Düşüncə sətirləri...

Göz yaşları! İnsanın qəlbindən, ruhundan yanaqlarına süzülən damlalar. Bəzən sevincdən, bəzən də kədərdən yaranır. Mən bir ürəyi, bir də göz yaşlarını tənha insanların ən yaxın dostu, sirdaşı hesab edirəm. Göz yaşları, siz qəlblərin təsəllisi, həmdəmisiniz! İnsanın dərd əlindən paralanmış qəlbi, heç bir təsəllidən ovuna bilməyən ürəyi yalnız göz yaşları süzüldükdən sonra sakitləşir, rahatlıq tapır.
Nədənsə insan qəlbini çoxlu simlərlə köklənmiş musiqi alətinə bənzədirəm. Gözlərdən axan bu damlaları isə onun pərdələrindən süzülərək simlərə axan bir sızıltı sanıram. İnsan qəlbindəki bu simlərə necə toxunulursa, bu simlər necə inildəyirsə, gözlərdən axan yaşlar da bax eləcə süzülür - bəzən sevinclə, bəzən də kədərlə. Bəlkə də elə ona görədir ki, insan sevinəndə də ağlayır, kədərlənəndə də. Qəribəliyiniz ondadır ki, siz həm sevinci, həm də kədəri ifadə edirsiniz.
İnsan doğmasını, əzizini itirəndə fəryad qoparır, ah-nalə edir. Bütün gücünü sizə verir, göz yaşları! Sanki bu fəryadı, bu acını onun qəlbindən silib təmizləməyə tələsirsiniz... Elə ki insan sakitləşir, o zaman siz də dayanırsınız. Bir kimsə dərddən ağlayanda “Qoy ağlasın, ürəyini boşaltsın”, - deyirlər. Belə misal da var: “Ürək yanmasa, gözdən yaş çıxmaz”. Demək, siz insan qəlbinin, onun ruhunun təskinliyi, rahatlığısınız.
Bu duyğularımı qələmə alanda qəlbimdə belə bir fikir də dolaşdı ki, axı su şəffaflıqdı, təmizlikdi, hər şey su ilə təmizlənir. Göz yaşları da insan qəlbindəki dərdi, kədəri yuyub təmizləyir.
Sizi qadınların ən güclü silahı da adlandırırlar, göz yaşları! Bəzən bu damlaların hərarəti qəlbini buz basmış rəhimsiz adamların könlünü isidir, keçici də olsa, onun nifrətini mərhəmətlə, sevgiylə əvəzləyir. Doğrudan da, bir damla olsanız da, sizi heç nə ilə əvəz etmək mümkün deyil...
Kövrək, ağlağan insanlara “Gözünün yaşı ovcundadır”, - deyirlər. Ağlaya bilməyən insanları isə “daşürəkli” adlandırırlar. Amma ağlamayan insanların göz yaşları bəzən gözlərindən yanaqlarına yox, qəlbinə axır. Onda bu yaşlar insanın qəlbini yandırır, parçalayır. Bu zaman insan ovunmur, sakitləşmir, əksinə, dərdi daha da böyüyür, çoxalır...
Bəzən insan öz peşmanlığını göz yaşları ilə büruzə verir. Onda siz həmin insanın bağışlanması üçün onun utancaq gözlərindən elə hey axdıqca axırsınız. Sanasan siz o adamın vicdan əzabını ətrafına bildirməyə çalışırsınız...
Göz yaşları! Bəzən sizə görə bağışlanması mümkün olmayan günahların belə üstündən keçirlər. Sən necə bir möcüzəsən ki, ən ağır cinayətlərin, ən günahkar adamların amansız günahları sən süzülən zaman bağışlanır. Göz yaşları yeri gələndə günah da yuyarmış, İlahi! Bu kiçicik şəffaf damlanın qüdrətinə, gücünə bax!
İnsan dünyaya göz açdığı andan ölənə qədər ağlayır. Bəzən kədərdən, bəzən də sevincdən. Dünyadan köçən insanı da göz yaşları ilə yola salırlar. Amma kaş insanda elə bir güc, elə bir qüvvə olaydı ki, ancaq sevinc, fərəh dolu göz yaşları axıda biləydi.

Məryəm Əliyeva
Kürdəmir rayon MKS-nin metodika-biblioqrafiya şöbəsinin baş biblioqrafı