Elçin Qafarlı: ”TÜRKSOY Mirzə Fətəli Axundzadənin 200 illik yubileyini türkdilli ölkələrdə qeyd edəcək”
   
   
   Bakıda keçirilən Beynəlxalq Kukla Teatrları Festivalının təşkilatçılarından biri də TÜRKSOY idi. Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı qəzetimizə müsahibəsində festivalla yanaşı, qurumun ortaq türk mədəniyyətinin təbliği istiqamətində gələcək planlarından da danışdı.
   
   - Elçin müəllim, I Bakı Beynəlxalq Kukla Teatrları Festivalının keçirilməsi təşəbbüsü necə yarandı?
   - Hələ 2009-cu ildə TÜRKSOY-da türk dünyası kukla teatrlarının festivalının keçirilməsi ilə bağlı təşəbbüs irəli sürülmüşdü. Bununla bağlı Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə müraciət etdik. Bizim təklifimiz Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanan “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı ilə üst-üstə düşürdü. Həmin proqramda nəzərdə tutulurdu ki, 2011-ci ildə Bakıda Beynəlxalq Kukla Teatrı Festivalı keçirilsin və TÜRKSOY da təşkilatçı qurumlardan biri olsun. Beləliklə, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin, UNİMA və TÜRKSOY-un birgə təşkilatçılığı ilə bu festival gerçəkləşdi.
   Sevindirici haldır ki, xaricdən gələn teatr mütəxəssislərində festival haqqında, ümumilikdə Azərbaycan mədəniyyətinin yüksək inkişaf səviyyəsi barədə gözəl fikirlər formalaşdı. Digər tərəfdən, onlar ölkəmizdə teatra dövlətin verdiyi bu dəstəyi görüncə təəccüb etdilər. Təbii ki, mədəniyyət sahəsindəki bütün bu üstün keyfiyyətləri ilə Azərbaycan digər ölkələrə örnək ola bilər.
   - Belə teatr festivallarının türk xalqlarının mədəniyyətinin təbliğatı baxımından əhəmiyyəti nədir və ümumiyyətlə, TÜRKSOY-un belə layihələrə verdiyi prioritetlər nədən ibarətdir?
   - TÜRKSOY son illər bir sıra yüksək səviyyəli tədbirlər keçirib. Məqsəd türk mədəniyyətini həm türkdilli ölkələrdə, həm də dünya miqyasında təbliğ etməkdir. Ötən ildən başlayaraq UNESCO-da iki tədbir keçirdik. Bu ilin martında Nyu-Yorkda, BMT-nin qərargahında Novruz bayramı şənliklərini keçirdik. Bu mədəniyyət tədbiri böyük maraqla qarşılandı. Məqsədimiz türk xalqlarının mədəniyyəti vasitəsilə onları tanıtmaq və onların eyni kökdən gəldiyini göstərməkdir. Bu baxımdan teatr da eyni məqsədə xidmət edir. Bilirsiniz ki, teatr millətin formalaşmasında böyük rol oynayır. Azərbaycanda teatrın zəngin tarixi var. Amma, məsələn, vaxtilə sovet imperiyasına daxil olan türkdilli xalqlar daha çox rus dilində tamaşalar göstərirdilər. İndi türkdilli ölkələrdə milli teatrların inkişafına ehtiyac var. Bu inkişaf baş verdikcə, həmin xalqların dilləri də inkişaf edəcək. Və həmin xalq yaşayacaq. TÜRKSOY-un da məqsədlərindən biri türk xalqlarının dillərini qorumaqdır. Dilləri inkişaf etdirmək üçün də ən önəmli vasitə mədəniyyət, ədəbiyyat, teatrdır. Kukla teatrları da əsasən uşaqlara xidmət edir və orada milli nağıllara üstünlük verilir. Bizim türk dünyasının uşaqları öz dillərində tamaşaya baxmalı və ondan nə isə öyrənməlidir. Təsadüfi deyil ki, Bakıda keçirilən bu festivalda 7 türkdilli ölkənin nümayəndələri iştirak edirdi. Onlar həm də burada maraqlı fikir mübadiləsi apardılar.
   - TÜRKSOY-un növbəti planları haqqında nə deyə bilərsiniz?
   - Bu yaxınlarda Antalyada dünyanın ən nüfuzlu kino müsabiqələrindən olan «Altın Portağal» festivalı keçirildi. TÜRKSOY olaraq festivalın Avrasiya filmləri bölümündə Azərbaycan filmlərinin nümayişi təşəbbüsü ilə çıxış etdik. Bu filmlər çox yüksək səviyyədə qarşılandı. Orada Azərbaycan dövlətinin kinonun inkişafına göstərdiyi dəstəkdən də danışıldı. Türkiyədə hələ də bizim kinonu yaxşı tanımırlar. Ona görə də, TÜRKSOY-un Azərbaycan nümayəndəliyi olaraq bu boşluğu doldurmaq istəyirik. Gələn ildən türkdilli ölkələrin «Altın Portağal» festivalında iştirakı davamlı olacaq.
   Azərbaycan TÜRKSOY-un ən fəal üzvüdür və bu baxımdan burada keçirilən mötəbər tədbirlərə laqeyd qala bilmərik. Ona görə də gələn il Mirzə Fətəli Axundzadənin Azərbaycanda və digər türkdilli ölkələrdə 200 illik yubileyini keçirməyi planlaşdırırıq. Onun pyeslərini türk dilinə tərcümə edib təqdim etmək də planlarımız sırasındadır.
   Bildiyiniz kimi, bir neçə ay öncə Türkiyədə türkdilli xalqların dövlət teatrlarının toplantısı keçirildi və türkdilli ölkələrin teatrlar birliyi quruldu. Azərbaycan Dövlət Milli Dram Teatrının direktoru İsrafil İsrafilov bu birliyin sədri seçildi. 2012-ci ilin noyabrında Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi ilə bağlı keçiriləcək festival çərçivəsində birliyin toplantısı Azərbaycanda təşkil ediləcək. Məlumat üçün bildirim ki, TÜRKSOY tərəfindən «Almanax» da hazırlanıb nəşr ediləcək. Almanaxda türk xalqlarının hər birinin öz ana dilində pyeslər çap olunacaq.
   
   Mehparə