Salyan Rayon Mərkəzi Kitabxanasında Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı Əliağa Kürçaylının yaradıcılığına həsr olunmuş “Təki sən səslə məni” adlı ədəbi-bədii gecə keçirildi.
   Tədbirdə rayon ziyalıları, icra hakimiyyətinin işçiləri, poeziyasevərlər, rayon məktəblərinin müəllim və şagird kollektivləri iştirak edirdilər.
   Mədəniyyət və Turizm Şöbəsinin müdiri Elçin Hüseynovun açdığı mərasimdə Azərbaycan poeziyasında Ə.Kürçaylı zirvəsindən danışıldı, onun dillər əzbəri olan poetikasının özəlliklərindən bəhs olundu.
   Mərasimdə çıxış edən rayon ziyalısı Qulam Sadıq, Mərkəzi Kitabxananın metodisti Rəfiqə Ağabəyovaya, mədəniyyət işçisi Yavər Cabrayılov və şair Tofiq Kərim Əliağa Kürçaylının şeiriyyətinin təbiiliyindən, şirinliyindən danışdılar. Şairin vətəninə, yurduna bağlılığından söhbət açdılar.
   Tədbirin bədii hissəsində Əliağa Kürçaylı adına 7 saylı orta məktəbin şagirdləri şairin şeirlərindən ibarət kompozisiya təqdim etdilər.
   Mərasim iştirakçıları Qulu Əsgərov adına incəsənət məktəbi şagirdlərinin ifasında Əliağa Kürçaylının sözlərinə bəstələnmiş musiqilərə də qulaq asdılar.