Aydın İsmiyev: «Turizm haqqında» yeni qanunda beynəlxalq turizm bazarına daha operativ inteqrasiya üçün bir çox məsələlər əksini tapacaq»

2014-cü il bir çox xüsusiyyətlərinə görə Azərbaycanın turizm sektorunun təmsilçiləri üçün əlamətdardır. Bu il Azərbaycanda turizmin inkişafına dair 2010-2014-cü illəri əhatə edən Dövlət Proqramı başa çatır. Eyni zamanda 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlığın qızğın mərhələsidir. Bu mötəbər tədbirə hazırlıqla bağlı turizm obyektlərində mövcud vəziyyət, ümumilikdə ölkəmizdə bu sahənin inkişaf səviyyəsi və digər mövzularda suallarımızı Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyev cavablandırır:

- Aydın müəllim, yay turizm mövsümü başa çatıb. Dünya Turizm Təşkilatının açıqladığı nəticələrə görə, bu il dünya turizmində 4,6 faiz artım var. Azərbaycanla bağlı nə demək olar, proqnozlar özünü doğrultdumu?
- Hər il olduğu kimi, bu il də həm ölkəmizə gələn xarici turistlərin, həm də ölkə daxilində istirahət edən yerli turistlərin sayında artım müşahidə olunub. Bu tendensiya son 4-5 ildir davam edir. Əgər 4 il əvvəl Azərbaycanın regionlarında yay mövsümündə 100-150 min nəfər insan dincəlirdisə, hazırda bu rəqəm 500 min təşkil edir. Eyni zamanda müxtəlif ölkələrə çarter reysləri açılır, yeni istiqamətlər müəyyənləşdirilir, xaricə turist səfərlərin coğrafiyası genişlənir.

Monitorinqlərin nəticələrini müsbət qiymətləndirmək olar

- Nazirlik tərəfindən mütəmadi olaraq hər il turizm obyektlərinin monitorinqi keçirilir. Builki monitorinqlərin nəticələri necədir?
- Turizm sənayesi obyektlərində xidmətin keyfiyyətinin müasir tələblərə uyğunluğunun və peşə hazırlığı səviyyəsinin öyrənilməsi, mehmanxana və turizm şirkətləri tərəfindən göstərilən xidmətlərin dövlət standartlarına riayət olunmasının yoxlanılması və bu sahədə nöqsanların aradan qaldırılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hər il bölgələr üzrə monitorinqlər keçirilir. Bu il monitorinqlərin 3 mərhələdə həyata keçirilməsi nəzərdə tutulmuşdu. Birinci mərhələdə Bakı-Abşeron bölgəsində fəaliyyət göstərən mehmanxana və turizm şirkətlərində monitorinqlər keçirildi. Burada əsas məqsədimiz 2015-ci ildə Bakı keçiriləcək I Avropa Oyunları zamanı ölkəmizə gələcək turistlərə yüksək səviyyədə xidmətlərin göstərilməsinin təmin edilməsinin yoxlanılması idi. İkinci mərhələdə monitorinqlər iyunun 23-dən iyulun 22-dək respublikanın digər regionlarında aparıldı. Üçüncü mərhələ isə oktyabrın 15-dən noyabrın 13-dək Bakı-Abşeron bölgəsində davam etdiriləcək.
Ümumiyyətlə, nəticələri müsbət qiymətləndirmək olar. Amma təbii ki, müəyyən neqativ hallar da var. Belə hallardan birincisi, bəzi mehmanxanaların lisenziyasız fəaliyyət göstərməsi, təqdim olunan xidmətlərin lazımi səviyyədə olmamasıdır. Baxmayaraq ki, nazirlik Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə hər il Bakıda və regionlarda mehmanxana əməkdaşları üçün müxtəlif istiqamətlərdə treninq-kurslar təşkil edir, vəziyyət hələ qaneedici deyil. Xüsusilə regionlarda yerləşən mehmanxanalarda problemlər mövcuddur. Bunun da əsas səbəbi onların işçiləri mövsümi olaraq işə götürməsidir. Bölgələrimizdəki turizm obyektləri maksimum üç ay fəaliyyət göstərir. Digər vaxtlarda onların əksəriyyəti bağlanır. Bununla əlaqədar işçilər də gedib başqa sahələrdə çalışırlar. İldə cəmi üç ay işçilərin mehmanxanalarda fəaliyyət göstərməsi ilə, təbii ki, yüksək səviyyəli peşəkar xidmətin təmin edilməsi mümkün deyil.
- Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mehmanxanalara ulduz dərəcəsi verilir, bəzən hansısa hoteldə ulduz dərəcəsi aşağı salınır. Bu prosedur hansı qaydalarla tənzimlənir?
- 2015-ci ildə paytaxtımızda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar mehmanxanaların fəaliyyətinin ciddi yoxlanması gündəmdədir. Qanunvericilikdə mehmanxananın ulduz dərəcəsi alması məcburi deyil. Əgər sahibkar öz mehmanxanasına ulduz dərəcəsinin verilməsini istəyirsə, nazirliyə müraciət edir. Nazirliyin müvafiq komissiyası tərəfindən həmin turizm obyektinə baxış keçirilir və ulduzu müəyyən edilir. Hazırda bununla bağlı yeni sistem tətbiq edilir və çox qısa müddətdə müraciət edən mehmanxanaya baxış keçirilir, tələb olunan meyarlara uyğun gəlirsə, ona müvafiq ulduz dərəcəsi verilir.

Səfərlərin turizm şirkətləri vasitəsilə təşkili daha təminatlıdır

- Son vaxtlar belə bir fikir formalaşıb ki, bronlaşma turistlə mehmanxana arasında onlayn sistemlər vasitəsilə həyata keçirildiyinə görə turizm şirkətlərinin fəaliyyətinə o qədər ehtiyac qalmayıb. Siz bu yanaşmaya necə baxırsınız?
- Bütün dünyada bu xidmət mövcuddur. Turistlər, qeyd etdiyiniz kimi, internet üzərindən gedəcəyi ölkəni, qalacağı mehmanxananı seçir. Amma burada bir fakt da var ki, turizm şirkətləri təkcə mehmanxanaları bronlaşdırmaqla məşğul deyil. Müxtəlif səfərlərin təşkili, ekskursiya proqramlarının həyata keçirilməsi və digər işlər var ki, bunları turizm şirkətləri görür. Ona görə də turizm şirkətlərinin fəaliyyətinə ehtiyac yoxdur demək, fikrimizcə, düzgün deyil.
- Həm də birbaşa anlaşma zamanı turist qarşılaşdığı neqativ hallarla bağlı müraciət etməyə bir instansiya tapa bilmir...
- Doğrudur. Onlayn sistem vasitəsilə bronlaşdıranda turist ona vəd edilən xidməti görməyəndə heç kəsə müraciət edə bilməz. Çünki hotellə müqaviləsi yoxdur. Amma bronlaşma turizm şirkəti vasitəsilə həyata keçirildikdə, müştəri şirkətlə müqavilə bağlayır. Turizm şirkəti müqavilədə nəzərdə tutulan şərtləri yerinə yetirməyəndə, turist məhkəmə yolu ilə də olsa, ödədiyi vəsaiti geri ala bilir. Ona görə də səfərlərin turizm şirkətləri vasitəsilə təşkili daha təminatlıdır.
- Turizm şirkətləri xarici səfərlər zamanı müştərilərinə vəd etdiyi xidmətləri göstərmədikdə nazirlik hansı tədbirləri görür?
- Bizə belə neqativ hallarla əlaqədar bir çox şikayətlər daxil olur. Hesab edirəm ki, bu, yaxşı hal deyil və Mədəniyyət və Turizm Nazirliyi həmin şirkətlər barədə müvafiq tədbirlər görəcək. Bir neçə dəfə xəbərdarlıq etdikdən sonra, düşünürəm ki, bu şirkətlərin lisenziyasını dayandırmaq lazımdır. Turizm bazarındakı mövcud vəziyyəti stabilləşdirmək vacibdir. Hazırda ölkədə 240 turizm şirkəti fəaliyyət göstərir. Təbii ki, bu şirkətlərin hamısı eyni cür işləyə bilməz. Onlar sənədlərini hazırlayıb təqdim edirlər, biz də yoxlayıb görürük ki, hər şey qaydasındadır. Bundan sonra lisenziya veririk. Şirkətlərin sonrakı fəaliyyəti artıq onların özlərindən asılıdır. Elə şirkətlər var ki, işini normal qura bilmir, bazarda rəqabətə davam gətirmir. Çünki bazar özü onların fəaliyyətini tənzimləyir.
- Mehmanxanalarla turizm şirkətlərinin anlaşması məsələsi necə, həllini tapıbmı? Bir mütəxəssis olaraq nə kimi tövsiyələriniz var?
- Nazirlik bu məsələ ilə əlaqədar zaman-zaman həm mehmanxanalara, həm də turizm şirkətlərinə müraciət edir. Azərbaycan Turizm Assosiasiyasına da onlarla daha fəal işləməklə bağlı tövsiyələr veririk. Hesab edirəm ki, get-gedə bu problem həll olunur. Artıq mehmanxanalar və turizm şirkətləri özləri də anlaşmağa çalışırlar. Turizm özəl sektor olduğuna görə nazirlik onlara belə işlərdə təzyiq edə bilməz. Azərbaycan Turizm Assosiasiyası çərçivəsində onlar özləri problemlərini həll etməlidirlər.

Dövlət Proqramının bütün bəndlərinin icrası təmin olunub

- Bu il Azərbaycanda turizmin inkişafına dair Dövlət Proqramının sonuncu mərhələsidir. Proqramda nəzərdə tutulan işlərin icrası ilə bağlı vəziyyət necədir? Yeni Dövlət Proqramı qəbul olunacaqmı?
- 2010-2014-cü illəri əhatə edən Dövlət Proqramına əsasən ölkəmizdə müvafiq turizm infrastrukturunun yaradılması, yeni turizm marşrutlarının açılması, Azərbaycanın turizm imkanlarının beynəlxalq aləmdə təbliği və s. vəzifələrin icrası nəzərdə tutulurdu. Nazirlik tərəfindən Dövlət Proqramının bütün bəndlərinin icrası əsasən təmin olunub. Amma elə bəndlər də var ki, onların tam şəkildə həyata keçirilməsi üçün müəyyən vaxt lazımdır və növbəti proqrama daxil edilməsi nəzərdə tutulur. Yeni proqrama gəlincə, hazırda Azərbaycanın turizm strategiyasını hazırlayırıq. Növbəti illər üçün Dövlət Proqramı üzərində də işlərə başlanılıb. Hansı sənəd qəbul olunsa, təbii ki, onun icrası istiqamətində də işlər davam etdiriləcək.
- «Turizm haqqında» yeni qanun layihəsi hansı mərhələdədir?
- «Turizm haqqında» əvvəlki qanun 1999-cu ildə qəbul olunub. Dünyada turizmin inkişaf tendensiyası elədir ki, beynəlxalq turizm bazarına daha operativ və daha geniş, yüksək səviyyədə inteqrasiya olunmaq, standartlara uyğun turizm xidmətini təşkil etmək, ölkənin turizm potensialını daha geniş təbliği baxımından yeni qanuna ehtiyac var. Yeni qanun layihəsi artıq hazırdır. Amma müəyyən prosedurlardan keçməlidir. Yeni qanun bizə imkan verəcək ki, daha geniş vasitələri işə salaq. Bu nə üçündür? Bu, turizm xidməti infrastrukturunun genişləndirilməsi, yerləşdirmə obyektlərinin sayının artırılması, Mədəniyyət və Turizm Nazirliyi olaraq, mədəniyyət obyektlərinin turizm nümayiş obyekti kimi istifadə olunmasının təşkili, yeni ərazilərin seçilməsi, regionlarda turizmin inkişafı, mövcud potensiala uyğun olaraq, turizmin müxtəlif növlərinin inkişafı baxımından yeni qanunun hazırlanması bizə əlavə imkanlar verəcək. Qanunda beynəlxalq normalar, bu çərçivədə dövlətin Mədəniyyət və Turizm Nazirliyi qarşısında qoyduğu tapşırıqlar, eyni zamanda beynəlxalq turizm bazarına inteqrasiya olunmaq üçün lazım olan fəaliyyətin tənzimlənməsi kimi məsələlər əksini tapacaq.
- Qarşıdan I Avropa Oyunları gəlir. Qonaqları yerləşdirmək üçün yer problemi olmayacaq ki?
- Yerləşdirmə yerlərimiz kifayət qədər var. Mədəniyyət və Turizm Nazirliyi Fövqəladə Hallar Nazirliyi ilə birlikdə mehmanxanalara baxış keçirir, təhlükəsizlik məsələləri diqqətlə yoxlanılır. Monitorinqlər zamanı da bu məsələləri diqqətdə saxlayırıq. Təbii ki, idmançılarla birlikdə onların ailələri də ölkəmizə gələcək. Biz yeni marşrutlar üzərində işləyirik, şəhər turları hazırlanır. Xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində də tədbirlər həyata keçirilir. Nazirlik olaraq iştirak etdiyimiz beynəlxalq turizm sərgilərində də bu tədbiri təbliğ edirik. Çalışırıq oyunları izləmək üçün daha çox insan ölkəmizə səfər etsin.

Fəxriyyə Abdullayeva