operasında oynadığım Eskamilio rolu) özü ilə apardı. Məni akademiyaya qəbul etdilər.
   
   “Məhəbbət eleksiri” operası ilə debüt
   
   - Təhsil aldığım Ozimo Akademiyası hər il 8-10 konsert verir. Əgər ildə bir konsertdə iştirak edirsənsə, böyük işdir. Keçən il 8 konsertdə, bu il 10 konsertdə iştirak etdim. Məni “Akademiyanın bayrağı” deyə çağırırdılar. Birinci kursun sonunda məni qədim Qubbio şəhərinin Roman teatrına dəvət etdilər. “Məhəbbət eleksiri” operasını öyrənmək üçün mənə 25 gün vaxt verdilər. Operanı əzbər bilmək lazım idi. 18 günə bu operanı öyrəndim, müqavilə bağladıq, opera mövsümünün açılışında həmin tamaşada əsas rollardan birini - Belkorenin partiyasını ifa etdim. O zaman 22 yaşım vardı və bu mənim operada debütüm idi.
   2009-cu il oktyabrın 12-də Bakı Musiqi Akademiyasında dirijor Azad Əliyevin başçılığı altında Azərbaycan Televiziya və Radiosunun Niyazi adına Simfonik Orkestrinin müşayiəti ilə ilk solo konsertim oldu.
   Konsertin videoyazısını Youtube saytında yerləşdirdim, məni bu il - 27 aprel - 2 may tarixlərində İtaliyanın Matera şəhərində keçirilən Vokalçıların 10-cu Roza Ponsel adına Beynəlxalq Müsabiqəsinə dəvət etdilər. Müsabiqədə 300 nəfər vokalçı iştirak edirdi. 100 baldan 98 bal toplayaraq birinci yeri qazandım.
   
   Yenə də həyəcan, sevinc... Bu hissləri hər dəfə yaşamaq və təkrar yaşamaq çətin olduğu qədər də, xoşdur...
   - Mən öz üzərimdə çox böyük məsuliyyət hiss edirəm. Dünyanın tanınmış opera sənəti ustalarından Raina Kabaivanskaya mənim haqqımda Azərbaycana məktub göndərmişdi. Məktubda yazılmışdı: “Hörmətli Azərbaycan, bu gün Cavid Səmədova kömək edirsiniz və kömək edin. Sabah Cavid Səmədov sizə kömək edəcək”. Bu sözləri özümə fəxr kimi yox, missiya kimi qəbul edirəm. Bu mənim nailiyyətim deyil, dövlətimizin nailiyyətidir.
   Cavid bu il Qəbələdə keçiriləcək II Beynəlxalq Musiqi Festivalına da dəvət alıb...
   - Həmin festivalda iki konsertdə iştirak edəcəyəm. Biri simfonik, o biri kamera musiqisi axşamında. İnanıram ki, ölkəmizi layiqincə təmsil edəcəm.
   Biz də inanırıq, çox inanırıq ki, Cavid Səmədov Azərbaycan musiqisini dünyada layiqincə təmsil edəcək. Gənc vokalçıya həyəcan və sevinc dolu anlar arzulayırıq.
   
   Təranə Məmmədova