Rəvayətə görə, Dədə Qorqud peyğəmbər əfəndimizin zamanında yaşamış, hətta onunla bir neçə dəfə görüşmüşdür. Diqqət etsəniz hər bir millətin peyğəmbərlə əlaqəsi olan, onunla məxsusi olaraq görüşən bir ağsaqqalı, bir başbiləni vardır. Təsadüfi deyil ki, türk xalqlarının bu ağsaqqalı həm də ozandır. Deməli hələ İslamdan əvvəlki dönəmlərdə saz - qopuz həmişə xeyir əməllərə xidmət etmiş, haqqı öymüş, nahaqqı, yamanı lənətləmişdir.
   
   Məhz bu səbəbdən sonuncu və ən mükəmməl dinin gəlişi ilk baxışdan sazandəliyin əleyhinə olsa da mahiyyət etibarı ilə haqqı öyən, insanları Allah dərgahına çağıran istənilən vasitəni qəbul etmiş, ona qucaq açmışdır. Çünki əslində bu alətlər (oxu: saz) peyğəmbər əfəndimizin dediklərini hər millətin (oxu: türk) daha aydın başa düşəcəyi bir dildə, bir az nəğməyə, bir az qımqımaya bürünmüş şəkildə insanlara daha tez çatdıra bilirdi. Təxminən Dədə Qorqudu sinəsinin sazı ilə peyğəmbərimizin türk elatları içərisindəki elçisi adlandırmaq olar. Bəlkə elə bu səbəbdəndir ki, saz heç zaman hansısa yad bir millətin iddiaçı olmadığı musiqi alətlərimizdəndir. Saz türk ellərinin simvolu, onların ədəb-ərkanı və təbii ki, həm də yaradıcılıq yoludur. Saz öz cazibəsi ətrafına bəlağətli nitq, mükəmməl obraz, dərin mənalı şeir və ibrətamiz əhvalatlar (hamısı bir yerdə dastan), təqvasına sığınan təriqət yolçuları, ehtiyac olanda isə dəli igidlər toplaya bilib. Əslində bu alətin timsalında böyük bir millətin xarakterini, taleyini, düşüncə tərzini və qabiliyyətini görmək olur. Bir əli qılıncda olan ərənlərin bir əli sazda olub. Yəni, mən cahangirəm deyə, ədəbi, ərkanı, Tanrının-peyğəmbərin yolunu unuda bilmərəm.
   Saz istər qədim, istərsə də orta əsr türk insanının mənəvi güzgüsü olub, onu Uraldan Avropaya, Afrikaya, Hindistana qədər yer üzünün əsas hissəsini işğal edəndə belə insanlıq yolundan kənarlaşmağa, var-dövlətə aldanıb şeytana uymağa qoymayıb.
   Saz zaman-zaman hökmdarlar tərəfindən böyük diqqətlə əhatə olunub. Doğrudur, dastanlarımızda haqq aşıqlarını anlamayan, hətta onlara əziyyət verən hökmdarlar, ixtiyar sahibləri olub. Ancaq bu cür insanlar sonda peşimançılıq çəkiblər. Çünki bir nəsnənin ki, məramı xeyirədir, ona zərər vermək istəyən öz cəzasını çəkəcəkdir.
   Tarixdən bizə Xətai ilə Qurbaninin dostluğu, hətta aşığın «Fələk sənnən əlləşməyə bir belə meydan ola» misrası ilə başlayan məşhur divanisinin böyük şahın, mürşidin ölümünə həsr olunduğu bəllidir. Aşıqlar çox zaman ağalardan, bəylərdən səxavət görüblər, bəzən öz ibrətamiz sözləri, ifaları ilə onları tərbiyələndiriblər, bəsirət gözlərini açıblar. Bu cür xeyirxah işlər orta əsrlərdə də - Xəstə Qasım, Tufarqanlı Abbas zamanında da, Dədə Ələsgər zamanında da olub və demək olar ki, bu gün də davam etməkdədir.
   Bildiyinz kimi, saz sənəti şifahi sənətdir. Onu nə nota köçürüblər, nə də barəsində hər hansı bir dərslik yazılıb. Əslində heç bu mümkün də deyil. Çünki saz sənəti bitkin, özünəməxsus olsa da əslində improvizə sənətidir. Böyük bəstəkar Üzeyir Hacıbəyov «Koroğlu» operasını yazanda muğam kimi saz havalarını da nota köçürmək istəyir. Bunun üçün Azərbaycanın qərb bölgəsindən iki aşıq çağırır və hər ikisinin «Misri» havasına ayrı-ayrılıqda qulaq asır. Görür ki, tamam fərqli oxumalarına baxmayaraq ikisi də möhtəşəm ifa nümayiş etdirir. Odur ki, böyük bəstəkar bu havacatları nota köçürmək fikrindən daşınır. Bəzən Ədalət Nəsibovun nə vaxtsa çaldığı bir havanı eynən kopiyalayıb ondan daha yaxşı çalanlar olur. Ancaq Ədalətin böyüklüyü ordadır ki, heç vaxt heç bir havanı təkrar çalmır və hər dəfə məqamı düşəndə özünün ən yaxşı ifasından belə yaxşı çalmağı bacarır.
   Kitabsız-dəftərsiz sazı əsrlər boyu yaşadan nə olub? Hansı güc, hansı enerji bu havacatları, bu mükəmməl şeir nümunələrini əsrlərin başı üstündən bizə ötürüb? Əlbəttə başqa cavab olmadığı üçün yenə sözümün əvvəlinə qayıdıram: saz sənətinin haqqı vəsf etməsi... Söhbət təkcə məhz irfan şeirlərindən getmir. Məsələn Dadaloğlu, Qaracaoğlan kimi sənətkarların yazdığı, daha doğrusu dediyi şeirlər irfan üzərində pərvəriş tapmayıb. Tərəkəmə, elat həyatından, ümumiyyətlə insanlıqdan bəhs edən bu şeir nümunələrində sadəcə daxili bir irfan əxlaqı var.
   Sözü nizamında demək, fikri sadə və dəqiq ifadə etmək, klassik intonasiyanın ən sanballı nöqtəsində məqam tutmaq özlüyündə artıq bir elmdir.
   Sayaçı sözlərdən, holavarlardan günümüzün Bəhmən Vətənoğlu, Sücaət, Zəlimxan Yaqub, Məstan Günər, Etimad Başkeçid kimi şairlərinəcən bu ənənə yaşayıb və təbii ki, yaşayacaq.
   Sözlə bahəm saz havacatları da əbədi yaşamaq haqqı qazanıb. Zamanımızda dastanları, şeirləri yazıya köçürüb rahatca tarixə əmanət edirik. Bəs havacatlar?! «Ruhani»ni necə qorumalı? Əlbəttə sual cavabı doğurur: necə qorunubsa elə. Zaman-zaman ustad əlindən su içə-içə ustad olmaq və estafeti gənc nəslə ötürmək... Bu gün gənc ifaçıları dinləyəndə görürsən ki, ötələrdən saz sənətini bizə miras qoyan, həm də daha da kamilləşdirərək miras qoyan Dədə Əmrahın, Hüseyn Saraclının, Xındı Məmmədin, Aşıq Kamandarın, Ədalət Nəsibovun, Aşıq Əkbərin, Aşıq Şəmşirin, Xanlar Məhərrəmovun davamçıları var. Özü də layiqli davamçıları. Bizim missiyamız isə bu sənəti yaşadıb özümüzdən sonrakı nəslə ötürməkdir.
   İndiyədək Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə bir neçə saz müsabiqəsi keçirilib. Əsasən bölgələri əhatə edən bu müsabiqələr ölkədə əməlli-başlı rezonans doğurmuşdu. Müsabiqə qaliblərinin paytaxtda təşkil olunan konsertləri isə bu maraqlı və xeyirxah təşəbbüsə düzgün düşünülmüş yekun idi.
   Mədəniyyət və Turizm Nazirliyinin bu təşəbbüsündən sonra daha bir maraqlı layihənin şahidi olduq: «Lider» telekanalında gənc aşıqların iştirakı ilə böyük bir müsabiqə keçirildi. Bu müsabiqədə bütün Azərbaycan bir neçə istedadlı gənc kəşf etdi. Məlum oldu ki, saz sənəti üçün heç də qayğılanmağa gərək yoxmuş. Bu sənət onsuz da yaşayacaq. O ki, qaldı ötənlərdən miras qalan bu qiymətli sənəti daha geniş şəkildə təbliğ etməyə, inkişafına daha çox şərait yaratmağa, bu təbii ki, vacibdir.
   Saz sənətinin UNESCO-nun irs siyahısına salınması ən dəyərli fakt kimi qiymətləndirilməlidir.
   Uzun illərdən bəri Aşıqlar Birliyinin qurultayının keçirilməməsi və bu qurum ətrafında mövcud olan intriqalar, aşıq sənətinə yaraşmayan söz-söhbətlər bu sənətin inkişafına əngəl olan əsas amillərdən idi. Ancaq bildiyiniz kimi, bir müddət öncə Mədəniyyət və Turizm Nazirliyinin yaxından dəstəyi ilə Azərbaycanın ən tanınmış, dünyaca məşhur aşıqları toplaşaraq öz qurultayını keçirdi və Xalq şairi, saz sənətinin bilicisi Zəlimxan Yaqub yekdilliklə bu qurumun sədri seçildi. Bununla da saz sənətimiz yeni bir tərəqqi mərhələsinə qədəm qoydu.
   Saz onsuz da əbədiyaşar bir alət, aşıq sənəti onsuz da bu xalqın ruhunda yaşayan bir nemətdir. Ancaq sənətin dünyada təbliği, onun bütövlükdə bir millətin, bir xalqın simvolu kimi bütün bəşəriyyətə təqdim olunması da olduqca vacibdir. Hansı ki sadaladığımız işlərin məqsədi də elə bundan ibarətdir.
   
   Şərif A.