“Bəzən bir kəlmə belə olmadan kamera vasitəsilə böyük bir tarixçəni, fikri ifadə etmək mümkündür”

Xəbər verdiyimiz kimi, avqustun 21-də Nizami Kino Mərkəzində Polşanın tanınmış kino mütəxəssisləri Miroslav Dembinski və Maçyej Driqasın layihəsi əsasında “Bakı sübhdən günbatanadək” adlı sənədli filmlər üzrə kurs başlanıb. Sentyabrın 7-dək davam edəcək kurs polşalı mütəxəssislərin həyata keçirdikləri “Dünya sübhdən günbatanadək” layihəsinin tərkib hissəsidir.

Dünyanın müxtəlif şəhərlərində kino təhsili verən məktəblərin tələbələri və gənc rejissorlar üçün silsilə seminarlardan ibarət olan bir neçə həftəlik kurs müddətində iştirakçılar qısametrajlı sənədli filmlər kolleksiyası üzərində çalışırlar. Nəticədə şəhərin canlı təsviri kimi 60 dəqiqəlik sənədli ekran işi ərsəyə gətirilir.
Qeyd edək ki, bu ilin 25-29 iyun tarixində Bakıda II Beynəlxalq Turizm Filmləri Festivalı çərçivəsində layihənin ilk ustad dərsləri keçirilmişdi. Hazırda polşalı kino mütəxəssisləri 20-dək gənc rejissora ustad dərsləri verirlər.
Ssenarist, sənədli filmlər rejissoru və prodüser Maçyej Driqas (Maciej Drygas) və operator Andjey Musial (Andrzej Musial) ilə söhbətimizi sizə təqdim edirik.

* * *
Öncə Maçyej Driqasın fikirlərini öyrəndik:
- Bir ay bundan əvvəl layihənin hazırlıq işləri ilə əlaqədar şəhərinizdə oldum, kino sahəsində təhsil alan tələbələrlə görüşdüm. Layihə haqqında və görüləcək işlər barədə danışdıq. Qısa vaxt ərzində məsələlər həll olundu və artıq kursa başlamışıq.

- “Dünya sübhdən günbatanadək” layihəsinin məqsədi nədir?
- Biz artıq bir neçə ildir ki, bu layihəni həyata keçiririk. Bu, kino-təhsil layihəsidir. Ustad dərsləri zamanı birgə filmlər istehsal edirik. Məqsədimiz olduğumuz şəhərin sənədli kino portretini tələbələrlə birlikdə yaratmaqdır. Dünyanın müxtəlif şəhərlərində keçirilən layihəyə Polşanın tanınmış və peşəkar mütəxəssislərini dəvət etmişik. Polşa kinosunun sənədli filmlər sahəsində öz ənənəsi və təcrübəsi var. Bu filmlər festivallarda özlərini təsdiq ediblər. Sənədli filmlər reportaj və publisistika xarakteri daşımamalıdır. O əsl kino, təbii və canlı olmalıdır. Buna görə də biz hər hansı bir şəhərə öz texniki avadanlığımız, operator, montajçı və texniki heyətimizlə birlikdə gedirik. Ustad dərsləri keçən tələbələr 3-4 dəqiqəlik etüdlər edirlər. Onlar özlərinə müşahidə obyekti seçərək onu sinxron, səssiz müşahidə edirlər. Bu zaman situasiya vasitəsilə 3-4 dəqiqəlik mini tarixçənin sirrini açmağa çalışırıq. Hər etüdü birləşdirərək tammetrajlı bir sənədli film yaradırıq. Beləliklə, ustad dərsi keçdiyimiz şəhərin portreti yaranır.
“Bakı sübhdən günbatanadək” layihəsində də paytaxtınızın portretini yaradacağıq. İndiyə kimi bu layihəni Moskva, Kiyev, Minsk, Tokio, Pekin, Tbilisi, Kişineu, İstanbul və Kəlküttədə həyata keçirmişik. Çəkdiyimiz filmlər televiziya ilə nümayiş olunur. Tokioda çəkdiyimiz film isə kinoteatrlarda nümayiş etdirildi. Hər dəfə yeni şəhərdə layihəmizi başa vuranda öz tələbələrimizlə vidalaşır və bir neçə aydan sonra yenidən görüşürük. Layihə bitdikdən sonra bir araya gəlib il ərzində çəkilən filmlərin premyerasını təşkil edirik. Məsələn, bu il üç şəhərdə - İstanbul, Bakı və Kəlküttədə hazırlanan filmləri təqdim edəcəyik.

- Bu layihədən hansı nəticələri əldə edirsiniz? Ustad dərsləri öz bəhrəsini verirmi?
- Nəticələr tələbələrdən asılıdır. Bacarıqlı və düşüncəli tələbələrlə işin nəticəsi müsbət olur. Bu, məktəbdən də asılıdır. Biz Moskvada ali rejissor kurslarında ustad dərsləri keçdik. Onlar artıq təhsili başa vurmuş, diplomlu kino mütəxəssisləridir, öz kino düşüncələri var. Amma yeni addım atmağa başlayan tələbələrlə işin nəticəsi daha mükəmməl olur. Biz fərqli kino məktəbləri ilə rastlaşırıq. Məsələn, Yaponiyada olduğumuz zaman onların sənədli filminin tamamilə televiziya formatlı olduğunu gördük. Onlarda sənədli film çoxlu söz yığnağı və publisistikadan ibarətdir. Bizim layihə onların xoşuna gəldi. Sözsüz, görüntülərlə, fotolarla sənədli filmin təsir dairəsi daha güclü olur. Bəzən bir kəlmə olmadan belə kamera vasitəsilə böyük bir tarixçəni, fikri ifadə etmək mümkündür. Biz küçədən keçən adi bir insanı müşahidə edə bilərik. Onun hərəkətləri, yerişi, baxışı bizə onunla danışmadan belə çox söz deyə bilər. Bir sözlə, biz tələbələrə sənədli filmin bu yöndə kinematoqrafik tərəflərini öyrətməyə çalışırıq. Bizim üçün bu proses əldə etdiyimiz son nəticədən də önəmlidir. Biz bu filmləri “Oskar” mükafatı üçün çəkmirik. Layihə zamanı tələbələr deyirlər ki, biz sənədli film haqqında bu bilgilərdən xəbərsiz idik. Ali məktəblərdə belə tədris olmur. Biz işin yeni imkanları haqqında müzakirələr aparırıq.
Layihənin tərəfdaşları Polşanın Adam Mitskeviç İnstitutu, Polşa Kino İnstitutu, “TVP 2” Polşa milli televiziyası, “Belsat” kanalı və Polşa Xarici İşlər Nazirliyidir. Layihəyə maliyyəni bu təşkilatlar ödəyir. Belə demək olarsa, bu layihə Polşanın dünya şəhərlərinə hədiyyəsidir. Təbii ki, layihənin Azərbaycandakı tərəfdaşı Mədəniyyət və Turizm Nazirliyi və “Azanfilm” studiyasının da böyük rolunu qeyd etmək istərdim. Bütün şəhərlərdə çəkdiyimiz filmlər Polşanın qeyd etdiyimiz telekanalları vasitəsilə nümayiş olunur. Polşada tamaşaçı kütləsi bu formatı və sənədli filmləri çox sevir. Şəhərlər məsafəcə bir-birindən uzaq olsalar da, insanların hisləri, duyğuları eynidir. Məsələn, kimsə İstanbulda kədərlidirsə, Moskvada da eyni hissi yaşayan insan var.

* * *
Növbəti suallarımızı Andjey Musial cavablandırdı.
- Azərbaycanlı tələbələrlə işləmək sizə çətin deyil ki?
- Əvvəlcə onu deyim ki, bir operator kimi şəhəriniz məndə dərin təəssürat yaratdı. Müasirliklə qədimlik bir arada - bu, çox möhtəşəmdir. Burada sovet küçələrinə və tam müasir Bakıya rast gəlirsən. Binalar, sivilizasiya emosional hislər yaradır. Sualınıza cavab olaraq bildirim ki, biz müxtəlif insanlarla çalışırıq. Onların sırasında təcrübəli, təcrübəsiz, dünyanın müxtəlif kino məktəblərində təhsil alanlar var. Çünki tələbələr vasitəsilə sizin insanlar, yaşayış tərziniz, kino məktəbiniz haqqında məlumat alırıq. Mən bu gün Bakını gəzirəmsə, bu ancaq turistik bir nəticə olur. Tələbələrimiz vasitəsilə isə daha dərin qatları öyrənə bilirik. Onlar da bizdən öyrənirlər. Tələbələrlə söhbət zamanı başa düşdüm ki, sizdə də sənədli filmlər əsasən televiziya xarakteri daşıyır. Çəkilişlər zamanı gördüm ki, onlarda sakit müşahidə qabiliyyəti azdır. Bizdə uzun kadrlarla, həyatın müəyyən anlarını bu kadrlarda əks etdirməyə daha çox önəm verilir. Bir sözlə, sənədli filmdə operator kamera ilə televiziya reportajı hazırlayan kimi rəftar etməməlidir. Biz kinonu öyrədirik - gözlə, gör, nələr baş verir. Tələbələr bu fikir vasitəsilə öyrənirlər ki, həyat ən yaxşı rejissordur.

- Azərbaycan kinosu ilə tanışsınızmı?
- Azərbaycan kinosu haqqında minimal bilgimiz var. Polşada Azərbaycan filmləri nümayiş olunmur. Düşünürəm ki, Azərbaycanda da Polşa kinosu haqqında bilgilər yetərli deyil. “Azanfilm”in direktoru Fariz Əhmədovla bu barədə söhbətimiz olub. Azərbaycan dinamik inkişafdadır və öz mədəniyyətini dünyada yetərincə təbliğ edə bilir. Kino sahəsində də bu addımların atılması vacibdir. Şəffaf kino sistemi yaratmaq lazımdır. Polşada kino sisteminin yenidən və tam şəffaf şəkildə qurulmasına kino xadimləri özləri nail oldular. On il mübarizə apardıq. Bu işi hər hansı nazirlik və dövlət orqanı həyata keçirmədi. Özümüz zamanla bizə lazım olan kino sistemini yaratdıq. Biz kino ekspertləri bu gün də birlikdə çalışırıq. Hər il kinonun inkişafı üçün müəyyən layihələr təsdiq edirik. Arzu edirəm ki, ölkələrimiz arasında tezliklə kino sahəsində əlaqələr yaransın. Polşada və Azərbaycanda kino həftələri təşkil edilsin. Polşada Şərq filmlərinə böyük maraq var. Türk, İran filmlərini sevirik. Azərbaycan filmlərini də sevəcəyimizə inanıram.

- Azərbaycan film çəkilişləri üçün əlverişli məkandır. Gələcəkdə kinematoqrafçılarımızla hər hansı bədii və ya sənədli filmlə bağlı işbirliyi barədə düşünürsünüzmü?
- Bu, zamandan və ssenaridən asılıdır. Dünyada ən gəlirli və tez başa gələn filmlər reklam filmləridir. Reklam filmləri üçün vacib şərtlərdən biri sabit hava şəraitinin olmasıdır. Məhz buna görə də reklamların çoxu Cənubi Afrikada çəkilir. Amma Bakıda olduğumuz bir neçə gün müddətində sabit və çox gözəl hava şəraitinin şahidi olduq. Neçə gündür fikirləşirəm ki, nəyə görə Azərbaycan bu sahədən gəlir əldə etməsin, reklam filmi üzrə prodüserlər ölkəyə cəlb edilməsin. Amma öz sahəm üzrə hər hansı bir fürsət düşərsə, məmnuniyyətlə onu dəyərləndirib Bakıda və Azərbaycanın müxtəlif regionlarında film çəkərəm. Bilirəm ki, XX əsrin əvvəllərində Azərbaycanda çoxlu polyak yaşayıb. Hələlik bunları nəzərə alaraq bəzi layihələr haqda düşünürəm.

* * *
Polşalı kino mütəxəssisləri Azərbaycan mədəniyyətinə, o cümlədən ailə mədəniyyətimizə heyran olduqlarını vurğuladılar. Ailə institutu deyilən bir anlayışın Avropada tədricən yox olmasından təəssüf hissi ilə danışdılar. Qəzetimiz vasitəsilə bütün Azərbaycan ailələrinə möhkəmlik və adət-ənənələrə sadiqlik arzuladılar. Bildirdilər ki, Bakıda onları valeh edən ən birinci mənzərə küçələrdə ailələrin birlikdə gəzintisi və uşaqlara göstərilən diqqət olub.

Lalə Azəri