“Əhvalım nə qədər pis olursa-olsun, bu sənətlə məşğul olduğum zaman pozitiv enerji alır, hər şeyə müsbət yanaşıram”

Yaponiyanın əsas mədəniyyət nümunələrindən olan ikebana - ənənəvi yapon gül düzümü sənəti bütün dünyada məşhurdur. Yapon dilində ikeru (yaşatmaq, gülləri düzmək) və bana (gül) sözlərindən əmələ gələn bu ifadənin Azərbaycan dilində tərcüməsi “canlı güllər”, “güllərə həyat verən” kimi tərcümə etmək olar.

Bu yaxınlarda Azərbaycanın gül sənəti həvəskarları da ənənəvi yapon ikebanası ilə yaxından tanış olmaq və hətta özlərini sınamaq imkanı qazandılar. İyulun 9-da Yaponiyanın Azərbaycandakı səfirinin iqamətgahında keçirilən tədbirə 6 peşəkar ikebana müəllimi dəvət edilmişdi. Biz də bu sənətin tarixi, fəlsəfəsi, bu günü ilə bağlı daha dolğun informasiya almaq üçün suallarımızı onlardan birinə - Sanaya Maideyə ünvanladıq.

- İkebana ilə nə vaxtdan məşğul olursunuz və bu sənət sizin üçün nəyi ehtiva edir?
- İkebana ilə 6 yaşımdan məşğul olmağa başlamışam. Çünki gözümü açıb evimizdə valideynlərimin də bu sənətlə məşğul olduğunu görmüşəm. Sonra tələbəlik illərimdə bu işlə könüllü (volontyor) kimi məşğul olaraq bir sıra bəzəklərin hazırlanmasında iştirak etmişəm. İndi isə bu sənəti peşəkar şəkildə davam etdirirəm. İkebanaya elə bağlanmışam ki, əhvalım nə qədər pis olursa-olsun, onunla məşğul olduğum zaman pozitiv enerji alır, hər şeyə müsbət yanaşıram.

- Bu sənətin tarixi barədə nə deyə bilərsiniz, onun ilkin forması necə olub?
- İkebananın yaranma tarixi dəqiq bəlli olmasa da, belə hesab edilir ki, bu sənət Yaponiyaya buddizmlə birgə gəlib. Buddizm isə Yaponiyada VI əsrdə yayılmağa başlayıb. Buddanın şərəfinə mehraba gül qoyulması ibadətin bir hissəsi olub. Buddist məbədlərində həm də ölülərin ruhu şərəfinə güllər qoyulurdu. İlk ikebana müəllimləri də elə buddist kahinləri olub. Əvvəlcə az sayda gül və budaqlardan hazırlanan ikebana çox sadə formada olub. Belə gül düzümü “kuge” adlanıb. İkebananın ilk klassik forması XV əsrin ortalarından düzəldilməyə başlanılıb. Onu da qeyd edim ki, Yaponiyada xüsusi yeri olan çay mərasimi zamanı ikebana tamamilə başqa bir formada təqdim olunub ki, bu da “çabana” adlanır. Vaxt keçdikcə başqa məktəblər formalaşıb və gül düzümünün forması da dəyişib. Hazırda ölkəmizdə müxtəlif adlarla bəlli olan çoxlu sayda ikebana növləri var. Bu gün yapon mədəniyyətinin bir hissəsi olan ikebana ilə bağlı məktəblər fəaliyyət göstərir. Beləliklə, ikebana artıq yapon cəmiyyətində bir adətə-ənənəyə çevrilib. Demək olar ki, hər ailədə bir və ya iki nəfər bu sənətlə məşğuldur.

- Bu sənətin arxasında dayanan fəlsəfənin əsas məğzi nədir?
- Sadə formada desək, ikebana təbiət və bəşəriyyəti bir araya gətirən nizamlı incəsənət növüdür. Onun gövdəsi və yarpaqları, yarpaqların forması, xətləri diqqət çəkir. İkebana yaradıcı sənət olmasına baxmayaraq, bunun özünəməxsus qaydaları da var. Belə ki, hər bir gül düzümündə sənətkar özünü bir parça rəngli kombinasiyada, təbii formalarda, zərif xətlərdə və düzülüşün mənasında əks etdirir. İkebana az sayda yarpaq, gül və budaqlardan hazırlanmalıdır ki, bu da peşəkarlığı göstərir. Eyni zamanda ikebana hazırlanarkən ətrafda sakitlik olmalıdır. Bu sənətin ilhamverici aspektləri də mühümdür: burada təbiətin gözəllikləri bir araya gəlir və bu mənada təbiətin verdiklərini bəyənmək zamanıdır. İnsanlar çox zaman məşğul olduqlarından başlarını qaldırıb bu gözəllikləri görə bilmirlər. Gül düzümündə istifadə olunan qablar isə kompozisiyanın əsas elementidir. İkebana hazırlanması insana səbir və dözümlülük verir, özünün bütün bədii formaları ilə insanı ruhlandırır. Bundan başqa, ikebana düzəldən zaman özünü təbiətə yaxın hiss edən insanın beyni, bədəni və qəlbi istirahət edir.

- Peşəkar ikebana müəllimisiniz. Bu sənəti harada tədris edirsiniz, hansı layihələriniz olur?
- Tokionun Kinza rayonunda bir məktəbim var, orada bu sənəti tədris edirəm. Eyni zamanda müxtəlif şirkətlərin Yeni il şənliklərində, müxtəlif təqdimatlarda ikebana kompozisiyaları hazırlayıram. Yaponiyanın bir dövlət televiziyasının studiyasını öz ikebana kompozisiyalarımla bəzəmişəm. Həmçinin “Soni” şirkətinin ofisinin interyerində əl işlərimlə dekorasiyalar qurmuşam.

- Bu günlərdə Bakıda ikebana ilə bağlı tədbir-treninq keçirdiniz. Təəssüratınız necədir?
- Bu tədbiri keçirməkdə məqsədimiz qədim dövrlərə aid ənənəvi yapon sənətini Azərbaycanda insanlara daha yaxından tanıtmaq və ikebana hazırlamağın sirlərini bölüşmək idi. Tədbir boyu iştirakçılara gül kompozisiyalarının hazırlanması qaydalarını göstərdik. İlk dəfə olmasına baxmayaraq, treninqə gələn iştirakçılar çox maraqlı ikebana kompozisiyaları yaratdılar və bu bizim xoşumuza gəldi. Bilirik ki, azərbaycanlılar da öz evlərini gül-çiçəklə bəzəyir. Ona görə də, düşünürəm ki, bu layihə onlar üçün çox maraqlı oldu.

Mehparə