Ötən həftə Ankarada TÜRKSOY-un “2011 - Abdullah Tukay” ilinin açılışı və türkdilli ölkələrin media mənsublarına təşkilatın “Mətbuata şərəf mükafatı”nın təqdimatı mərasimində Türkiyə Cümhuriyyətinin mədəniyyət və turizm naziri Ərtoğrul Günay da iştirak edirdi. Fürsətdən istifadə edib onunla qısa söhbət etdik.
   
   
   - Cənab nazir, Azərbaycanla Türkiyə arasında mədəni əlaqələrin hazırkı səviyyəsini necə dəyərləndirirsiniz?
   - Azərbaycan bizə ən yaxın tərəfdaş, qardaş ölkədir. Ölkələrimiz arasında bütün səviyyələrdə olduğu kimi, mədəniyyət sahəsində də işbirliyimiz yüksək səviyyədə qurulub. Bu sahədə əlaqələrimiz sürətlə inkişaf edir. Azərbaycanın mədəniyyət və turizm naziri hörmətli Əbülfəs Qarayevlə çox sıx münasibətlərimiz var, tez-tez müxtəlif tədbirlərdə görüşürük. Eyni zamanda, TÜRKSOY çərçivəsində müxtəlif tədbirlər, ortaq layihələr həyata keçiririk. Ötən il Azərbaycanın məşhur şairi Rəsul Rzanı Türkiyədə önəmli tədbirlərlə andıq. Ondan öncə böyük şair Bəxtiyar Vahabzadə ilə bağlı tədbir düzənləmişdik. Eyni zamanda, Azərbaycanın istiqlal şairi, Türkiyədə yaşamış Almas İldırımla bağlı Bakıda tədbir keçirildi və mən də həmin mərasimə qatılmışdım. Gördüyünüz kimi, ölkələrimiz arasında mədəniyyət sahəsində çoxlu sayda mədəni tədbirlər keçirilir. Bunun özü də mədəni münasibətlərimizin hansı səviyyədə olduğunu göstərir. Bu əlaqələr gələcəkdə daha da genişlənərək davam edəcək.
   Məsələn, böyük türk şairi Mehmet Akifi anmaq və anlatmaq üçün Azərbaycanda tədbir keçirməyi planlaşdırırıq. Birgə sərgilər, səhnə əsərləri ilə bağlı fikir mübadiləsi aparmaq niyyətindəyik. Bir sözlə, Azərbaycanla birlikdə çoxlu sayda həyata keçirəcəyimiz layihələr var.
   - Cənab nazir, TÜRKSOY çərçivəsində ölkələrimizin əlaqələri, Azərbaycanın bu təşkilatda rolu barədə nə deyə bilərsiniz?
   - Bu il TÜRKSOY-un “Abdulla Tukay ili” çərçivəsində Türkiyədə, Azərbaycanda tədbirlər, toplantılar keçirəcəyik. TÜRKSOY bizim son zamanlarda sadəcə Azərbaycan və Türkiyə arasında deyil, Qazaxıstan, Türkmənistan, Tatarıstan daxil olmaqla bütün bu türk mənşəli respublikalar arasında əlaqələrin inkişafında mühüm işlər görüb. İndi TÜRKSOY-un bütün layihələrini, Türkiyədə həyata keçirdiyimiz kimi, Azərbaycanda və Qazaxıstanda da reallaşdıracağıq. Bildiyiniz kimi, ötən il «Koroğlu» operası İstanbulda, TÜRKSOY layihəsi üzrə nümayiş olunmuşdu. Bu operada 6 türkdilli ölkənin sənətçiləri iştirak edirdi və möhtəşəm sənət əsəri ortaya qoyuldu. Eyni formada bu il biz Şimali Kipr Türk Cümhuriyyətində və digər türkdilli ölkələrdə bəzi incəsənət tədbirləri keçirəcəyik. Bu tədbirlərdə azərbaycanlı sənətçilər də yer alacaq. Bu yaxınlarda Azərbaycan bəstəkarı Polad Bülbüloğlunun “Məhəbbət və ölüm” baleti Türkiyədə uğurla nümayiş olundu. Mədəniyyət-sənət körpüləri ilə beynəlxalq barışa xidmət edən TÜRKSOY başda olmaqla bu cür mədəniyyət layihələrinin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edirəm.
   - Ölkələrimiz arasında turizm əlaqələri ilə bağlı nə deyə bilərsiniz? Bu sahədə böyük təcrübəyə sahib bir dövlətin mədəniyyət və turizm naziri olaraq Azərbaycan turizmi ilə bağlı fikirləriniz maraqlı olardı.
   - Turizm sahəsində Türkiyə dünyada öncül yerlərdən birini tutur, dünyada ilk onluğa daxildir. Bildiyim qədər, Azərbaycanda da bu sahə son zamanlar uğurla inkişaf edir. Mən bunu ölkənizə gedərkən görürəm. Yeni hotellər tikilir, yeni turizm xidmətləri yaradılır. Düşünürəm ki, ölkələrimiz yerləşdiyi coğrafiyada turizmin inkişafından bərabər şəkildə faydalana bilər və bunun bəhrəsini görəcəyik. Yetər ki, bu regionda sülh, barış olsun. Atatürkün söylədiyi kimi, yurdda barış, dünyada, cahanda barış olsun.
   - Ötən ili TÜRKSOY böyük başqırd türkoloqu Əhməd Zəki Vəlidi Toğanın xatirəsinə həsr etmişdi. Bu il tatar şairi Abdulla Tukaya həsr olunub. Bu tədbirlərin əsas qayəsini necə görürsünüz?
   - Biz bu yolla türk dünyasının dəyərli şəxsiyyətlərini dünyaya və əlbəttə ki, türk xalqlarına daha geniş tanıtmağa çalışırıq. Bu gün Çingiz Aytmatovu və ya Nazim Hikməti bəlkə də bütün dünya tanıyır. Amma Abdulla Tukayı və yaxud Mehmet Akif Ərsoyu dünyanın tanıması vacibdir. Bununla bağlı işlər görürük. Beləcə, bir-birimizin mədəniyyətindən, duyğularından, yazdıqlarından daha çox ilham almağa və daha çox tanış olmağa çalışırıq.
   Ötən il Əhməd Zəki Vəlidi Toğanla, Rəsul Rza ilə bağlı tədbirlər keçirdik. Əhməd Zəki Vəlidi Toğan Türkiyədə yaşayıb, böyük alim, şəxsiyyət olub. Bu il Mehmet Akif Ərsoyu Türkiyə və türkdilli respublikalarda anlatmaq, tanıtmaq, bir-birimizlə paylaşmaq üçün tədbirlər keçirəcəyik. Qeyd etdiyim kimi, Abdulla Tukayla bağlı tədbirlər reallaşdıracağıq. Bütün bunlar bir-birimizdən daha çox xəbərdar olmağımıza, daha çox tanımağa, tanış olmağımıza səbəb olur. Yunis Əmrənin gözəl bir sözü var: gəlin tanış olaq, işi asan görək. Biz də bunu etməyə çalışırıq.
   
   Mehparə