Bu qədim xalq sənəti el sənətkarları tərəfindən bu gün də yaşadılır

Misgərlik qədim xalq sənətidir. Onun ölkəmizdə təşəkkül tapması çox erkən dövrlərə təsadüf edib. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun dissertantı Ənvər Çingizoğlu ilə söhbətimiz də bu barədədir.

- Ənvər müəllim, mövzuya giriş olaraq Azərbaycanda misgərliyin yayılması və inkişafı ilə bağlı nə deyərdiniz?
- Azərbaycan xalqı tarixin bütün dövrlərində zəngin və özünəməxsus mədəniyyət yaradıb. Müxtəlif vaxtlarda bu diyarda olan əcnəbi tacirlər, səyyahlar və diplomatlar qələmə aldıqları səyahətnamələrdə, gündəlik və yol qeydlərində ölkəmizdə sənətkarlığın inkişafından maraqla söz açıblar. Azərbaycanda misgərlik sənətinin də zəngin tarixi var. Ölkə ərazisində tapılan ilk mis metal işləmələrin tarixi Neolit dövrünə gedib çıxır. Orta əsrlərdə bu sənətin inkişafı böyük şəhərlərdə misgərlik mərkəzlərinin yaranmasına gətirib çıxarıb. Azərbaycanlı ustaların əl işləri ölkəmizdən uzaqlarda yayılıb. Avropa ölkələrində, Rusiya muzeylərində saxlanılan nümunələr bunu bir daha sübut edir.

- Məişətdə, eləcə də muzeylərdə müşahidə etdiyimiz bir çox mis qabların üzərində onu hazırlayan ustanın imzası həkk olunub. Sizcə, bu, nədən irəli gəlib?
- Bu, əslində, yaxşı haldır. Belə ki, respublikamızın hüdudlarından kənarda olan muzeylərdə, şəxsi kolleksiyalarda Azərbaycan mədəniyyətinin onlarla bənzərsiz incisi saxlanılır. Həmin sənət əsərlərinin üzərində müəllifin adının qeyd olunması başqa xalqların onları öz adlarına çıxmasının qarşısını alır. Nankor qonşularımızın görkəmli bəstəkarlarımızın əsərlərini, milli mətbəx nümunələrimizi öz adlarına çıxmaları göz qabağındadır...

- Azərbaycanda misgərlik nümunələrinin geniş istehsalı, satışı və yayılması barədə nə demək olar?
- Qeyd etdiyim kimi, ölkəmizdə misgərlik orta əsrlərdə geniş yayılmağa başlayıb. Bu sənətin daha çox inkişaf etdiyi şəhər və bölgələr Təbriz, Naxçıvan, Gəncə, Şamaxı, Bakı olub. XIX əsrin ikinci yarısından başlayaraq Şuşada da sənətkarlıq, o cümlədən misgərlik intişar tapıb. Bu haqda “Qarabağda sənət və sənətkarlar” adlı kitabımda ətraflı bəhs etmişəm. Qeyd etdiyim şəhərlərdə istehsal olunan incə naxışlı dolça, satıl, sərnic, teşt, məcməyi, sini, dolça, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və s. Dağıstan, Gürcüstan və İrana daşınaraq satılıb. Bu məhsullar çox vaxt yerli tacirlər vasitəsilə qonşu ölkə bazarlarına çıxarılıb və böyük gəlir əldə edilib. Bəzən də Azərbaycana gələn əcnəbi tacirlər və səyyahlar vasitəsilə alınıb Avropa ölkələrinə aparılıb. Bu gün Azərbaycanda mis əl işlərinin onlarla növü var və onların əksəriyyəti məişət əşyalarıdır...

- Misgərliyin tarixən inkişaf etdiyi bölgələrdə bu gün xalq sənətinə maraq hansı səviyyədədir?
- Respublikamızın digər bölgələrindən fərqli olaraq, İsmayıllı rayonunun Lahıc qəsəbəsində bu sənətə maraq hər zaman böyük olub. Bir neçə il əvvəl Lahıcda olmuşam. O vaxt misgərliklə bağlı bir neçə usta, eləcə də gənclərlə söhbətim oldu. Gənclərin misgərliyi ata-baba sənəti kimi yaşatması çox təqdirəlayiqdir. Lahıc camaatında bu sənətə böyük məhəbbət var. Yaşlı bir sənətkarın dediyi sözlər də yaddaşıma həkk olundu. O, bildirdi ki, hər əlinə çəkic alandan misgər olmaz. Bu sənətə həvəs, maraq olmalıdır. Onu gərək hərtərəfli sevəsən və onunla nəfəs alasan. Misgərlər həm də səbirli və zövqlü olmalıdır, alın təri tökməlidir. Axı mis qabların hazırlanması üçün ağır əmək sərf olunur. Misgərlikdə savad-bilik də kara gəlir. Riyaziyyat, kimya və fizika kimi texniki fənləri bilmək lazım gəlir. Çünki istifadə olunan material kimyəvi maddələrdən hazırlanır. Hətta vurulan naxışlar belə, müxtəlif həndəsi fiqurlar çərçivəsində tamamlanır.
Misgərliyin bu gününə gəlincə, hər bir sənətin çiçəklənmə və yaxud böhran dövrü olur. Bu gün mis qab-qacaqların kəmiyyət və keyfiyyətcə zəifləməsi peşəkar misgərlərin az olması ilə bağlı deyil. Ölkədə şüşə və keramika məmulatlarından hazırlanan məhsullara maraq çox artıb. Artıq xalq arasında mis qablar o qədər də maraq doğurmur. Onlar getdikcə kolleksiyaçılar tərəfindən toplanaraq muzey eksponatına çevrilir. Onu da deyim ki, XIX əsrin ortalarında Azərbaycanda xeyli mis karxanası olub. Ancaq XX əsrin əvvəllərindən başlayaraq Rusiyadan ucuz qiymətə gətirilən qab-qacaq bu sənətə müəyyən təsir göstərib, bazarda satışını sıxışdırıb. Bütün bunlara baxmayaraq, respublikamızın müxtəlif bölgələrində bu qədim xalq sənəti hələ də öz ustaları, el sənətkarları tərəfindən sevilir və yaşadılır.

Savalan Fərəcov