Şərqlə Qərbin kəsişməsində, Şimalla Cənubun qovuşuğunda yerləşən Azərbaycan mədəniyyətlər arasında mühüm körpü rolunu oynayır, sivilizasiyalararası dialoqa öz töhfəsini verir. Bəs 1400 ilə yaxın müddətdə İslam sivilizasiyasına mənsub olan ölkəmizdə İslam mədəniyyətinin təşəkkül tapması özlüyündə hansı dini-mənəvi dəyərlərlə, elmi-mədəni yeniliklərlə müşayiət olunub? Bu barədə görkəmli şərqşünas (ərəbşünas) alim, Qurani-Kərimin yorulmaz tədqiqatçısı, akademik Vasim Məmmədəliyevlə söhbət etdik.
      
   - Vasim müəllim, İslam dininin Azərbaycana gəlişi özü ilə hansı mədəni dəyərləri gətirdi?
   - Din özlüyündə bir mədəniyyətdir. Bu, ümumbəşəri bir hadisədir. Xristianlıqdan əvvəl qədim Romanın, bütpərəst Yunanıstanın öz mədəniyyəti var idisə, xristian dini bərqərar olandan sonra o ərazilərdə ümumi Avropa (xristian) mədəniyyəti yarandı.
   Qafqazda ilk olaraq İslamı qəbul etmiş dövlət Azərbaycan oldu. Azərbaycanda da İslam mədəniyyəti bu dinin qayda-qanunlarına əsasən yarandı. Bəzən insanlar sovet dövrünün yaratdığı fikirlərlə düşünürlər - guya İslam dini elmin, mədəniyyətin düşmənidir. Bunlar əsassız fikirlərdir. Quranın ilk ayələri elm, oxumaq sözləri ilə başlayır: «Yaradan Rəbbinin adı ilə oxu», «İnsana bilmədiklərini qələmlə öyrətdi». Elə bu ayələr İslamın elmə, mədəniyyətə verdiyi qiymətin bariz nümunəsidir. İslam dinində sağlam məntiqə, təfəkkürə zidd heç bir şey yoxdur. O, sözün həqiqi mənasında sonuncu kamil dindir. Bu din özündən əvvəlki dinlərin müsbət xüsusiyyətlərini özündə əks edib, dinə yeniliklər gətirib. Bunlar elm və açıqfikirli olmaq xüsusiyyətləridir. Azərbaycanda yaranan İslam mədəniyyəti ümumi İslam mədəniyyətinin tərkib hissəsidir.
   - Amma İslamdan əvvəl Azərbaycan mədəniyyəti artıq formalaşmışdı. İslam dininin təsiri ilə hansı dəyişikliklər baş verdi?
   - Təbii ki, Azərbaycan İslamı qəbul edəndə artıq onun qədim mədəniyyəti formalaşmışdı. Amma qısa müddətdə ərəb ölkələrində və Abbasilər xilafətində böyük mədəni inqilab baş verdi. Bundan sonra mədəniyyətin inkişafı böyük vüsət aldı. Qədim mədəniyyətin davamı kimi ölkəmizdə də daha inkişaf etmiş bir mədəniyyət yarandı ki, bunu Azərbaycan İslam mədəniyyəti adlandıra bilərik. Azərbaycanda memarlıq, xəttatlıq, miniatür sənəti, fəlsəfə, hədis alimləri və s. sahələrdə hələ o dövrdə görkəmli alimlər, mədəniyyət xadimləri meydana gəldi. Bunlardan Musa Şəhavat, Əbu Musa əl-Əma, İsmayıl ibn Yaşar (VII əsrdə yaşamışlar) və başqalarını qeyd etmək olar. Ərəb mütəxəssisləri onların yaradıcılığını yüksək qiymətləndirmişlər. Xətib Təbrizi ərəb ədəbi tənqidinin ən gözəl nümayəndələrindən biri hesab olunur. O, ərəb poeziyasını mükəmməl şərh edən Azərbaycan alimlərindəndir. Nizamiyyə mədrəsəsində çalışıb. Bu mədrəsə dövrünün akademiyası sayılırdı. Digər bir elm xadimi İzəddin Zəncaninin yazdığı qrammatik lüğət 500 ildən artıq ərəb ölkələrində dərslik kimi istifadə olunub. Kəmaləddin Ərdəbili, Nəsrəddin Tusi, Əbdülqadir Marağayi, Səfiəddin Urməvi Şərq musiqisinin nəzəri cəhətdən öyrənilməsində misilsiz xidmətlər göstəriblər. Marağayi not sistemini yaradıb, müxtəlif musiqi alətləri ixtira edib, mahnı və təranələr bəstələyib. Yaxud götürək rəssamlıq sahəsini. Bu sahədə də o dövrdə çox tanınmış azərbaycanlı sənətkarlar olub: Kəmaləddin Behzad, Ağa Mirən, Sultan Məhəmməd, daha sonralar Mirzə Qədir İrəvani və s. Bir sözlə, elmin, mədəniyyətin elə bir sahəsi yoxdur ki, Azərbaycan alimləri bütövlükdə İslam mədəniyyətinə öz töhfələrini verməsinlər.
   - İslamda incəsənətin bəzi sahələrinə qadağa qoyulması barədə nə deyə bilərsiniz?
   - Bunun da bəzi tərəfləri var. Məsələn, deyilir ki, musiqi haram sayılır. Amma hansı musiqi? Şit, bayağı! İslamın yarandığı ilk vaxtlarda insanları bütpərəstlikdən çəkindirmək üçün heykəltəraşlığa, insan rəsmlərinin çəkilməsinə qadağalar qoyulmuşdu. Bu günə kimi də bəzi islam ölkələrində heykəltəraşlığa pis baxılır və bu sənət bütpərəstlik nümunəsi hesab edilir. Bütpərəstlik tam ləğv olunandan sonra, insanların şüuru inkişaf edib, yüksəldikcə qadağalar da yumşalaraq aradan götürülmüşdür. İslamda gözəl musiqi haram olsaydı, muğam bu günə kimi gəlib çıxmazdı. Quran özü musiqi üzərində oxunur. Peyğəmbərimizin belə bir hədisi də vardır ki, «Quranı avazla oxumayan bizdən deyil». «Quranın 1000 sirri varsa, onun birincisi gözəl səsdir». Azan özü ən gözəl musiqidir! Yenə də qeyd edim ki, İslam bayağı musiqinin əleyhinədir. Oxumaq əvəzinə bədən üzvlərini nümayiş etdirmək, əlbəttə ki, İslam qaydalarına ziddir.
   - İslam dininin yeniyetmələrə, gənc nəslə çatdırılması, düzgün təbliği mühüm əhəmiyyət kəsb edir. Bu barədə fikirlərinizi bilmək istərdik.
   - Sovet dövründə dinə qadağa qoyulmuşdu, din mövhumat, xurafat adlandırılırdı. Amma qeyd edim ki, İslamın özündə mövhumat, xurafat yoxdur. İslam sağlam məntiq və təfəkkürə əsaslanan bir dindir. Ölkəmiz müstəqilliyini bərpa edəndən sonra milli-mənəvi dəyərlərə böyük qayıdış baş verdi. İnsanlar, o cümlədən də gənclərimiz dini öyrənməyə başladılar. İnsan ac olduğu hər bir sahəyə həris olur. Təbii ki, avam insanlar dini avamcasına, savadlılarsa daha səlis təqlid etməyə başladılar: yaxşı tərəflərini öyrənənlərlə yanaşı, fanatizmə yuvarlananlar da oldu. Xaricdən ölkəyə müxtəlif təriqətlərə bağlı ədəbiyyatlar gətirildi və başladılar dinin özündən çox fanatik tərəflərini təbliğ etməyə. Bəzi cavanlar belə təsirlər altına düşdülər. Gənclərimiz bunun mahiyyətini başa düşməlidirlər. Hansı ədəbiyyatın düzgün olduğunu bilməlidirlər. Nəyin haqq, nəyin batil olduğunu da həmçinin. Üzdəniraq din xadimlərinin, məzhəbçilərin təbliğatlarına uymamalıdırlar. Şükürlər olsun ki, bu gün din Azərbaycanda elmi cəhətdən təbliğ olunur. İslamı real, elmi şəkildə, olduğu kimi öyrənmək lazımdır. Onu olduğu kimi öyrənmək, elə elmi şəkildə öyrənmək deməkdir. İslam gözəl etiqadı tərənnüm edir.
   İslamda müəyyən hökmlər var ki, bunlar zaman və şəraitə görə dəyişir. Hökmlər iki cürdür: 1) vacib, dəyişməz (oruc, namaz, həcc və s.); 2) zaman və dövrə şəraitə görə dəyişən. Quranın təfsirlərində İslam alimlərinin əsərlərindən oxuyub öyrənə bilərik ki, müəyyən bir məsələ, elə tutaq ki, hər hansı bir incəsənət və mədəniyyət hadisəsi dövrə görə necə dəyişə bilər. İslam dini zamanın, dövrün tələblərinə layiqincə cavab verməyi bacaran çox çevik və dinamik dindir. Bu səbəbdən də müasir dövrdə Avropa ölkələrində İslama meyl edənlərin sayı günü-gündən artır. Bunların əksəriyyəti sıradan olan, adi insanlar deyil. Əksəriyyəti ziyalılar, fiziklər, riyaziyyatçılar, elm və mədəniyyət adamlarıdırlar. Avropalılar şərqlilər kimi çılğın deyillər. Onların təbiətində soyuqqanlılıq var. Onlar hər bir məsələni incələyib, kökünə qədər öyrənirlər. Şüurlarına hökm olursa, o zaman qəbul edirlər. Elə bu cəhətdən də İslamı üstün hesab edərək qəbul edirlər. Amerika, Fransa, Kanada, Braziliyada İslamın çox sürətlə yayılması buna sübutdur.
   - İnsan adətlərə, yoxsa dinə uyğun yaşamalıdır?
   - İslam dini ümumbəşəri adətlərin heç birinə mane olmayıb. İslam onu qəbul etmiş hər hansı bir xalqın gözəl adət və ənənələrini üzvi şəkildə əlaqələndirən, onların inkişafına rəvac verən dindir. Buna ən bariz nümunə Novruz bayramıdır. Məlumdur ki, Novruz atəşpərəstlikdən gələn bir milli bayram, adət-ənənədir, təbiətin oyanışı, dirçəlişidir. Novruzda yerinə yetirilən ayinlərin əksəriyyətinin İslam dəyərləri ilə ziddiyyət təşkil etmədiyi, əksinə, onunla uyğunlaşdığı üçün bu bayramın daha da təntənəli qeyd olunmasına şərait yaranmışdır.
   - Tez-tez eşitdiyimiz bir kəlmə var: Avropaya inteqrasiya. Buna münasibətiniz?
   - Dünyada qloballaşma gedir. Bu o deməkdir ki, dünya ölkələri bir-birinə yaxınlaşır. Hətta dünya alimləri dünyanı böyük bir kəndə, qitələri bu kəndin böyük məhəllələrinə, ölkələri bu məhəllələrin küçələrinə bənzədirlər. Müasir kommunikasiya və nəqliyyat vasitələri bugünkü yeniliklərlə elə anındaca tanış olmağa imkan yaradır. Müasir zamanda heç bir ölkə öz qınına çəkilib oturmur. Hər bir ölkə müasir texnologiyadan yararlanaraq inkişaf etmək istəyir. Hansı ölkənin elmi texnologiyası, sənayesi daha güclüdürsə o, ön sırada gedir. Şübhə yoxdur ki, ən qabaqcıl texnika Avropaya, Qərbə məxsusdur. Bu səbəbdən də onları öyrənib və tətbiq etməyə müsəlman ölkələrinin də ehtiyacı var. İnteqrasiya - elmin, sənayenin təmərküzləşməsi deməkdir. Qloballaşmanın müsbət tərəfləri ilə yanaşı, mənfi xüsusiyyəti də var. Bu, inkişaf etmiş ölkələrin müxtəlif sahələrdə qazandıqları nailiyyətlə yanaşı, öz adət-ənənələrini, mədəniyyətini həmin xalqlara sirayət etdirmək, bir növ bu xalqları öz içərilərində əritmək (milli varlıqlarını yox etmək) istəyidir. Bax bu məsələdə ayıq-sayıq olmaq lazımdır. Çalışmalıyıq ki, bütövlükdə bir xalq kimi həm dini adət-ənənələrimizi, həm də mədəni irsimizi hər zaman qorumağı bacaraq.
   
   Lalə Azəri