Azərbaycanın Lənkəran rayonunda orta əsrlərə aid daş abidə tapılıb. Daş abidə rayonun Kosalar kəndindəki Mionvo deyilən ərazidən yerli sakin Cavanşir Həsənzadə tərəfindən qazıntı aparılarkən aşkarlanıb.
   Aşkar edilən daş abidənin üzərində başında tac və ağzından od püskürən mifik heyvan fiquru əks olunub. Üzərində müxtəlif işarələr olan bu daş abidənin hündürlüyü təxminən 80 santimetr, eni 60 santimetr və çəkisi isə təqribən 60 - 80 kiloqramdır. Daş abidənin aşkar olunduğu 2 hektara yaxın torpaq sahəsini qədim kərpic hasarlar əhatə edib. Bu da ərazidə hər hansı bir qədim şəhərin və ya yaşayış məskəninin olmasına sübutdur.
   Cavanşir Həsənzadənin sözlərinə görə, Kosalar kəndindəki Mionvo deyilən ərazinin tarixi təxminən IX- X əsrlərə gedib çıxır.
   1986-cı ildə Kosalar kəndində yeraltı tunellər də aşkar olunub. Sonradan bu tunellərin kəndin 4 müxtəlif istiqamətinə getdiyi məlum olub. Həmin dövrdə kəndin başqa bir ərazisində isə bir neçə küp qəbir də tapılıb. Lakin kənd sakinləri həmin vaxt ərazidə xeyli miqdarda tarixi abidənin aşkar olunmasına baxmayaraq, oranın traktorların kotanının ağzına verilərək dağıdıldığını və əkin yeri kimi istifadə edildiyini deyirlər.
   Qeyd edək ki, tapılan daş abidə Mirzə Ağəli Əliyev adına Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib.