Gəncənin ən böyük və eksponatları ilə zəngin muzeylərindən olan Nizami Gəncəvi adına Tarix-Diyarşünaslıq Muzeyi yaranmasının 85 illiyini qeyd edir. Muzeyin elmi işçiləri ilə söhbətimizdən məlum oldu ki, Tarix-Diyarşünaslıq Muzeyi 1975-ci ildən Gəncənin sonuncu xanı Cavad xanın nəticəsi İsmayıl və Adil xan Ziyadxanovların şəxsi evlərinə köçürülüb. O zaman müzey 2 şöbədən ibarət olub və burada ilk vaxtlar 500-ə yaxın eksponat saxlanılıb. Hazırda isə muzeydə müxtəlif dövrləri əks etdirən 30.000-dən artıq eksponat qorunur. Bunlardan ən qədimi Daş dövrünə aiddir. Ümumiyyətlə isə muzeyə Daş dövründən başlayaraq müasir dövrümüzə qədər tarixi, məişət, əl işləri, qədim musiqi alətləri, 12-ci əsrdə yaşayan şairlərin həyat və yaradıcılığına aid müxtəlif fotolar və eksponatlar qorunur. Vətəndaşların diqqətini çəkən eksponat isə Gəncənin zəlzələdən qabaqkı dövrü əks etdirən maketidir. Onu da bildirək ki, muzeyin fondu elmi işçilər tərəfindən daim zənginləşdirilir. Belə ki, bu ilin müvafiq zaman kəsiyində muzeyə Kür qırağından daşlaşmış Cənub filinin sümükləri, müasir dövrə aid kitab və jurnallar, ev şəraitində hazırlanmış əl işləri və başqa eksponatlar gətirilib. Muzeydə 18 eksponat zalı var ki, bunun da 10-u müasir, 8-i isə qədim dövrə aiddir. Həmçinin burada saxlanılan eksponatların 50 %-dən çoxu Gəncəbasarın tarixini, mədəniyyətini, dinini, məişətini əks etdirir. Muzəyə baxmağa gələnlərin diqqətini çəkən digər eksponat isə 16-17-ci əsrlərə aid açıq səma muzeyidir. Burada hətta qədim dövrə aid sandıq qəbir də saxlanılır. Müzeyə gələnlərin əksəriyyətini xarici turistlər, qonaqlar təşkil edir. Son vaxtlar isə bu muzeyə məktəblilər arasında da maraq artıb. Nizami Gəncəvi adına Tarix-Diyarşünaslıq Muzeyindən daha sevindirici bir xəbər isə binanın 2010-cu ildə əsaslı şəkildə təmir olunacağı məlumatıdır. Onu da əlavə edək ki, muzey təmir olunduqdan sonra ventilyasiya sistemi də qurulacaq ki, bu da eksponatların saxlanmasında mühüm rol oynayacaq.   

  Günay Asifqızı