Qusar rayon Mərkəzi kitabxanasının oxu zalında 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Ana dilimizi sevək-sevdirək” mövzusunda tədbir keçirilib.
Şəhər 4 saylı məktəbin müəlliməsi Aysel Ağayeva ulu öndər Heydər Əliyevin Azərbaycan dili haqqında müdrik kəlamlarını yada salıb, ana dilinin hər bir xalqın mənəvi irsinin qorunmasında və inkişaf etdirməsində mühüm rolunun olduğunu bildirib. Mərkəzi kitabxananın Uşaq şöbəsinin, Çiləgir və Bədirqala kənd kitabxana filiallarının fəal oxucuları, 4 saylı məktəbin şagirdləri ana dilinə həsr olunmuş şeirlər söyləyiblər.

* * *
Beynəlxalq Ana Dili Gününə həsr olunmuş daha bir tədbir fevralın 19-da Zaqatala rayon MKS-nin Uşaq şöbəsində təşkil edilib. Tədbir iştirakçıları əvvəlcə “Dilimiz milli sərvətimizdir” adlı sərgi ilə tanış olublar.
Ana dilimizin zənginliyindən, şirinliyindən və ecazkarlığından söz açılıb. Şagirdlərin ifasında “Biz kimik?” adlı kompozisiya nümayiş etdirilib, ədib və mütəfəkkirlərin dil haqqında kəlamları səsləndirilib.