Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu Oğuzun Kərimli kəndinin Qazi adlanan ərazisindəki 2 saylı kurqanda apardığı qazıntılar zamanı yeni arxeoloji tapıntılar üzə çıxarıb. İnstitutun baş elmi işçisi, Şəki-Qax-Oğuz arxeoloji ekspedisiyasının rəisi Nəsib Muxtarov bildirib ki, kurqanda 12 metr uzunluğunda böyük dəfn çalası tapılıb: “Burada aşkarlanan tapıntılar təkcə Azərbaycan deyil, Qafqazın arxeologiyası üçün yenidir. Kurqanda aşkarlanan muncuqlar, əntiq əşyalar Azərbaycanın həmin dövrdə uzaq Hindistan, Çin, Aralıq dənizi hövzəsi ölkələri ilə yüksək səviyyəli əlaqə saxladığını göstərir”.
   Ekspedisiya rəisi əlavə edib ki, kurqanda tapılan nümunələr e.ə. XVI-XV əsrə aiddir: “Güman edirəm ki, biz e.ə. II minilliyin birinci yarısında mövcud olmuş Azərbaycan dövlətinin izləri ilə rastlaşmışıq. Bu nümunələrlə biz böyük bir sivilizasiyanı açırıq. Güman edirəm ki, noyabr ayında Oğuzda aparılan arxeoloji işlər yekunlaşdırıla bilər. Bununla, Azərbaycan tarixi üçün tamamilə yeni məlumatlar üzə çıxacaq”.