Ədalət Nəsibov o sənətkarlardandır ki, adının qarşısında heç bir titul, heç bir fəxri ad yazmağa ehtiyac yoxdur. Xalq arasında daha çox sazın simvolu kimi qəbul edilir. Açığını deyək ki, aşıq sənəti Ədalətə qədər böyük ifaçılar yetirsə də sazı quzeyli-güneyli Azərbaycana, keçmiş sovet respublikalarına tanıdan Aşıq Ədalət oldu. O, Dədə Əmrahın təkmilləşdirib polifonik alətə çevirdiyi sazın daha geniş imkanlara malik olduğunu dinləyicilərə əyani şəkildə göstərdi. Təsadüfi deyil ki, Aşıq Ədalətə və onun ifa etdiyi havacatlara yüzlərlə şeir yazılıb. Onun barəsində çoxsaylı kitablar çap edilib, filmlər çəkilib.
   

   Aşıq Ədalətin ifa etdiyi “Yanıq Kərəmi”, “Naxçıvani”, “Ruhani”, “Qaytarma”, “Kərəmköçdü” və digər havaları öz ifa manerasına görə seçilir. Ustad aşıq böyük improvizatordur. O, bir havanı mükəmməlcəsinə ifa etməklə yanaşı, həm də ona özünəməxsus gözəllik verə bilir. Odur ki, təkrar çaldığı eyni havalar biri-birinə yalnız zahirən bənzəyir. Obrazlı desək, eyni ağacı tamamilə zəngin rəng çeşidləri və bəzək aksesuarları ilə tamam fərqli görüntü halına gətirir. Aşıq Ədalətin ifalarını olduğu kimi kopiyalayıb çalan aşıqlar vardır. Ancaq onlar heç vaxt Ədalət ola bilmirlər. Çünki bu qeyri-adi insan hər dəfə ifa etdiyi havada yeni bir möcüzə kəşf etmək qüdrətindədir.
    Aşıq Ədalət həm də böyük folklor bilicisi, yaddaşında minlərlə şeir olan tükənməz xəzinədir. Onun oxumağı bəzi dinləyicilər tərəfindən çalğısı ilə müqayisədə zəif qəbul edilir. Ancaq əslində bu belə deyildir. Aşıq Ədalət çalğısı, oxumağı, şeir deməyi, dastan danışmağı, atmaca atmağı, hətta bəzən vulqar ifadələri ilə bütöv bir sənətkar, nəhəng bir tarixi simadır.
   Artıq 70 yaşı adlayan ustad sənətkar saz çalmağı atasından öyrənib. Gənc yaşlarından fitri istedadı üzə çıxlb, məclislərə dəvət alıb. Xalq şairi Səməd Vurğun onun çalğısının vurğunu olub. Eyni zamanda, bir çox böyük şəxsiyyətlər, peşəkar musiqiçilər Ədalətin ifasını möcüzə kimi dəyərləndirib, ona yüksək ehtiramla yanaşıblar.
   Ustadın yaradıcı fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Dəfələrlə yaradıcılıq gecələri təşkil olunub, xarici ölkələrdə və keçmiş sovetlər məkanında keçirilən Azərbaycan mədəniyyəti günlərində iştirak edib. O, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsüdür.
   Ədalət Nəsibov həm də “Yeddi oğul istərəm” (1970), “Aşıq Ələsgər” (1972), “Prima” (1992) filmlərinə çəkilib, barəsində “Ədalət” (1971) və “Tanrı payım, telli sazım” (2007) filmləri lentə alınıb.