“Tədbirə medianın böyük diqqətini nəzərə alaraq ölkəmizin mədəniyyəti haqqında beynəlxalq ictimaiyyətə daha geniş məlumatlar yaymaq, vətənimiz haqqında
gözəl təəssüratlar yaratmaq mümkündür”

2015-ci ilin iyun ayında Bakıda I Avropa Oyunları keçiriləcək. Hazırda ölkəmizdə bu mötəbər beynəlxalq tədbirə geniş hazırlıq işləri görülür. Bakı Avropa Oyunları Əməliyyat Komitəsində təmsil olunan idman mütəxəssisi, “Fəxri bədən tərbiyəsi və idman işçisi” Səlhət Abbasova ilə söhbətimiz də bu barədədir.

- Səlhət xanım, bu böyük idman hadisəsinin ölkəmiz üçün əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Öncə onu qeyd edim ki, bir idman mütəxəssisi olaraq ölkəmizdə təşkil olunacaq ilk Avropa Oyunlarının hazırlıq işinə cəlb olunmaqdan böyük qürur hissi duyuram. Bu möhtəşəm tədbirə 7 aydan az artıq vaxt qalır. Bu vaxtın dəyərini Bakı Avropa Oyunları Əməliyyat Komitəsində çalışan mütəxəssislər çox gözəl anlayır və hər dəqiqəni səmərəli istifadə etməyə çalışırlar. Statistik məlumat olaraq bildirim ki, 17 gün davam edəcək yarışlarda 20 idman növü üzrə 6 mindən artıq idmançı iştirak edəcək. Böyük idman tədbirlərinə ev sahibliyi edən ölkələrin əldə edə biləcəyi töhfələri tədqiqatçılar əsasən qısa və ya uzunmüddətli olaraq dəyərləndirirlər. Məsələn, yeni iş yerlərinin açılması, şəhər infrastrukturun inkişafı, yolların çəkilməsi, idman qurğularının, mehmanxanaların və digər yeni müxtəlif profilli obyektlərin inşası və təmir-bərpası, idman yarışları vasitəsilə insanlara əyləncə və bayram əhval-ruhiyyəsinin yaradılmasına yeni imkanların verilməsi, tədbirə medianın böyük diqqətini nəzərə alaraq ölkəmizin mədəniyyəti haqqında beynəlxalq ictimaiyyətə daha geniş məlumatların yayılması imkanları, vətənimiz haqqında gözəl təəssüratlar yaratmaq - bütün bunları artıq qısa dövr ərzində hiss etmək mümkündür. Ölkəmiz haqqında yayılmış geniş informasiya və qısamüddətli iş səfərlərində ölkəmizdə olması, xarici vətəndaşların Azərbaycana gələcəkdə bir turist olaraq gəlmək niyyətini də yüksəldir. Tədbirin keçirilməsi dövründə inkişaf etdirilmiş infrastruktur isə hələ neçə illər xalqımıza xidmət edəcəkdir.
- Məsələyə daha geniş aspektdən yanaşsaq, mütəxəssislər dünya təcrübəsinə əsaslanaraq belə böyük tədbirlərin iqtisadi səmərəsi barədə fərqli fikirlər söyləyirlər. Sizin bu barədə fikriniz necədir?
- Avropa Oyunlarının ölkəmizə verə biləcəyi səmərədən çox danışmaq olar. Lakin bu arada onu qeyd etmək istəyirəm ki, böyük idman tədbirlərinin təşkilinin elmi araşdırılması onu göstərir ki, belə tədbirlərin təşkilinin cəmiyyətə verə biləcəyi səmərə təşkilatçının planlaşdırma qabiliyyətindən və cəmiyyətin üzvlərinin, müxtəlif təbəqələrinin prosesə nə dərəcədə cəlb olunmasından çox asılıdır. Məsələn, vətəndaş da dövlət, sərmayəçi və sponsor kimi bu tədbirin təşkilinə özünün ən kiçik belə olsun əməyini sərf etmiş olduqda, onun təşkilində hər hansı şəkildə iştirak etdikdə psixoloji olaraq əldə olunan hər bir nailiyyətə sevinir və tədbirin cəmiyyətə verdiyi səmərəni dəyərləndirir. Olimpiya oyunları və futbol üzrə son dünya çempionatı daxil olmaqla bir çox meqa idman yarışlarının təhlili onu göstərir ki, belə tədbirlər zamanı müsbət nəticələrlə yanaşı, gələcək inkişaf üçün dərs alınacaq səhvlərin yer alması və zəif cəhətlərin aşkar edilməsi qaçılmazdır. Bu bir faktdır ki, əhalinin nə qədər böyük hissəsi belə möhtəşəm tədbirlərin təşkilində özünün cəlb olunduğunu hiss edərsə, uğurun miqyası bir o qədər böyük olar. Bu hadisə həm də insanlarımıza fəaliyyət növündən asılı olmayaraq, özünürealizə üçün böyük imkanlar yaradır. Məsələn, Avropa Oyunlarının başlanma tarixinədək istər sənətkarlıq, istər kiçik biznesin yaradılmasına qərar vermək, istərsə də fərdi məqsədlərini müəyyən edib ona çatmaq üçün səy göstərmək üçün bu bir stimuldur.
- İdman mütəxəssisi kimi əlaqədar proqramlar çərçivəsində tez-tez xarici ölkələrə səfərlər edirsiniz. Bu günlərdə “Qlobal İdman Təlimi Proqramı” çərçivəsində ABŞ-da olmusunuz. Layihənin əhəmiyyəti nə idi və orada qazandığınız təcrübəni ölkəmizdə necə tətbiq etmək istərdiniz?
- ABŞ-da təşkil edilmiş proqramın əsas istiqaməti qadınların inkişafına idman vasitəsilə imkanların artırılması idi. Bu gün dünyada cəmiyyət üçün aktual məsələlərdən biri də qadınlara cəmiyyətdə bərabər imkanlar yaratmaqdır. Qadınların cəmiyyətdə sosial mövqeyini möhkəmləndirərək, ailənin və bütün bəşəriyyətin möhkəmləndirilməsi və sağlamlaşdırılmasında səmərəli istifadə edə bilmək haqqında təcrübə üçün bu proqram çox gözəl imkan idi. Cəmiyyətdə əlilliklə bağlı profilaktika və inteqrasiya məsələləri ətrafında geniş təhlil aparılırdı. Əlbəttə, bu məsələlər bizim ölkəmizdə də aktualdır. Xüsusilə, regionlarda qızların idmanla məşğul olmaq, idmanın verə biləcəyi imkanlardan faydalanması üçün daha səmərəli işlərin görülməsi vacibdir. Bilirsiniz, bəzən yalnız qanuni hüququn mövcudluğu belə cəmiyyətdə dərin kök salmış, inkişafı zəiflədən adət və davranışların qarşısının alınmasında aciz qalır. Bu bir faktdır ki, Azərbaycan qadını hələ bir çox mütərəqqi Avropa ölkələrindən öncə cəmiyyətdə hüquq bərabərliyi əldə etmişdir. Yalnız, bəzən qadınlarımızın bu hüquqdan necə istifadə etdiyi haqda düşündükdə, xüsusilə, bölgələrimizdə qadınların mövqeyini və imkanlarını təhlil etsək, Cəfər Cabbarlının “Sevil”inin bu gün də aktual olduğunu dərk edirsən. Əlbəttə, bu düşüncələr heç də Azərbaycan qadınının əldə etdikləri uğurlara kölgə salmır. Sadəcə, belə uğurların daha da çox olması üçün gözəl nümunələrdən səmərəli istifadə etməyə həvəsləndirir. Bu proqram çərçivəsində yaranmış bir çox ideyalarla yanaşı, gələcəkdə tətbiq etmək istədiyim layihələrdən biri də məhz ölkəmizin sağlam həyat tərzinə üstünlük verən, yüksək idman nailiyyətləri ilə seçilən uğurlu qadınlarımızın digər qeyri-fəal həyat tərzi keçirən qadınlarımızı həvəsləndirmək, birgə inkişaf etmək üçün imkanlar yaratmaqdır. Belə bir layihəyə Avropa Oyunlarınadək start verilməsi, əhalimizin müxtəlif təbəqələrinin həvəsləndirilməsi də, elə böyük idman tədbirinin ölkəmizdə qoya biləcəyi daha bir müsbət irs kimi dəyərləndirilə bilər.

Mehparə