Mərakeş Afrikanın şimalında yerləşən ərəb ölkəsidir. Aralıq dənizi və Atlantik okeanı boyunca geniş sahil zolaqları olan ölkədə turizm sektoru geniş inkişaf edib. Dünyanın bir çox ölkələrindən Mərakeşə turistlər səfər edir.
   
   Azərbaycanla Mərakeş arasında əlaqələrin tarixi 90-cı illərin əvvəlindən başlayır. 1991-ci ilin dekabrında Mərakeş Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən olub. 1992-ci il avqustun 25-də Azərbaycanla Mərakeş dövləti arasında diplomatik münasibətlər qurulub. Ölkələrimiz beynəlxalq təşkilatlarda, o cümlədən İslam Konfransı Təşkilatı çərçivəsində əməkdaşlıq edir. İkitərəfli əlaqələr ən müxtəlif sahələri əhatə edir. Ölkələrimizin bir-birinə marağı getdikcə artmaqdadır.
   Mərakeşin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Həsən Hami ilə söhbətimizdə iki ölkə arasındakı münasibətlərə, bu əlaqələrin gələcək inkişaf perspektivlərinə toxunduq.
   
   - Cənab səfir, Azərbaycanla Mərakeş arasındakı əlaqələrin bugünkü vəziyyətini necə qiymətləndirirsiniz? Ölkənizin Azərbaycanla əməkdaşlıqda prioritetləri nədən ibarətdir?
   - Azərbaycanla Mərakeş arasındakı münasibətlərin səviyyəsi çox yaxşıdır. Azərbaycan prezidenti İlham Əliyevin və Mərakeş kralı VI Məhəmmədin şəxsi münasibətləri bu əməkdaşlığa mühüm zəmindir. Ölkələrimtz beynəlxalq səviyyədə bir-birinə sıx dəstək verir. Azərbaycanın Mərakeşdə, Mərakeşin Azərbaycanda səfirliklərinin fəaliyyət göstərməsi də ölkələrimiz arasında əlaqələrin yüksək səviyyəsini təsdiqləyir. Bildiyiniz kimi, öncə Azərbaycan 2006-cı ilin sentyabrında Mərakeşdə səfirlik açdı, sonra, 2008-ci ilin noyabrında Bakıda Mərakeş səfirliyi fəaliyyətə başladı. İnanıram ki, mənim Azərbaycandakı fəaliyyətim qardaş ölkələrimiz arasında münasibətlərin genişləndirilməsinə kömək edəcək. Ümumiyyətlə, Azərbaycanla Mərakeş arasında çoxlu oxşarlıqlar var. Azərbaycan regionda balanslaşdırılmış dialoq aparır. Biz bu siyasəti dəstəkləyirik, çünki Mərakeş də qonşu ölkələr və regionlarla eyni siyasəti aparır. Biz həmçinin Qarabağ məsələsində Azərbaycanın diplomatik səylərini dəstəkləyirik və inanırıq ki, ədalət sizin tərəfinizdədir.
   - Hər iki ölkənin mədəniyyəti qədim tarixə malikdir. Bu sahədə əlaqələrin inkişafını necə dəyərləndirirsiniz?
   - Bu sahədə əlaqələrimiz də genişlənir. Ötən il Azərbaycanda Mərakeş mədəniyyət günləri keçirildi. Bu ilin oktyabrında isə Mərakeşdə Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi planlaşdırılır. Düşünürəm ki, bütün bunlar ölkələrimiz arasında mədəni əlaqələri daha da inkişaf etdirəcək. Bundan əlavə, bir məqamı da vurğulamaq istərdim. Bu ilin payızında Mərakeşin hökumət nümayəndə heyətlərinin Azərbaycana səfərləri nəzərdə tutulub. Mərakeş nazirlərinin səfəri zamanı mədəniyyət və turizm sahəsində əməkdaşlıq, eləcə də qarşılıqlı vergiqoymanın ləğvi sahəsində sazişlərin imzalanması gözlənilir.
   Azərbaycanın zəngin mədəniyyəti var. Sizin ölkəniz tarixən Şərqlə Qərb arasında körpü rolu oynayıb. Bu baxımdan burada müxtəlif mədəniyyətlər sintez olunub. Bu gün də Azərbaycanda çoxlu millətlərin nümayəndələri yaşayır və bu yaxşıdır. Lakin onlar eyni dəyərləri, eyni mədəniyyəti bölüşürlər. Bütün bunlar bizim üçün çox maraq kəsb edən məqamlardır.
   - Burada olduğunuz müddətdə ölkəmizin regionlarına necə, səfər etməyə vaxt tapmısınızmı?
   - Demək olar ki, Azərbaycanın bir çox yerlərində olmuşam. Qəbələ, Lənkəran, Şəki, İsmayıllı, Quba və digər bölgələrə səfər etmişəm. Qeyd edim ki, bölgələriniz mənə çox gözəl təsir bağışlayıb. Doğrudur, paytaxtınız Bakı da gözəldir və o, günü-gündən daha da inkişaf edir. Amma rayonlarınızın təbii gözəlliyinə, bu bölgələrdə olan zəngin tarixi-mədəni abidələrə valeh olmuşam. Ona görə də bu yerləri bir daha təkrarən gəzmək istərdim. Lənkəran və Naxçıvana səfərlərim xüsusilə yaddaqalan olub. Bu bölgələrin tarixi abidələrini, təbii mənzərəsini, mətbəxini çox bəyəndim. İnşallah, vaxt tapıb yenə də bu yerlərə gedəcəm. Bir məqamı da xüsusi vurğulamaq istərdim ki, mən sizin regionlara səfir kimi deyil, adi vətəndaş kimi gedirəm. İstəmirəm desinlər ki, rayona filan ölkənin səfiri gəlib. Çünki azərbaycanlılara bir qədər hörmət edəndə, onlar sənə daha çox hörmət göstərirlər. Amma əgər mən özümü adi vətəndaş kimi aparsam, onda daha da sərbəst oluram. Yoxsa səfir kimi getsəm bu, rəsmi alınır. Regionlarınızda tarixi yerləri gəzməyi çox xoşlayıram. Bilirsiniz, ümumiyyətlə, əgər sən hər hansı tarixi yerdəsənsə, fərq etməz ki, sən mərakeşli, azərbaycanlı və ya amerikalısan. Çünki tarix bütün dünyaya məxsusdur. Mənim üçün millətlər yox, insanlar, varlıqlar mövcuddur. Ona görə də mən millətləri deyil, insan mövcudatını görmək istəyirəm. Çox vaxt Bakıda gəzintiyə çıxarkən də belə edirəm. Məsələn, şəhərə çıxıram, bir yerdə əyləşib sərbəst gəzir, kofe və ya çay içirəm. Mənim Bakıda azərbaycanlı dostlarım var və onlardan Bakıdakı görməli yerlər haqqında soruşuram. Bir sözlə, özümü rəsmi şəxs, diplomat kimi deyil, adi insan kimi aparmaq istəyirəm.
   - Azərbaycanlı dostlardan söhbət düşmüşkən, bu günə qədər heç azərbaycanlı ailəsində qonaq olmusunuz?
   - Bəli, olmuşam. Və yenə deyim ki, onlar məni səfir kimi deyil, adi dost, insan, əcnəbi qonaq kimi öz evlərinə dəvət etmişdilər. Çox sadə adamlar idi. Bu baxımdan azərbaycanlıların adət-ənənlərini, xüsusiyyətlərini bilirəm. Onlar qonaqpərvər, açıqqəlbli insanlardır. Qonağa çox hörmət edirlər. Bir xüsusiyyətiniz də odur ki, qonaq gələrkən masanın üstünə çoxlu yeməklər düzürsünüz. Deyim ki, mən bu ailə ilə dostam və belə dost münasibətlər mənə kifayət edir.
   - Cənab səfir, bizim milli mətbəximizlə aranız necədir? Burada ən çox bəyəndiyiniz yemək hansıdır?
   - Azərbaycanda çoxlu yemək növləri var və onlar çox yeməyi sevirlər. Burada olduğum müddətdə müşahidə etmişəm ki, insanların çoxu kabab yeməyi sevirlər. Amma bunu hər gün yemək heç də yaxşı deyil. Mənim pomidor, xiyar və göyərtilərdən hazırlanan salatlarınız xüsusilə çox xoşuma gəlir. Plovlarınızı da bəyənirəm.
   - Boş vaxtlarınızı necə keçirirsiniz?
   - Boş vaxtlarımda mütaliə etməyi sevirəm. Müxtəlif mövzularda, məhəbbət, macəra, tarixi mövzularda kitablar oxuyuram. Hər gün vaxt tapıb internetdə xəbərlərlə tanış oluram. Mən 5 dil bilirəm. Hər gün bu dillərdə mütaliə etmək, internetdə xəbərləri oxumaq həm də dilləri unutmağa imkan vermir. Boş vaxtlarımda İçərişəhərə getməyi də sevirəm. Bu yer mənə Mərakeşin Kasablanka şəhərini xatırladır.
   - Bakıda olduğunuz müddətdə konsertə, teatr və operaya getməyə vaxt tapmısınızmı?
   - Konsertlərə tez-tez gedirəm. Sizin operanız, musiqiniz, teatrınız, böyük sərgi mərkəziniz var. Mən vaxt tapan kimi onların hamısında oluram. Azərbaycan muğam musiqisini çox sevirəm. Qeyd edim ki, muğam Mərakeşdə də ifa olunur. Amma bu musiqi sizin musiqiçilərin ifasında daha fərqli və gözəl səslənir.
   - Cənab səfir, ölkələrimiz arasındakı turizm əlaqələri haqqında nə deyə bilərsiniz?
   - Azərbaycanla Mərakeş arasında turizm əlaqələri hələ ki təşəkkül tapmayıb. Mərakeşin böyük turizm imkanları var və ölkəmiz bu sahədən çox böyük gəlir əldə edir. Bu baxımdan gələcəkdə ölkələrimiz arasında turizm sahəsində əlaqələr qurulsa, Azərbaycan Mərakeşdən çox şey öyrənə bilər. Yuxarıda qeyd etdiyim kimi, bu ilin payızında Mərakeş hökumət nümayəndə heyətinin Azərbaycana səfəri zamanı, digər sahələrlə yanaşı, turizm sahəsində sazişin imzalanması da gözlənilir.
   
   Mehparə