Rəbiyyət Aslanova: “Azərbaycançılıq” ölkəmizin bu sahədə həyata keçirdiyi siyasətin cilalanmış çıxış nöqtəsini təşkil edir”
   
   Qloballaşan dünyada müxtəlif sivilizasiyaların dialoqu günü-gündən daha da aktuallaşır. Dünyanın bir parçası olan Azərbaycan da bu prosesə öz töhfəsini verir. Ölkə rəhbərliyinin mədəniyyətlərarası dialoq sahəsində təşəbbüsləri beynəlxalq aləmdə geniş rezonans doğurub və bunun nəticəsidir ki, bu ilin aprelində dünyanın beş qitəsinin 80-dək ölkəsindən nümayəndələr dialoq və anlaşma naminə Bakıya toplaşdı.
   
   Bakı Forumu son bir neçə ildə ölkəmizin bu sahədə həyata keçirdiyi təşəbbüslərin məntiqi davamı oldu. Bundan sonra hər iki ildən bir Bakıda keçiriləcək Dünya Mədəniyyətlərarası Dialoq Forumu dünya dövlətlərini bir araya gətirəcək. Artıq növbəti foruma hazırlıqla bağlı tədqiqat qrupu da fəaliyyətə başlayıb.
   Dünyada sivilizasiyalararası dialoqa yanaşma meylləri və Azərbaycanın bu məsələdə mövqeyi ilə bağlı bir neçə sualla Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, professor Rəbiyyət Aslanovaya müraciət etdik:
   - Rəbiyyət xanım, bu gün dünyada gedən mədəniyyətlərarası əməkdaşlıq prosesini ümumilikdə necə xarakterizə etmək olar? Bu prosesin qlobal baxımdan hansı əhəmiyyəti və dəyəri var?
   - Mədəniyyətlərarası əməkdaşlıq məsələsi uzunmüddətli və mürəkkəb bir prosesdir. Tədqiqatçıların fikrincə, hazırda lokal sivilizasiyaların yeni - dördüncü nəslinin formalaşması meyli müşahidə olunur. Qloballaşmanın unifikasiya, eyniləşmə çağırışına qarşı lokal mədəniyyətlər özlərinin fərqli xüsusiyyət və güclərini diqqətə çatdırmaq istəyirlər. Qloballaşma prosesində ən müxtəlif irq, mədəniyyət, etnik qrup və dinlərin nümayəndələri bir-biri ilə tez-tez üzləşir. İnsanlar indi daha çox başa düşürlər ki, onların yaşam tərzi bir çox mədəniyyətlərin təsiri altında baş verir: eyni zamanda həm özünün, həm də başqasının mədəniyyətinə həssaslıq göstərmək zərurətə və məlumat mənbəyinə çevrilir. Hər kəs öz inamı, keçmişi və mədəniyyəti ilə fəxr edə bilər, lakin başqasına nifrət bəsləməməlidir. Mədəniyyətlərarası dialoqun əbədi humanist idealı, böyük siyasi və praktiki potensialı, qlobal gələcək üçün əhəmiyyəti də məhz buna əsaslanır.
   - Qloballaşan dünyada sivilizasiyalararası inteqrasiya və dialoqun əsas problemi nədir?
   - Bu sahədə problemləri ümumiləşdirsək üç istiqamət, yaxud ssenarini qeyd etmək olar. Bunlar qarşıdurma (toqquşma), dialoq və lokal mədəniyyətlərin qlobal hakim mədəniyyətdə əriyib, ona qarışması prosesidir. Bu yöndə müxtəlif qarşılıqlı təsir strategiyalarının irəli sürülməsinə baxmayaraq, bu gün Qərb elmində inteqrasiya probleminin ümumi konsepsiyası, ziddiyyətsiz həlli mexanizmləri hələlik formalaşmayıb. Söhbət mədəniyyətlərin qarşılıqlı bəhrələnməsi və davamlı inkişafı probleminin aktuallaşmasından gedir. Çünki bəşər mədəniyyətini sivilizasiyaların çoxçalarlılığı təmin edir.
   Mədəniyyətlərin toqquşması XX əsrin sonundan başlayaraq ən çox əks-səda doğuran qlobal ssenarilərdən idi. Amerikadakı 2001-ci il 11 sentyabr olayları bu ssenarilərin həyatın sınağından çıxmasını dövlətlərarası səviyyədə, beynəlxalq müstəvidə görməyə imkan verdi. Sivilizasiyalar həm milli, həm də ümumbəşəri xüsusiyyətlərin əsas daşıyıcısı və ifadəçisidir. Bu xüsusiyyətlərin ikili mahiyyəti müvafiq olaraq qloballaşma fonunda bir-birinə əks olan iki meyli doğurur. Bir tərəfdən, milli-mədəni intibah və dirçəliş mədəniyyətlərin diferensiasiyasını şərtləndirir, özünəməxsus cizgilərin inkişafını önə çəkir, sabit mədəni dəyərlərə kənar, yad təsirlərə qarşı müqaviməti gücləndirir. Digər tərəfdən, mədəni inteqrasiya, dialoq və əlaqələrin intensivləşməsi prosesi gedir, “inteqral” bəşər mədəniyyəti təşəkkül tapır. Bütün səviyyələrdə məkanı və zamanı sıxlaşdıran qloballaşma müxtəlif mədəniyyətləri də bir-birinin “qoynuna” itələyir, onları üz-üzə qoyur.
   Mədəniyyətlərarası qarşılıqlı təsir probleminə dair araşdırmalarda pozitiv və neqativ nəticəli qarşılıqlı təsir növləri mövcuddur. Yəni burada həm “bəhrələnmə-zənginləşmə”, həm də “durğunluq-kasadlaşma-tənəzzül” kimi gedən meyllər aşkar edilir. Buna misal kimi Avropanın qarşılaşdığı mədəniyyətlərdən bəhrələnməsini, istər yeni ölkələrin kəşfi, istərsə də sonralar Şərqin mənəvi-mədəni sisteminin nailiyyətlərini mənimsəməsini göstərmək olar. Bu proseslər nəticəsində Qərb mədəniyyəti öz məzmun çoxçalarlılığını və müxtəlifliyini daha da artırıb. Bu baxımdan mədəniyyətlərarası əməkdaşlıq mexanizminin mürəkkəb bir proses olub, nəinki bütün XXI əsr boyu, hətta əsrlərlə davam edəcək.
   - Uzun əsrlər müxtəlif din və mədəniyyətlərin əməkdaşlıq məkanı kimi tanınmış Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra sivilizasiyaların toqquşması ideyasına qarşı özünün tarixən formalaşmış tolerantlıq modelini dünyaya tanıtmaq imkanı qazandı. Ölkəmiz xüsusilə son illərdə mədəniyyətlərarası dialoq məkanı kimi çıxış edərək mühüm təşəbbüslər irəli sürür. Bu çətin missiyanı üzərimizə götürməyi mümkün və zəruri edən hansı şərtlər mövcuddur?
   - Azərbaycanda mədəniyyətlərarası münasibət modelinin özəlliyindən və örnək xüsusiyyətlərindən danışarkən üç əsas arqument diqqəti cəlb edir: birincisi, sizin də qeyd etdiyiniz kimi, Azərbaycanda polietnik və polikonfessial cəmiyyətin tarixən formalaşmış və əsrlərin sınağından çıxmış təcrübəsi mövcuddur. Azərbaycanda heç vaxt etnik-dini zəmində qarşıdurma olmamışdır. İkincisi, müstəqillik dövründə ölkəmizdə tolerantlıq və dialoq ənənələrinin yeni keyfiyyət mərhələsinə yüksəlməsi, bu sahədə uğurlar göz önündədir. Üçüncü arqument isə Azərbaycanda mədəniyyətlərarası münasibətlərdə hər bir mədəni birliyin obyektiv təbii haqqı və özünü reallaşdırma ehtiyaclarına dövlət qayğısının olmasıdır. \"Azərbaycançılıq\" bu mövqenin cilalanmış çıxış nöqtəsini təşkil edir. Azərbaycan bir çox ölkələr kimi “immiqrant dövlət” deyil. Azərbaycanda etnoslar və konfessiyalararası dialoq tarixən formalaşdığı üçün dərin köklərə malikdir və bütün xalqların tarixi yaddaşı kimi təmələ əsaslanır. Azərbaycançılıq müxtəliflik və vəhdətin həqiqi fəlsəfəsi, dialoq və tolerantlıq fəlsəfəsidir. Belə dinamik modeldə mədəniyyətlərin mozaikasının hər bir elementi “donmuş eksponat” vəziyyətində deyil, canlı “çələng” kimi dialoqdadır, inkişaf və sintezdədir.
   Qloballaşma şəraitində müasir dövrün tələblərinə ən çox uyğun gələn və həm də arzu olunan strategiya müxtəlif mədəniyyətlərin qarşılıqlı inteqrasiyası, mövcud reallığa cavab verən dialoq və anlaşmanın qurulması yoludur. Azərbaycanda bu sahədə zəngin milli təcrübə var. Bu gün Şərqdə bəzi dövlətlər dini və mənəvi identiklik böhranı yaşayırlar. Müxtəlif qlobal güclərin də marağı olan qeyri-sabitlik vəziyyəti bu cəmiyyətlərdə vətəndaş konsensusuna nail olunmasına mane olur. Ölkəmiz də ötən əsrin 90-cı illərində bu problemlə üzləşib. Bu vəziyyətin aradan qaldırılması üçün, qeyd etdiyimiz kimi, «azərbaycançılıq» ideyası misilsiz rol oynadı.
   Bu gün Azərbaycan dünyaya nümunə ola biləcək bəşəri bir tolerantlıq məkanıdır. Müqəddəs İslami dəyərlərdən bəhrələnib, qarşılıqlı hörmət, faydalı ünsiyyət və sarsılmaz əməkdaşlığa söykənən tolerantlıq Azərbaycanda çox qədim ənənələrə malikdir. XII əsrdə dahi Nizami öz məşhur «Xəmsə»sində 30-dan çox millətə mənsub zəngin obrazlar silsiləsi yaradıb. Bu gün bəzi dövlətlərin öz ölkələri daxilində tolerantlıq mühiti yaratmaq üçün yollar aradıqları bir dövrdə Azərbaycan tolerantlığın sarsılmaz təməl sütunlarına söykənib, dərin dayaqlara istinad etdiyi, gündəlik həyatı reallığa çevrilib ölkəmizdə hakim mövqe tutması dünyanı heyrətdə qoyub. Azərbaycanın beynəlxalq problemlərin müzakirəsi ilə bağlı geniş formatlı tədbirlərin keçirilməsində də təcrübəsi var. Dialoq prosesi yaşı min illərlə hesablanan tarixə malikdir. Bununla belə, onun indiki, belə demək olarsa, «məcburi intensiv fazası» nisbətən yeni hadisə olub, başlanğıcını əsasən keçən əsrin 80-ci illərindən götürür. Bu vəziyyətin aradan qaldırılmasında müxtəlif ölkələrin, xüsusilə də son bir neçə əsr müddətində dini zəmində heç bir qarşıdurmanın baş vermədiyi Azərbaycanın bu sahədə potensialının öyrənilməsi böyük önəm kəsb edir.
   - Azərbaycanın beynəlxalq problemlərin müzakirəsi ilə bağlı geniş formatlı tədbirlərin keçirilməsində təcrübəsi olduğunu qeyd etdiniz. Sizcə, bu tədbirləri keçirməklə, sivilizasiyalararası dialoq məkanı olduğumuzu isbatlaya bilirikmi? Və bu təcrübə ümumilikdə öz bəhrəsini necə verir?
   - Bu gün Azərbaycanın tolerantlıq mühiti, mədəniyyətlərarası dialoq məkanı kimi əhəmiyyəti bütün dünyada tanınır və qəbul olunur. Təsadüfi deyil ki, dünyanın ən müxtəlif ölkələrinin nümayəndələri dialoq naminə forumlara məhz bizim ölkəmizdə toplaşır, burada dinlərin, mədəniyyətlərin əməkdaşlıq formatları, imkanları müzakirə olunur, sivilizasiyaların qarşılıqlı anlaşması istiqamətində iş aparılır. Bakı 2009-cu ildə bütövlükdə İslam Mədəniyyətinin Paytaxtı elan olunmuşdu. Şərq ilə Qərbi birləşdirən İpək yolunun bərpası işinin təməli Bakıda qoyulduğu kimi, şəhərimiz «Şərq-Qərb» mövzusunda festivallar, incəsənət bayramları, beynəlxalq elmi konfranslar üçün də mühüm məkana çevrilib. Mənəvi sağlamlıq güclü və sarsılmaz dövlətçiliyin əsas sütunudur. Yalnız mənəvi təməl və oriyentasiyaya malik dövlət bütün problemləri həll etməyə, öz firavan gələcəyini qurmağa, müasir dünyanın inkişaf və tərəqqi karvanına qoşulmağa qadirdir. Bu gün Azərbaycan xalqının zəngin milli-mənəvi irsinin himayədarı olan dövlətimiz bu irsin dünyaya tanıdılması yönündə örnək sayılacaq fəaliyyətlərini ortaya qoyub.
   Mədəniyyətlərarası dialoqun müxtəliflik və plüralizmlə səciyyələnən müasir cəmiyyətlərdə yerli, regional və qlobal səviyyələrdə gücləndirilməsi və təsdiq edilməsində prezident İlham Əliyevin şəxsi təşəbbüskarlığı dünyanın diqqət mərkəzindədir. Təkcə bu il ölkəmizin ev sahibliyi etdiyi Dünya Mədəniyyətlərarası Dialoq Forumu və Beynəlxalq Humanitar Forum bunun bariz təsdiqidir. Məlum olduğu kimi, dövlət başçısının sərəncamı ilə Mədəniyyətlərarası dialoq üzrə Bakı Forumu ənənəvi olaraq iki ildən bir keçiriləcək. Bu isə o deməkdir ki, ölkəmiz İslam dünyası ilə Qərb sivilizasiyası və eləcə də digər mədəniyyətləri təmsil edən xalqlar arasında dialoqun və etimadın möhkəmləndirilməsində bundan sonra daha mühüm rol oynamaq əzmindədir. Bu eyni zamanda, Azərbaycan xalqının tolerant mədəniyyətinin, tarixi ənənələrinin beynəlxalq aləmə tanıdılması yönündə bizim üçün əlavə fürsətdir.
   
   Mehparə