Ölkə Prezidentinin sərəncamına əsasən 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunması ilə bölgələrdə, o cümlədən tədris ocaqlarında müxtəlif tədbirlər keçirilir.
Mingəçevir Turizm Kollecində “Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir” adlı elmi-nəzəri konfrans təşkil edilib.
Kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov Azərbaycanda multikultural ənənələrin yaranma və inkişaf mərhələləri barədə ətraflı məlumat verib, bu ənənələrin indiki səviyyəyə yetişməsində tarixi xidmətləri olmuş ümummilli lider Heydər Əliyevin rolundan və onun layiqli davamçısı Prezident İlham Əliyevin ardıcıl və məqsədyönlü fəaliyyətindən bəhs edib.
Ardınca Mingəçevir Şəhər İcra Hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Sahib Əliyev “Multikulturalizm Azərbaycanın əsas həyat tərzidir” mövzusunda geniş məruzə ilə çıxış edib.
Konfransda pedaqoqlar - iqtisad elmləri namizədi, dosent İbrahim Əyyubov, Sevda Kərimova, Zahidə Dursunova, Tünzalə Nuriyeva, Tural Kərimov və başqalarının çıxışları dinlənilib.