Kökü yüzilliklərin dərinliklərindən gələn, zəngin musiqi və söz re-pertuarına, teatral keyfiyyətlərə malik olan ozan-aşıq sənəti dilimizin, ruhumuzun qorunmasında, milli istiqlal, milli dövlətçilik düşüncəsinin daşınmasında, qəhrəmanlıq, yurdsevərlik duyğularının aşılanmasında tarixən olduğu kimi bu gün də misilsiz rol oynamaqdadır. Ulu öndərimiz Heydər Əliyevin “milli varlığımızın möhtəşəm abidəsi” adlandırdığı “Dədə Qorqud” eposu və həmin ənənənin davamı olan “Koroğlu” dastanı xalqımıza məxsus mənəvi mədəniyyətin şah əsərləri kimi məhz ozan-aşıq sənətinin bağrından qopmuşdur. Milli musiqi mədəniyyətimizin nadir incilərindən olan Üzeyir Hacıbəyovun “Koroğlu” operası aşıq musiqisi və epos mədəniyyətimizdən qaynaq götürmüşdür. Bir çox Azərbaycan və xarici ölkə bəstəkarları öz əsərlərində dəfələrlə aşıq musiqisindən bəhrələnmişlər.  

    “Aşıq el anasıdır, haqqın səsidir” - qənaətində olan xalqımız yüzillər boyunca öz ustad sənətkarlarına xeyir-bərəkət, şadlıq gətirən ülvi bir simvol kimi yanaşmışdır. Musiqiçi, şair, aktyor, rəqqas kimi sinkretik keyfiyyətləri unikal şəkildə özündə birləşdirən saz-söz ustaları cəmiyyətin mənəvi həyatını istiqamətləndirən, etnosun milli-mental keyfiyyətlərini qoruyub möhkəmləndirən nüfuz və ehtiram sahibləri olmuşlar. Yüzillər boyunca onlar hərbi-siyasi və etnoqrafik mərasimlərin təşkilində yaxından iştirak etmişlər.
   
   Bu gün ələ almaz oldum mən sazım,
   Ərşə dirək-dirək çıxar avazım.
   Dörd şey vardır bir qarındaşa lazım -
   Bir elim, bir kəlam, bir nəfəs, bir saz -

   
   - deyən ulu babamız Şah İsmayıl Xətainin sazın-sözün milli-mənəvi həyatdakı yerinə verdiyi dəyər təsadüfi deyildi. Aşıq el və elm bilicisi, haqq dərgahı, ilahi aləmlə ünsiyyəti-rabitəsi olan bir fəlsəfi-ürfani mərtəbə sahibi kimi uca tutulduğundan onun sazı da, sözü də müqəddəs sayılırdı.
   Aşığa xalqın məhəbbət və rəğbətini milli mətbuatımızın qurucusu Həsən bəy Zərdabi “Əkinçi” qəzetinin 1875-ci ildə buraxılmış ilk saylarından birində belə ifadə etmişdir: “Bir baxın, bizim aşıqlar toylarda oxuyanda onlara qulaq asanlara. Bu zaman bu qulaq asanlar elə hala gəlirlər ki, ətini kəssən də xəbəri olmaz”.
   Təəssüf ki, XX yüzillikdən etibarən, xüsusən də sovetlər dönəmində aşıqlıq öz tarixi status və missiyasından uzaqlaşdırılaraq tənəzzülə doğru getməyə başladı. Haqq nuruna, ilahi aləmin mənəvi ucalığına bağlı olan aşıqlıq “işıqlıdır lampaları kolxozun” səviyyəsinə endirildiyindən onun cəmiyyət içərisindəki hörmət və nüfuzu tədricən aşağı düşdü. Aşıqlara Lenin, Stalin, Kommunist Partiyası, Moskva, Kreml mövzusunu təbliğ kimi saxta, boğazdan yuxarı bir missiyanın yüklənməsi də öz işini gördü. Bu tipli mövzulara etiraz edən Mirzə Bilal, Borsunlu Məzahir, Mikayıl Azaflı, Kəmsavad kimi saz-söz sənətkarları repressiya, həbs və mənəvi təzyiqlərə məruz qaldılar. 1928-ci ildə çağırılmış I Aşıqlar Qurultayının materiallarından da göründüyü kimi, mövcud quruluş onun ideoloji təbliğatçısı rolunu oynayan yeni tipli bir aşıq - sovet aşığı obrazının yaranmasına cidd-cəhdlə çalışmışdır. İkinci və üçüncü qurultaylar da bu məqsədlə çağırılmışdır. Yalnız 1984-cü ildə çağırılan IV qurultayda aşıqların yaradıcılıq və məişət problemləri gündəliyə çıxarılaraq Qətnamədə öz əksini tapmış, lakin həmin müddəaların çox cüzi bir hissəsi zaman içərisində gerçəkləşə bilmişdir.
   Bütün sovet dönəmi ərzində marksist-leninçi ideologiyanın təbliğinə yönəldilməklə tarixi statusu aşağılanan aşıq sənətinin təbliği, tədrisi və qorunub inkişaf etdirilməsi ilə bağlı, demək olar ki, nəzərəçarpacaq işlər görülməmişdir. Təkcə bir faktı xatırlatmaq yetərlidir ki, nə aşıqlar, nə də onların sazları keçmiş Azərbaycan Dövlət Konservatoriyasının qapısından içəri buraxılmamış, milli musiqimizin ana qaynağı tədris prosesinə daxil edilməmişdir. Şübhəsiz ki, bu yanlış yanaşma sazın dövlət səviyyəsində yaradılan rəsmi musiqi qurumlarında (Dövlət Orkestri, Dövlət Xalq Çalğı Alətləri Ansamblı və s.) yer almasının da qarşısını almışdır. İyirminci yüzilliyin otuzuncu illərindən başlayaraq ta bu günlərə qədər saza musiqi mədəniyyəti siyasətimizdə ikinci dərəcəli bir element kimi baxılmasının əyani göstəricisidir ki, Dövlət Radio və Televiziya proqramlarında bu musiqinin beş-on dəqiqəlik təqdimi “Aşıq musiqisi həvəskarları üçün konsertimizə başlayırıq” - başlığı altında təqdim olunmuşdur. Milli musiqi mədəniyyətimizin ana axarı - şah damarı olan sazın, aşıq musiqisinin ancaq bir qrup həvəskarlar üçün nəzərdə tutulması onun acı və acınacaqlı statusunu çox dəqiq ifadə edir.
   1984-cü ildə keçirilən IV qurultaydan sonra rəhmətlik xalq şairi Hüseyn Arifin təşəbbüsü və fədakar fəaliyyəti nəticəsində Aşıqlar Birliyi və “Aşıq Pəri məclisi” kimi yaradıcılıq təşkilatlarının yaranması, “Bulaq” və “Ozan” radio-televiziya verilişlərinin fəaliyyətə başlaması bu sahədə müəyyən canlanmaya səbəb olmuşdur. Hüseyn Saraclı, Əmrah Gülməmmədov, Kamandar Əfəndiyev, Şakir Hacıyev, Pənah Pənahov, Əkbər Cəfərov, İmran Həsənov, Ədalət Nəsibov, İsfəndiyar Rüstəmov və başqa istedadlı aşıqların Azərbaycanın ictimai-mədəni həyatında fəal yer almasında bu prosesin əhəmiyyətli rolu olmuşdur. Qadın aşıqlarının Azərbaycan aşıq sənətinin mühüm bir qoluna çevrilməsində “Aşıq Pəri məclisi”nin rolunu da qədirşünaslıqla qeyd etmək lazım gəlir. Vaxtilə Hüseyn Arif və Narınc Xatunun başladığı uğurlu fəaliyyətin nəticəsi olaraq bu gün Ulduz Quliyeva, Solmaz Kosayeva, Gülarə Azaflı, Zülfiyyə İbadova, Samirə Əliyeva, Telli Borçalı, Lətifə Çeşməli, Kəmalə Qubadlı və başqa onlarla istedadlı saz-söz ifaçısı sənət meydanına gəlmişlər.
   Məhrumiyyət və çətinliklərə baxmayaraq 70-90-cı illərdə Azərbaycan aşıq sənətinin Göyçə-Kəlbəcər, Borçalı, Şirvan, Gəncəbasar aşıq mühitlərində bir çox güclü ifaçılıq məktəbləri tarixi ənənəni ləyaqətlə davam etdirmişlər. Bunların içərisində Aşıq Şakir, Aşıq Əkbər, Aşıq Kamandar, Ədalət Nəsibov ifaçılıq məktəblərinin nüfuz dairəsini xüsusi qeyd etmək olar. Bu gün Gədəbəy, Kəlbəcər və Borçalı aşıqları tarixi ənənəni daha qaynar və canlı şəkildə qorumaqdadırlar. Yaxın keçmişə qədər öz sənət cazibələri ilə ətraf bölgələrə də güclü təsir göstərən Gəncə, Tovuz, Şamaxı, Salyan, Şəmkir, Quba, Dərbənd bölgələrində ənənənin get-gedə zəiflədiyi və tənəzzül prosesi keçirdiyi görünməkdədir. Ötən onilliklərdə sənət ənənəsinin nisbətən zəiflədiyi Naxçıvan və Lənkəran-Astarada aşıqların say artımını, hətta aşıq ansambllarının təşkilini alqışlamaq lazımdır.
   
Bölgələrdə ustad aşıqların, mədəniyyət ocaqlarının rəhbərlərinin təşkilatçılıq işindən də çox şey asılıdır. Görkəmli ustad sənətkarımız İsfəndiyar Rüstəmovun Gədəbəydə aşıq təşkilatının qurulması və istedadlı saz-söz ustalarının, eləcə də gənclərin vahid bir mərkəzdə cəmləşməsi istiqamətindəki fəaliyyəti gözəl bir nümunə sayıla bilər. Qədirşünaslıqla qeyd etməliyik ki, Gədəbəyin mənəvi-mədəni həyatındakı bu uğurlu nəticənin qazanılmasında rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Fazilə xanım Məmmədovanın da əməyi böyükdür. Yaxud, Kəlbəcər rayon mədəniyyət şöbəsinin müdiri Saday Musayevin məcburi köçkünlük ucbatından dağınıq hala gəlmiş Kəlbəcər aşıqlarının sənət və məişət həyatına həssas münasibəti təqdir olunmalıdır.
   Göyçədən olan bir el ağsaqqalı - Hüseyn Həsənov Azərbaycanın müxtəlif aşıq bölgələrindən min bir əziyyətlə topladığı eksponatlar əsasında öz evinin üç otağında “Aşıq muzeyi” yaratmışdır. Belə bir adam sözün həqiqi mənasında saz-söz qeyrətkeşidir.
   Təəssüf ki, aşıq sənətinə ögey, yabançı münasibət göstərən səlahiyyətli təşkilatlar da az deyildir. Bu gün Gəncə, Sumqayıt, Şirvan, Mingəçevir kimi iri şəhərlərimizdə aşıqlara, aşıq sənətinə qayğı arzuolunan səviyyədə deyil.
   Bu gün aşıq sənətinin qorunması və gənc nəslə öyrədilməsi sahəsində ustad sənətkarların üzərinə böyük məsuliyyət düşür. Ustad-şagird ənənəsi tarixi mənzərəsini dəyişdiyindən çox sayda dastan və havacat yükünə malik olan gənc aşıqların yetişdirilməsi xeyli dərəcədə çətinləşmişdir. Buna baxmayaraq, Ədalət Nəsibov, İsfəndiyar Rüstəmov, Mahmud Məmmədov, Xanmusa Musayev, Aslan Kosalı, Məhəmməd Sadaxlı, Şəhadət Gülməmmədov, Ələsgər Tağıyev, İdris Xınalı, Əli Quliyev, Əlixan Niftəliyev, Yanvar Bədəlov, Xalıqverdi Həmidoğlu, Əhliman Rəhimov, Mayis Gəncəli, Abbas Musaxanoğlu, Fətulla Göyçəli, Umbay Axundov və başqa ustadların bilik və bacarığından istifadə etmək lazımdır. Son illərdə aşıq sənətinə gəlmiş Altay Məmmədli, Azər Alıyev, Ağamurad İsrafilov, Dəmir Vəliyev, Qələndər Zeynalov, Azər Xanlaroğlu, Ramin Qarayev, Şöhrət Kərimov, Elbrus Hüseynov, Yaşar Gülümcanov, Vüqar Niftəliyev, Firudin Hüseynov, İlham Əsgəroğlu, Əli Tapdıqoğlu, İlham Aslanbəyli, Mehdi Məsimov, Könül Bayramova, Günel Qurbanova, Rəfiqə Göyçəli, Familə İsgəndərova, Elməddin Məmmədov, Elvin Axundov kimi istedadlı gənclərin daha da püxtələşməsinə həm ustadlar, həm də dövlət səviyyəsində diqqət və qayğı göstərilməlidir.
   Yetmiş-doxsanıncı illərdə aşıqların söz repertuarının zənginləşməsində aşıq Şəmşir, Mikayıl Azaflı, Qəmkeş Allahverdi, Məhəmməd Şıxlı, Əhməd Rüstəmov və başqa ustad aşıqlarla yanaşı Bəhmən Vətənoğlu, Sücaət, Mülkülü Həsən, Vəli Miskinli, Məftun Əziz, Rəşid Poladoğlu, Salahlı Paşa kimi istedadlı el şairləri də dəyərli iş görmüşdür. Bu gün Zəki İslam, Alqayıt Xəlilov, Əlqəmə, Şiruyə, Səadət Buta, Zöhrə Xəlili, Gülayə Şınıxlı və başqaları həmin ənənəni ləyaqətlə davam etdirirlər.
   Ötən əsrin 70-90-cı illərində Əmrah Gülməmmədov, Ədalət Nəsibov, Xanlar Məhərrəmov, Əli Quliyev, Gülabı Xındı Məmmədoğlu kimi istedadlı sənətkarların solo saz ifaçılığını sənətin xüsusi bir qolu kimi formalaşdırmaları saz ifaçılığının keyfiyyətcə yüksəlməsinə, improvizə baxımından zənginləşməsinə və ayrıca solo-saz ifaçıları nəslinin yaranmasına səbəb olmuşdur. Bu gün həmin ənənə əsasında Ədalət Dəlidağlı, Fəzail Miskinli, Nemət Qasımlı, Mübariz Əliyev, İlqar İmamverdiyev və başqa istedadlı ifaçılar uğurla tədris işi həyata keçirməkdədirlər.
   Hazırda aşıq sənətinin tədrisi işi əvvəlki dönəmlərlə müqayisədə müəyyən qədər yaxşılaşsa da, problemin köklü şəkildə həllinə və tədrisin keyfiyyətcə yeniləşdirilməsinə ehtiyac böyükdür. Təqribən qırxdan yuxarı musiqi məktəbində sazın tədrisi həyata keçirilsə də, bu iş pərakəndə və sistemsizdir. 2006-cı ildə Milli Konservatoriya tərəfindən hazırlanmış "Saz məktəbi" (Səyavuş Kərimi, Akif Quliyev, Mübariz Əliyev) kitabını Mədəniyyət və Turizm Nazirliyinin nəşr edərək musiqi məktəblərinə yayması bu boşluğun doldurulmasında dəyərli iş görmüşdür. Bununla belə, tədrisin üçpilləli təhsil sistemi, yəni ibtidai musiqi məktəbi, orta ixtisas musiqi məktəbi və ali musiqi məktəbi ardıcıllığı üzrə qurulması həyata keçirilmədən bu prosesi uğurlu saymaq olmaz. Təəssüf ki, Təhsil Nazirliyi orta ixtisas musiqi məktəblərində və Milli Konservatoriyada aşıq sənəti ixtisaslarının açılmasına laqeydlik göstərir. Mədəniyyət və İncəsənət Universitetində “Aşıq sənəti” ixtisası üzrə tədrisin başlanılması bu istiqamətin perspektivinə ümid yaradır. Lakin universitetə həmin ixtisas üzrə magistr qəbulunun verilməməsi nəticəsində bakalavr təhsilini tamamlayan aşıq-tələbələr üçün problemlər ortaya çıxır və onlar öz ixtisaslarını dəyişmək məcburiyyətində qalırlar. Zənnimizcə, aşıq sənəti də daxil olmaqla bütövlükdə musiqi mədəniyyəti, eləcə də ümumiyyətlə mədəniyyətlə bağlı ali və orta ixtisas məktəblərinin Təhsil Nazirliyində deyil, Mədəniyyət və Turizm Nazirliyində mərkəzləşməsi daha münasib olardı.
   Aşıq sənətinin təbliği, tədqiqi və nəşri sahəsində indiyə qədər həyata keçirilmiş tədbirlərin və elmi-təşkilati fəaliyyətin də keyfiyyətcə yeni bir mərhələyə daxil olması vacibdir. AzTV, İTV, Space telekanallarının və radiolarının, habelə qəzet və jurnalların son illərdə saz-söz sənəti ilə bağlı xeyli təbliği iş gördükləri ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmaqdadır. Ötən il Lider telekanalında “Ozan-aşıq müsabiqəsi”nin təşkili də sazsevərlərin ürəyincə olmuşdur. Bununla belə, bəzi televiziya kanallarının bir sıra proqramlarında aşığı, sazı ələ salan, gülüş, rişxənd obyektinə çevirən kadrlara yer verilməsi təəssüf doğurur. Bu proqramlarda Yaşar Nuri, Afaq Bəşirqızı, Valeh Kərimov kimi tanınmış sənət adamlarının saz və aşığa komik vasitə kimi müraciət etmələri milli kimlik hissi olan hər kəsi narahat edir.
   Mədəniyyət və Turizm Nazirliyi ustad aşıqların yubileylərinin və konsertlərinin təşkilinə diqqəti artırmışdır. Bu ilin əvvəlində aşıqların yaradıcılıq problemlərinin müzakirəsinə həsr olunmuş müşavirədə nazir Əbülfəs Qarayev və nazir müavini Sevda Məmmədəliyevanın aşıqların sənət və problemləri ilə yaxından maraqlanıb sistemli tədbirlərə başlamaları yeni bir dönəmin hərəkətləndiyini göstərməkdədir. Aşıqlara dövlət səviyyəsində qayğının təzahürü olaraq fəxri adlar, mükafatlar və təqaüdlər verilməsi, onların xüsusi güzəştlər əsasında tədris prosesinə cəlb olunması, sənət stajı əsasında güzəştli təqaüdün təyin edilməsi, ustad sənətkarlar və ayrı-ayrı ifaçılıq məktəbləri haqqında filmlər çəkilməsi, SD və DVD-lərin buraxılması, ozan-aşıq ensiklopediyasının yaradılması, aşıq ədəbiyyatı serial nəşrlərinin həyata keçirilməsi, Ozan-aşıq Mərkəzinin qurulması, Aşıqlar Evinin inşa olunması yəqin ki, yaxın perspektivdə gerçəkliyə çevriləcəkdir. Zənnimizcə, “Azərbaycan Respublikasının Xalq aşığı” fəxri adının təsis olunması ilə bağlı Milli Məclisə müraciət edilərsə bu təklif müsbət qarşılanacaqdır.
   UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə muğam sənətinin UNESCO tərəfindən Azərbaycan xalqına məxsus mənəvi sərvət kimi qeydə alınmasından sonra milli musiqi mədəniyyətimizin və şifahi söz sənətimizin unikal, bənzərsiz daşıyıcısı olan aşıq sənəti də sözügedən beynəlxalq təşkilatın Qeyri-maddi irs siyahısına daxil edilmişdir. Təbii ki, bu çox böyük bir hadisədir.
   Bu gün ölkəmizdə dörd yüzə, dünyada isə təqribən üç minə yaxın Azərbaycan aşığı saz-söz sənəti ilə məşğuldur. Onların sənət məişət həyatına, sosial statusuna, yaradıcılıq fəaliyyətinin inkişafına dövlət səviyyəsində qayğı və diqqət göstərilməsi gecikdirilməməlidir. Lazımi həssaslıq və çeviklik göstərə bilməsək, bu bənzərsiz sənət sahəsinin tənəzzülü qaçılmazdır.

   Prof. Məhərrəm Qasımlı