2014-cü il bir çox sənət adamları üçün uğurlarla müşayiət olunub. Yazıçılar Birliyinin katibi, şair, yazıçı, ssenarist İlqar Fəhmi də yola saldığımız ilin uğur gətirdiyi insanlardandır. Onunla söhbətimiz də ədəbiyyat və sənət barədə oldu.

- İlqar müəllim, ili hansı ovqatla yekunlaşdırırsınız, hansı yaddaqalan məqamları qeyd edə bilərsiniz?
- Bu il ssenari müəllifi olduğum “Axırıncı dayanacaq” filminin premyerası keçirildi. Dövlət sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan film maraqla qarşılandı. “Ay tutulanda” povestim əsasında ATV telekanalında “Oskar prodakşn” tərəfindən çəkilən 16 seriyalı film də tamaşaçıların marağına səbəb oldu. Eyni zamanda “Zümrüd parıltısı”, “Son reportaj”, “Tut ağacı” və s. pyeslərim dövlət teatrlarına təqdim edilib.
- Müasir teatr, kino və ədəbiyyatla bağlı fikirlərinizi öyrənmək maraqlı olardı.
- Hazırda bizim kino və teatrda problem ondan ibarətdir ki, tamaşaçı kütləmiz Avropa ilə müqayisədə fərqlidir. Bir çox janrlar var ki, bunlar artıq Avropada və dünyada keçilmiş mərhələ sayılır. Ancaq bizdə hələ də inkişaf pilləsindədir. Bu səbəbdən də yazar həmin janrları işləyəndə müəyyən tərəddüd keçirir. Bizim tamaşaçı üçün nəzərdə tutulan kənarda maraqla qarşılanmır, çünki onlar artıq həmin mərhələni keçiblər. Onların keçdiyi mərhələyə, estetik zövqə uyğun olanı Azərbaycan tamaşaçısına təqdim edəndə isə anlaşılmazlıqla qarşılanır. Bu o demək deyil ki, bizdə səviyyə aşağıdır. Sadəcə, sənətin müəyyən mərhələləri var ki, janrlar mütəmadi dəyişir. Bu baxımdan bir çox rejissorlar da tərəddüd qarşısında qalırlar. Xaricdə bu məsələlər həllini tapıb. Müəyyən studiya və şirkətlər var ki, onlar sırf yerli tamaşaçı üçün işləyir, bəzi studiyalar isə birbaşa xarici şirkətlərlə çalışır, birgə layihələr həyata keçirilir. Bizdə bu iş hələ tam sistemləşməyib.
Bir çox ölkələrdə gənclər teatrı var və onların tamaşaları sırf gənclərə hesablanır. Bizdə də Dövlət Gənc Tamaşaçılar Teatrı fəaliyyət göstərir. Amma oranın tamaşaçısı ilə Milli Dram Teatrının tamaşaçısı arasında fərq görmürük. Bu problemlər zamanla aradan qalxacaq.
İncəsənətin peşəkar təbəqələri yetişməlidir və buna zaman lazımdır. Vaxtilə seriallarla bağlı çoxlu müzakirələr aparılırdı. Dövlət vəsait ayırdı və artıq milli seriallar istehsal edilir. Əvvəl keyfiyyət aşağı idi, yavaş-yavaş irəliləyişin şahidi oluruq. Sənətdə istənilən nailiyyət uzun zaman tələb edir. Tamaşaçılardan da hər zaman xahiş edirəm ki, indiki dövrdə sənətə qarşı hədsiz tələbkar olmasınlar. Hazırda bizdə yeniləşmə mərhələsidir. Uzun illər əvvəl bu prosesi keçmiş Avropa və Amerika kinosu ilə özümüzü müqayisə edə bilmərik.
- Ssenariləriniz əsasında çəkilmiş filmlərin rejissor işindən razısınızmı?
- Mən bilirəm, rejissor hansı vəziyyətdə işləyir və onun əlində olan texniki təchizat necədir. Texniki tərəfi və aktyor oyununu bildiyimə görə razı qalıram. Kino istehsalı sahəsində də keçməli olduğumuz mərhələlər var. Bu etapları keçdikdən sonra keyfiyyət haqqında düşünə bilərik. Təbii ki, bir ssenari eyni vaxtda həm bizdə, həm də digər ölkədə çəkilsə, aralarında fərq olacaq. Çünki həmin mexanizm onlarda artıq inkişaf edib.
- Yazıçılar Birliyində işlər hansı vəziyyətdədir?
- Birliyin katibi təyin olunduqdan sonra internet resurslarla bağlı bütün işlər mənə tapşırıldı və bununla bağlı müəyyən planlar həyata keçiriləcək. Yeni ildən qurumun seksiyaları, bölgələrlə iş və saytın fəaliyyətində fərqlər hiss ediləcək. Daha yaxşı nəticə verə biləcək layihələr üzərində işləyirik.

Lalə Azəri