“Öz aramızda dialoq qura bilsək, bu xoşagəlməz halları aradan qaldıra bilərik”

Səfir Luis Fillipe Kastro Mendes Portuqaliyanın Avropa Şurasındakı daimi nümayəndəsi, qurumun Nazirlər Komitəsinin təhsil, mədəniyyət, idman, gənclər və ətraf mühit üzrə məruzəçi qrupunun sədridir. Sentyabrın əvvəlində Bakıda keçirilən “Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə” mövzusunda görüşdə o da iştirak edirdi. Qonaq bizimlə söhbətində öncə Avropa Şurasının mədəniyyətlə bağlı prioritetlərindən bəhs etdi:

- Mən qurumda təhsil, mədəniyyət, idman, gənclər və ətraf mühit üzrə məsələlərə cavabdehəm. Biz demokratiya, insan hüquqlarının qorunması aspektindən yanaşaraq bu sahələri inkişaf etdiririk. Demək istəyirəm ki, fəaliyyətimizə aid olan bütün işləri demokratiya müstəvisində həyata keçiririk. Məsələn, biz mədəniyyət üzrə işləyirik, lakin mədəniyyət tədbirləri, mədəni irs məsələləri konkret olaraq bizim obyektimiz deyil. Ona görə ki, bu, birbaşa UNESCO-nun fəaliyyət sahəsidir. Sadəcə demokratik mədəniyyətin inkişafı bizim üçün vacibdir. Mədəniyyətin özü demokratiyanın kökündə dayanır, onun özülünü təşkil edir.

- Dünyada dinlərin dinlərlə, mədəniyyətlərin mübarizəsinin kökündə hansı amillər dayanır?
- Müasir dünyamızda dinlərarası və mədəniyyətlərarası mübarizə çox ciddi problemdir. Əsl həqiqət bundan ibarətdir ki, bunlar siyasi motivli mübarizələrdir. Problemlərin kökü isə belə başlayır: dini və ya mədəni motivasiyalı olması güman edilən mübarizədə tərəflər deyirlər ki, biz bunu qəbul etmirik, biz bir yerdə yaşaya bilmərik. Yəni bir-birilərinə dözümsüzlük nümayiş etdirirlər. Əlbəttə, heç bir din bizə belə fikirləri təlqin etmir. Eyni zamanda dini dünyagörüşləri əsasında yaranan fəlsəfə də sülhü, bütövlüyü təlqin edir: biz dünyaya bölünmək üçün deyil, birləşmək üçün gəlmişik. Elə götürək böyük islam filosofu Cəlaləddin Ruminin fikirlərini. Onlar bu gün də bizim üçün çox qiymətlidir. Təəssüf ki, müasir dövrdə bir qisim insan da dindən, dini arqumentlərdən siyasi mübarizə aparmaq üçün sui-istifadə edirlər. Bəzi cəmiyyətlərdə isə hesab edirlər ki, başqa dindən olanlar xoşniyyətli adamlar deyil. Bu mənada bir sıra ölkələr miqrantları, başqa dinə, mədəniyyətə məxsus insanları özlərinə problem hesab edirlər. Digər tərəfdən, müxtəlif yerlərdə “həqiqi din uğrunda” bəhanəsi ilə insanları qətlə yetirirlər. Məsələn, götürək Nigeriyada “Boko haram”, İraqda İŞİD qruplaşmasını və s. Təəssüf ki, müasir dünya hələ bu təhlükələri yetərincə etiraf etmir. Biz müasir dünyanın bir hissəsi olmalı, proseslərdə iştirak etməliyik. Eyni zamanda qloballaşma özü ilə birlikdə mədəniyyətlər və dinlər arasına belə şübhələr də gətirə bilir. Ona görə də müsəlman, katolik, pravoslav, yəhudi din liderlərini Bakıda keçirilən toplantıda bir araya topladıq. Biz burada bir-birimizə hörmət edərək, bir-birimizi tanıyaraq ideyaları paylaşmalıyıq. Lakin digərlərinə yalnız öz dinimizi həqiqi din olduğunu diktə etməməliyik. Bu baxımdan dövlətləri bu problemin həllinə cəlb etməli, buna həm də təhsil səviyyəsində, sosial hərəkatlarla müdaxilə etməliyik. Bütün bunlardan sonra ortaya belə bir sual çıxır: Bu kifayətdirmi? Cavab verərdim ki, xeyr. Tədris prosesində bu kimi məsələlər qaldırılmalıdır. Bütün dövlətlərdə tolerantlığın təbliği prosesi getməlidir. Bəzi hallarda dinlərin tədrisində böyük səhvlərə yol verilir. Bu kimi halları pisləyirik. Ona görə də Azərbaycanın belə bir təşəbbüslə çıxışı, belə bir tədbirə ev sahibliyi etməsi təqdirəlayiq oldu. Bir araya gəlib öz fikirlərimizi daha aydın şəkildə paylaşdıq. Mübadilə yaxşı vasitədir.

- Dünyada baş verən bu proseslərə Avropa Şurasının münasibəti necədir?
- Biz qəti şəkildə islam fobiyasının əleyhinəyik. Eyni zamanda dindən neqativ formada istifadəyə qarşı çıxırıq. Bəzən dini rəhbərlərin insanları ittiham etmələrinə də qarşıyıq. Belə olan halda sadəcə dindən bir vasitə kimi istifadə olunur. Bununla da insanlar nəzarət altında saxlanılır. Ona görə də əgər öz aramızda dialoq qura bilsək, bu xoşagəlməz halları aradan qaldıra bilərik. Mənə elə gəlir ki, bu gün dünyanın ən böyük problemi bu və digər dinə mənsub olan şəxsin özünü başqalarından üstün, daha çox səlahiyyətli, fenomen hesab etməsidir. Düşünürəm ki, biz islamı da, xristianlığı da daha yaxşı tanımalı, bilməliyik. İkinci problem dini hissləri manipulyasiya etməkdir. Təəssüf ki, bu gün dini konfliktləri dünyanın çox yerində görə bilərik. Məsələn, mən Hindistanda yaşamışam. Bu ölkə politeist dinlərin (çoxallahlılıq) hökm sürdüyü yerdir. Cəmiyyət nə zaman müxtəlif dinlərin birgəyaşayışına tolerant yanaşacaqsa, onda normal yaşayış da mümkün olacaq. Bu bir çox ölkələrdə baş verir. Bəzən bir neçə din bir yerdə mövcud ola bilir. Bəzən isə fanatiklər tərəfindən guya vahid həqiqi din uğrunda mübarizə başlayır. Hətta tarixin müəyyən mərhələlərində özünü müasir dinin yeni peyğəmbəri elan edənlər də olub. Əlbəttə, bu əvvəl idi. İndi yeni texnologiyalar ortaya çıxıb.

- Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarında mədəniyyət abidələrimiz ya dağılır, ya da ermənilər tərəfindən özününküləşdirilir. Əgər söhbət demokratiyaya əsaslanan mədəniyyətdən, insan haqlarından gedirsə, Avropa Şurasının bu məsələyə münasibəti necədir?
- Bu, iki ölkə arasında olan konfliktdir. Təəssüf ki, hazırda dünyanın çox yerində belə konfliktlər var. Azərbaycanla Ermənistan arasındakı konflikt dialoq və diplomatik yollarla həll olunmalıdır. İki ölkə Avropa Şurasının üzvüdür və bizim ən böyük arzumuz münaqişələrə son qoymaqdır. Biz ölkələrdə sülh istəyirik. Onu da qeyd edim ki, bacardığımız qədər danışıqlar prosesinə də kömək etməyə hazırıq.

- Azərbaycanda dinlərarası və mədəniyyətlərarası durumla bağlı müşahidələriniz sizə nə deyir?
- Müxtəlif inancların inkişafı üçün Azərbaycanda yaxşı şərait var. Sevindirici haldır ki, burada müxtəlif dinlər birgə fəaliyyət göstərə bilir. Məscid, kilsə, sinaqoq bir aradadır. Azərbaycanda dinlər toqquşmur. Eyni zamanda biz burada müxtəlif mədəniyyətlərin də birgəyaşayışının şahidi olduq. Burada apardığımız fikir mübadiləsi də çox faydalı oldu. Bir-birimizi çox yaxşı başa düşdük.

Mehparə