Bu şəhərə gələn hər kəs təkrar oraya qayıtmaq və onu yenidən görmək istəyində olacaq
   
   III yazı
   
   Homerin ilham mənbəyi, İsgəndərin arzusu olan İzmir hər zaman “Gözəl İzmir” kimi tanınıb. Burada qədim yunan-Roma, Bizans və Osmanlı mədəniyyəti bir arada qorunub-saxlanılır. Zaman-zaman fərqli mədəniyyətlərlə tanış olan İzmir bu illərdə həm də özünün mədəni simasını yaradıb.
   
   İzmirin rəmzi
   
   Tarix boyu İzmir şəhərinin mərkəzi Konak meydanı olub. Bu yaxınlarda aparılan bərpa işlərindən sonra meydan həm də istirahət mərkəzinə çevrilib. Konak meydanı İzmirin simvolu hesab edilən möhtəşəm Saat qülləsi ilə daha cəlbedici görünür. Qüllə 1901-ci ildə Osmanlı sultanı II Əbdülhəmidin taxta çıxmasının 25-ci ildönümü münasibətilə tikilib. Osmanlı hərbi dəniz donanmasının komandanı Səid Paşa tərəfindən inşa etdirilən 25 metr hündürlüyündə qüllə meydanın düz mərkəzində qərar tutub. Fransız memarı Raymond Çarles Pierin layihəsi əsasında inşa edilən qüllədəki saat alman imperatoru II Vilhelm tərəfindən türk-alman dostluğunun yadigarı olaraq sultana hədiyyə edilib. O gündən bu günə qüllədəki saat işləməkdədir.
   1901-ci il sentyabrın 1-də keçirilən rəsmi açılışdan sonra Saat qülləsi İzmirin rəmzinə çevrilib. Yonulmuş daşlardan tikilən və mərmərlə üzlənən qüllənin ətrafında 4 fəvvarə də var. Nəfis tərtibatlı minarə formasında olan Saat qülləsi, doğrudan da möhtəşəm memarlıq əsəridir. Və bu abidənin qərar tutduğu, ətrafında fəvvarələrin yer aldığı, göyərçinlərlə dolu Konak meydanı İzmirə zəngin və əsrarəngiz bir gözəllik verir.
   
   Kəməraltı bazarı
   
   Hər addımında qədimliklə müasirliyi bir arada yaşadan İzmirdə XVII əsrdə inşa olunmuş Kəməraltı adlı bazar da turistləri cəlb edən məkanlardandır. Konak meydanının yaxınlığında olan bu tarixi bazarın adının isə maraqlı izahı var. Kəməraltı - bazarın yuxarı hissəsi, üstü örtülüdür deməkdir. Bazara aparan ilk yol 1592-ci ildə tikilmiş Hisar məscidindən başlayır. Kəməraltı təkcə İzmirin deyil, bütövlükdə Osmanlı imperatorluğunun ən mühüm alış-veriş mərkəzi olub. Keçmişdə olduğu kimi, bu gün də alıcı axını kəsilmək bilməyən Kəməraltı bazarı İzmirin mühüm ticarət məkanıdır. Satışda olan ənənəvi keramika, çini qablar, ağacdan hazırlanmış məmulatlar, xalça, kilim və s. xalq sənəti nümunələri qədim tağlı və günbəzli mağazaları olan bazarla sanki bir harmoniya yaradır. Və bir anlıq özünü orta əsr türk bazarında hiss edirsən. Bununla yanaşı, bazarın yuxarı hissəsində müasir biznes mərkəzinə, kafelərə də rast gəlmək olur.
   
   Tarixi yaddaş və turizm məkanı
   
   Egey dənizi sahilində, İzmirdən 80 km uzaqda yerləşən Çeşmə yarımadası Türkiyənin qərbində ən gözəl turizm məkanıdır. Bir vaxtlar (XVIII əsr) kiçik balıqçı qəsəbəsi olmuş bu zəngin şəhərcik turistləri həm də öz tarixi ilə cəlb edir. Belə ki, 1768-1770-ci illər Rusiya-Türkiyə müharibəsindəki döyüşlərdən biri məhz Çeşmə yarımadasının yaxınlığında baş verib. Tarixə də Çeşmə döyüşü adı ilə düşüb. Qraf Orlovun komandanlığı altında rus dənizçiləri Çeşmə buxtasındakı Osmanlı dəniz donanmasını yandırmışdılar. Bu döyüşün şahidi hazırda muzey kimi fəaliyyət göstərən Çeşmə qalasıdır. Qala-muzeydə Səlcuq dövləti dövrünə məxsus eksponatlarla yanaşı, Çeşmə döyüşünə aid əşyalar da qorunur. Maraqlı məqam budur ki, muzeydə təkcə türk döyüşçülərinə məxsus geyimlər, silah-sursat nümunələri, rəsmlər deyil, eyni zamanda, həmin dövrün Rusiya çariçası Yekaterinanın, rus hərbi xadimlərinin rəsmləri, rus döyüşçülərinə məxsus əşyalar və eksponatlar da qorunur. Bəzən belə fikirlər səslənir ki, türklər öz məğlubiyyətlərini sonralar bu muzeylə əbədiləşdiriblər. Əslində isə bu, türk xalqının tarixi olduğu kimi, təhrif etmədən qoruyub-saxlamaq və təqdim etmək mədəniyyətidir ki, bu da başqa xalqlara bir nümunədir.
   Muzeyə gedən yolda yanında şir olan insan heykəli diqqəti cəlb edir. Bu, əslən Əlcəzairdən olan, əvvəllər dəniz qulduru, sonralar isə Osmanlı donanmasının admiralı kimi məşhurlaşmış Hayreddin Barbarossanın heykəlidir. Admiral Çeşmə döyüşü zamanı həlak olub və türklər sədaqət rəmzi olaraq ona hər zaman yanında gəzdirdiyi şiri ilə birlikdə heykəl ucaldıblar.
   Çeşmədə turistlər üçün digər maraqlı tarixi yer Sultan Süleyman Qanuninin fərmanı ilə 1528-ci ildə tikilən karvansaradır. Dövründə “Qanuni karvansara” adlanan və ənənəvi Şərq üslubunda tikilən bu karvansara hazırda hotel kimi fəaliyyət göstərir. Osmanlı dövrü dekorasiyaları əsasında qurulan karvansarada insan özünü XVI əsrdə hiss edir. Həyətində böyük hovuz olan tikilinin sütunları, tərtibatı eynilə Osmanlı saraylarında olduğu kimidir. Bir-birindən fərqli otaqların tərtibatı da cəlbedicidir. Məsələn, ərazisinə görə ən böyük “Padşah otağı” adlanan nömrənin dənizə baxan eyvanının dekorasiyaları XVI əsr Osmanlı üslubundadır. Eyni zamanda burada “Sultan otağı” adlı fərqli nömrə var. Bir sözlə, özünü XVI əsr Şərqində hiss etmək istəyən turistlər məhz bu gözəl məkanı seçirlər.
   İstanbul elitasının istirahət məkanı olan Çeşməni turistlər üçün cəlbedici özəllikləri tarixiliyindən əlavə, həm də insan səhhəti üçün faydalı olan isti sularıdır. Çeşmənin sahil boyu turistik zonaları bu sularla zəngindir. Yarımadanın ən populyar çimərliyi şəhərdən 10 km uzaqda yerləşən Altınkumdur. Çeşmə şəhəri iki rayona - Çeşmə və İlıcaya bölünür. Yaxınlıqdakı İlıcada yerləşən müalicəvi isti su mənbələrindən istifadə etmək üçün insanlar ta qədimdən bu yerlərə üz tutublar. İlıcanın ən gözəl xüsusiyyəti gözəl qumlu sahilləri olan çimərliklərdir. Yerli isti bulaqlar şəhərin hotellərini müalicəvi sularla təchiz edir. Bu gün Çeşmə rahat hotellər, əla restoranlar və diskotekalar, oyun salonları, idman meydançaları, mağazalar, barlar, kafeləri olan müasir kurort kimi fəaliyyət göstərir. Şəhərdə yelkənli idmanla məşğul olmaq üçün ideal şərait var ki, bu da Avropa ölkələrindən insanları buraya cəlb edir.
   
   Ənənələr qorunur
   
   Yuxarıda qeyd etdiyimiz kimi, İzmir minillik sivilizasiyaların, ənənələrin qorunduğu bir məkandır. Bu baxımdan turistləri özünə cəlb edən məkanlardan biri də Kamalpaşadan 5 km uzaqda yerləşən Nazarköy adlı kənddir. Bu kənddə xalqın dolanışıq mənbəyinin əsasını gilas, zeytun meyvələri ilə yanaşı, göz muncuqları da təşkil edir. İlk dəfə 1942-ci ildə Bəkir adlı usta kənddə göz muncuğu emalatxanası açır və daha sonra kənd əhalisi onu hazırlamağın yollarını öyrənir. Demək olar ki, kənddə hər bir ailə bu zinət əşyasının satışından əldə etdiyi gəlirlə dolanışığını təmin etməkdədir.
   İzmiri həm də müxtəlif inancların qovuşduğu məkan adlandırsaq, yanılmarıq. Fərqli millətlərin, fərqli inanclı insanların yaşadığı İzmirdə, məscidlərlə yanaşı, orta əsrlərdə tikilən kilsələr, sinaqoqlar da bərpa edilərək qorunmaqdadır.
   Bir sözlə, nadir gözəlliyə malik, tarixi zənginliyi özündə yaşadan İzmirə beşgünlük səfərimiz zəngin təəssüratlarla yadda qaldı. Bu təəssüratlar bolluğunda gəldiyim əsas qənaət isə bu oldu ki, İzmirə gələn hər kəs təkrar oraya qayıtmaq və onu yenidən görmək istəyində olacaq.
   Səfərin təşkilinə görə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşavirliyinə dərin təşəkkürümü bildirirəm.
   
   Mehparə Sultanova
   Bakı-İzmir-Bakı